AĞAMALI SADİQ ƏFƏNDİ: İ N C Ə D Ə R Ə S İ

Ağac kökündən, dəniz cayından, cay bulağından başlanır. Mən özüm hardan başlanıram? Bir halda ki, özümü yazıram, demeli, öz başlanğıcımı tapıb, ordan başlamalıyam: -Sən ey göylərində qoç Koroğlunun ruhu dolanan atam yurdu, ağ saclı İncə dərəsi, özün mənə kömək ol! Bə and olsun Vətən yolunda şəhid olan ərənlərin müqəddəs ruhuna ki, budur, ürəyimə hərarət, qoluma qüvvət gəldi. Ən çətin anlarımda mən, məni bu dünyaya, bu dünyanı mənə bəxş eləyən atam yurdu ağ saçlı İncə dərəsinin adını çəkib, ayağa qalxmışamam. Heç yolunuz düşübmü İncə dərəsinə? O dağların bənövşəli qoynunda köhlən atları kişnəyən, qurdağız oğulları güləşən, qayaları kövrələn, binələri seyrələn görüb, unudub əynindəki ütülü şalvar-pencəyi, üzü üstə çöküb qara torpağa hönkür-hönkür ağlamısınızmı? Burnunuza torpaq ətri dəyirkən torpaq ana laylası qoxuyubmu? Torpaq üçün ölməyin necə böyük səadət olduğunu özünüz öz mahiyyətinizdə dərk edə bilmisinizmi? Sən bir bu kəndin içiylə uzanıb gedən naxışlı qəbir daşlarına, bu daşların üsdündəki insan adlarına bax; Dəli Alı (görən , o Dəli Alı deyil ki?!), Qannı Əhməd, Qara Səməd, Kəloğlu, Qaranər, Qara Nəbi... Mənim başlanğıcım bu qəbirlərdi. Mənimçün Azərbaycan elə burdan başlanır. Canında bir qeyrət varsa, əgər bu torpağın balasısansa, qulağını bu daşlara söykə, qulağına yalın qılıncların toqquşması, Koroğlu nərəsi, kəl heykirtisi gələcək, ciyərin od tutub yanacaq və bu zaman çevrilib sudan gələn çiyni sənəkli bir incəli sonasından “yandım” deyib su diləsən, allaha and olsun ki, belə br cavab alacaqsan: “Torpaq yan deyənə su neylər, igid üzünü çevir o dağlara, bir bayatı çək, qoy ciyərimiz qoşa yansın. ” O gündən mütləq saz çalacaqsan, barmaqların pərdəyə, dilin sözə yatacaq. Bir də başını qaldırıb görəcəksən ki, Xəstə Qasımı, Ələsgəri əzbər bilirsən.

İncə dərəsi Azərbaycanın qədim qəzalarından olan Qazaxdan xeyli aralı, başı bəyaz şallı dağların ətəyində yerləşir. Bu dərə üç böyük kəndi – Asdanbəylini, Qaymaxlını və Kəmərlini özündə birləşdirir. Sağ ciyninə İber, sol çiyninə Ərmən torpaqları söykənir. Bahar gələndə bu yerlərdə gül gülü çağırır, çiçək çiçəyi. İncə dağlarının qüzeyində quzular mələşər, ğüneyində bulaqlar söyləşər, ətəyində ərənlər güləşər. Və bu üç kəndin camaatı elə İncə dərəsindən aralanan kimi dönüb olarlar ancaq və ancaq incəli. Ta hansı kənddən, hansı məhəllədən olduğunu xırdalamağa ehtiyac qalmır. Artıq sən Kəsəmənli qaçaq Kərəmin Kürün o tayından mənzil sürə-sürə gəlib kürək söykədiyin İncəli İsmayılın torpağındasan, vəssalam. Bununla da Qazağın içində məkan məsələsi həll olunur.

İncə dərəsi Azərbaycanın ən qədim adət və ənənələrini indiyə qədər qoruyub yaşada bilən, əsrin bu təkamül dövründə qara zurnalı klarnetin, telli sazla tarı- kitaranın, yallını- hopstropun üstələdiyi bir dövrdə bir məclisi də sazsız. Zurnasız keçməyən, əsrin ötəri oyunbazlıqlarına baş əyməyən minillik palıd ağacına bənzər. Bu kənd dəmir yolundan, vağzaldan, asfaltdan, bazardan, alverdən, bir sözlə dünyanın bütün bicliklərindən aralı ağır bir el, yatmış bir pələngdir. İncəlilərin məşğuliyyeti yurd salmaq, ev tikməsi, saz çalmaq, söz qoşmaq, at oynatmaq, küştü tutmaq və bir də torpaq qayğısı, torpaq qeyrəti çəkməkdən ibarətdir. Qazaxda başı papaqlı, çiyni yapıncılı, yaxud əli sazlı, gözlərinin məhəbbət damarları bir azca göyərmiş bir adam görəndə ən əvvəl deyirlər:- İncəlidi. Lakin heç kim incəliyə deyə bilməz ki, ayə, səni filan bazarda göy satan , yaxud filan yerdə qumar oynayan gördüm.

