Ağdamlılara kalan maya lazımdır - Qarabağın ağ damlıları...

Ağdamda hansı qohumunun qapısını açsan, bir çəpər toyuğu kəsəcəkdi, çığırtma hazır olanadək nərddə səni udacaqdı, sonra da “ə, qalalılar nə bilir nərd nədir, zər nədir...” deyib, güləcəkdi..

Ağdamı Şuşa qədər bilirəm desəm, inanmanız lazım. Çünki anamın vətənidir Ağdam. Böyük bibimin (qarabağlılar adətən, atanın bacısına mama deyir) gəlin olduğu yurddur Ağdam. Kənddəki xalamuşaqları da daxil, 9 bibiuşağının ayrı-ayrı evi olmuş şəhərdir Ağdam.
Ağdamın, yalan olmasın, yarısının Şuşa qalası ilə qohumluq bağı vardı, Qalada da ağdamlılar çox idi. O qədər ağdamlı tanıyıram ki, doğum yeri pasportunda Şuşadır. Ağdamda doğulan şuşalılar da var.

Bizim aramızdakı 37 kilometrlik məsafə simvolik idi, yay-qış ağdamlılar şuşalıların xeyir-şərində, şuşalılar ağdamlıların hüzründə, toyunda... Şuşada son vaxtlaradək mürdəşir yox idi, məscidlər Ağdamdan fərqli olaraq bağlı idi. Ona görə mürdəşiri mütləq Ağdamdan gətirmək lazım gəlirdi, hətta ağır məclislər olanda mollanı da.

Ağdama əsas şəkil bu.jpg (297 KB)

Ağdamda and içmək bir az dəb idi, Şuşada yox... Ağdamda Seyid Lazım Ağanın cəddi ən ağır and yeri idi, o yanası yox idi. Şuşada Seyid Sadıq ən ağır sözlü kişilərdən sayılırdı və onun qapısına nəzir aparardılar. Bizim evə yaxın olardı deyə, mən də anamla çox getmişəm. Nurani bir kişi idi. Evə daxil olan kimi zəhmi yox, nuru adama təsir edirdi. Başını sığallayardı, səni dindirərdi. Şuşada son illər bir hadisə olmuşdu, camaat milisə hücum etmişdi. Camaatın qarşısına o kişini çıxardılar, hamı bir kəlmə artıq söz etmədən evinə dağılışdı. Belə möcüzəli kişilər vardı həm Ağdamda, həm Şuşada...

Ağdamda acanda Şuşada məşhur “Qala” pavliyonunda xəngələ çatmaq 30 dəqiqənin işi idi. Ağdama gedəndə isə günorta yeməyinin dərdini çəkməzdin, hansı qohumunun qapısını açsan, bir çəpər toyuğu kəsəcəkdi, çıgırtma hazır olanadək nərddə səni udacaqdı, sonra da “ə, qalalılar nə bilir nərd nədir, zər nədir...” deyib güləcəkdi...

Ağdama gedəndə (hərdən dərsdən qaçıb gedərdik) sinif yoldaşlarımı xalamgilə aparardım. Biz ora çatanda xalamın təndirindən isti çörək çıxmış olardı. Qəfil qonaq sevən idi ağdamlılar. Niyə? Çünki həyətdə hər şey vardı: toyuq-cücə, xiyar-pomidor, kartof-soğan, göy-göyərti, lobya, badımcan, hər cür meyvə... Tut ağacının dibində sənə elə bil süfrə açardılar ki, gəl görəsən. Bazara get nədir, dükana qaç nədir? Hər şey evdə hazır.

1502860149314048205_1000x669.jpg (108 KB)

Ağdamın meyvələrindən doymaq olmazdı. Şuşada həyətimizdə olmayan bütün meyvələrdən gəlib Ağdamda ağacdan yeyərdik. Qayıdanda da vedrə-vedrə mürəbəllik pay qoyardılar.

