Ağasadıq Gəraybəylinin xatirəsi anılıb

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli sənətkar, xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyi qeyd edilib.

Şüvəlan qəsəbə Mədəniyyət evində təşkil olunan tədbirdə Xalq Artisti Rafiq Əzimov, görkəmli kinoşünas Aydın Kazımzadə və başqaları qüdrətli sənətkarın həyat və yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Üzeyir Hacıbəylinin qayğısı sayəsində sənətə gələn böyük sənətkar 200-dən çox müxtəlif rollarda çıxış edib, müxtəlif obrazlar yaradıb. O, Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. O, 1940-cı ildə Azərbaycan SSR-nin Xalq Artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm kişi və digər yaddaqalan obrazlar yaradıb.

Tədbir zamanı Ağasadıq Gəraybəylinin kino və teatrda ifa etdiyi obrazlardan parçalar ekranda nümayiş olunub. Sonda Ağasadıq Gəraybəylinin nəvəsi Gəray Gəraybəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib.

Xudaferin.eu

07:01