Ağdamlılar şuşalılara şəhərli kimi baxardılar, ən azı anamgilin kəndində belə idi. Bizi qoruyardılar- istidən, itdən, atdan, uzunqulaqdan, hətta arılardan...”Şəhərdən gəliblər” deyərdilər. Bu sözdə yadlıq yox idi, əksinə, adama xoş gələn doğmalıq, istilik vardı.

Ağdam toyları fısqırıq olardı. O toylarda da bizi daha çox qoruyardılar. Toyda adətən, dava düşərdi, elə bil hamı bilirdi ki, dava olacaq. Şuşa toylarında heç görmədiyimiz “fərraş”ı Ağdam toylarında görmək bir ayrı maraq idi. Əlində çomaq toyun əvvəlindən axırınadək ortadan çıxmazdı. Amma ara qarışanda elə bil toz-tozanaq qopardı ki, “fərraş” kim, “cəllad” kimi ayırmaq olmazdı. Kənd toylarındakı davaları yaxşı xatırlayıram, dava başladığı kimi tez də bitərdi. Ağdam toylarında davanın öz ləzzəti vardı.

Ağdamlılar yaxşı yaşamağı sevərdilər. Bibim oğlu bir dəfə xəngəlxanada qalalıların yanında “Malbro” siqaretini atır ortaya. Qaz balonu maşını sürərdi, o vaxt yaxşı qazanclı işi sayılardı. Xəngəlxananın müdiri də bunu yaxşı tanıyır. Deyir, “bəs mən bu boyda obyekt işlədirəm, “Kosmos” çəkirəm, sən isə qaz maşını sürüb “Malbro” çəkirsən”. Bunu necə zarafata tuturlarsa, hirslənib bir neçə qırmızı onluq cırır. Ağdamlılarla şuşalıların zarafatı heç bitməzdi, heç bitmədi ki...

Ağdam bazarı bir ayrı dünya olub, bunu bilməyən yoxdur. Zarafat vardı ki, bəs Ağdam bazarında axtarsan, piştaxta altından “atom bombası” da taparsan. Universitetə qəbul olunanda bir topa pulla getmişdim bazara. Xalam oğlu dedi ki, birgə gedək, nə olar-nə olmaz. Getdik. Yuqoslaviya ayaqqıbısı, kostyum, köynək, hamısı ən yaxşısından. Ona görə 1-ci kursda hamı əvvəl elə bilmişdi ki, ağdamlıyam. Ağdamlılar yaxşı geyiməyi xoşlayan adamlar idi axı...

images.jpg (8 KB)

Ağdamda son illər o qədər dəbdəbəli evlər tikilmişdi ki...”Kişinin yaxşı evi olar” deyimi yəqin ağdamlıların kəşfidir. Ev tikməyi xoşlayan adam idi ağdamlılar. Ağ dəmirə qadağa vardı, məsələn, Şuşada evimizin Ağdamdan alınan ağ dəmirini məcbur qalıb rənglətdik. Ağdamda isə belə qaydalar ya yox idi, ya da əməl etmirdilər. Ağ dəmirin dəb vaxtı, Ağdam bir də belə ağ dam olmuşdu.

...Ağdam xarabalıqlarına getməmişəm. Gedənlərin təəssüratı ağırdır. Dostumuz Qadir İbrahimli dünən Ağdama səfər edənlərin arasında olub. Deyir, hələ özümə gələ bilməmişəm. Bu heç Ağdamın yaxşı vaxtını görməyib, amma bu cür təsirlənib, gör, Aqil Abbas nə çəkir o zaman.
Ağdamı tikəcəklər. Dövlət dəstək verəcək, ağdamlılar tikəcək. Bacarıqlı, işlək, iş görən, fərasətlidir ağdamlılar.

Amma qalalılığıma salıb deyim ki, bu illərdə bir az kasıblayıblar, mayadan nə qədər yemək olar? Ağdamlılara, məncə, kalan maya lazımdı. Ver, gör nə cənnət yaradırlar. İnşallah...

Nazim SABİROĞLU

Xudaferin.eu

11:10