İlk dəfə ruhunu tərpədən nəğmə və ilk dəfə eşitdiyin nalə ömürlük sənin yaddaşına həkk olub qalır və bütün ömrün boyu səni izləyir. Mənim qulağımda çox nəğmələr var; İncə çayının zümzüməsi, aylı gecələrdə alaçıqda dovşan kimi bir-birinin qoynunda yatışan nəfəsi süd qoxulu körpələrin mışıltısı, yarpaqların pıçıltısı, Sona inəyi eydirə-eydirə sağan mələk təbiətli Mələk nənənin təkdənbir pəsdən- pəsdən dediyi qımqımılar və sair və ilaxır. Lakin bir nəğmə (buna nəğməmi deyim, naləmi?!) mənim uşaq ruhumu elə tərpədib ki, hərdən o nəğməyə qulaq asmaq üçün ürəyim gedir. Gecənin qəribliyində yetim-yetim ötən anadillərin nəğməsi. İlahi, bu səsdə nələr var?! Elə bil bu quşcuğaz dil-dil ötüb bu dünyanı yetim qoymaq istəyənlərə yalvarır. Mənə elə gəlir ki, İncə dərəsinin anadilləri dünyanın bütün anadillərindən daha yanıqlı oxuyurlar. Oxumurlar, alışıb əriyirlər, yanıb külə dönürlər. Nənəm Mələk qarı deyərdi ki, bu quşlar səhərə yaxın üzü Qarsa sarı uçub qeyb olur, bir də ay doğanda qayıdıb İncə dərəsinin davalarda sinədn vurulmuş əryən oğulları üçün göz yaşı töküb ağlayırlar.

Davalar deyəndə hansı davaları nəzərdə tuturmuş Mələk qarı. Böyük vətən müharibəsindən yüzlərlə incəli qayıtmadı. “Apardılar uşaqları, qaytarmadılar”- deyərdi qarı. Ancaq nənəm dava sözünü cəm şəklində işlədərdi. Bu davalar ağbirçək bir türk qadını üçün əsrlərin arxasından, qarının özünün yaşından çox-çox qabaq başlanmışdı, şübhəsiz və bitib tükənmirdi. Qarı bağışlaya bilmirdi düşmənlərini. Bu düşmənlər kim idi? 30 -cu illərdə cildini dəyişib “kişiləşən” kəndin igid oğullarını “qolçomaq” , “qaçaq-quldur” adı altında güdaza verənlər. Nənəm bağışlaya bilməzdi bu adamları, heç vaxt. Heç o dünyada da bağışlamayıb yeqin. Ömrü boyu namaz qılan, vaxtaşırı hacı Əfəndinin göy türbəsini ziyarət eləyən bu ağzıdualı qadın yeri gəlsə adam öldürə bilərdi, yurd üçün, namus üçün.

Kiçik oğlunun adını Ması qoymuşdu nənəm. Ması nə demək idi, bilmirdik, daha doğrusu, fərqinə varmırdıq. İncəlinin adı sonradan yaranır onsuz da. Özü deyərdi ki, sinəsindən vurulmuş Şıxlı balasıdı Ması. Qarabayramında Masının anasını yaman dil deyib ağlayan görübmüş nənəm. Özünün sonbeşiyinində adını Ması qoyub, qoy kökünü, keçmişini yaxşı tanısın, deyib.

Yazılası şeylər çoxdu İncə dərəsində. Yaraları da coxdu incəlinin. Baxmayaraq ki, Zaqafqaziyanın ilk pedaqoq alimi incəlidi, camaatın başı elmə, maarifə qarışanda incəlilərin məşğuliyyəti torpaq üçün candan keçmək olub.

Çox insafsızcasına mənim qələm “yoldaşlarım” (adlarını çəkməyi özümə sığışdırmıram) bəzən İncə dərəsinin adına böhtanlar da yazırlar. Elə bilirlər, incəlilər kitab zad oxumur. Ancaq bir vaxt incəlilərin hayına hay verən bir qələm əhlinə rast gəlmədim.

Azərbaycanda titullu yazıçılar, şairlər çoxdu, allah bir az da bol eləsin. Ancaq nə deyirsiz deyin, ordenli, medallı şair görəndə incəlinin başından ağrı qalxır. Bəlkə də ona görədir ki, mənim şair qardaşım, Asdan bəyin xələflərindən olan Məmməd İlqar göz yaşlarıyla götürüb belə yazır:
 

Araz axır, addamağa gəmi yox,

Araz oxur, pərdəsi yox, simi yox.

Gülənlərin qayğısı yox, qəmi yox,

Güləmmirəm, İncə dərəm, incimə!
 

Özünütəsdiqə ehtirası güclü olan qələm əhlinin məsuliyyəti də güclü olmalıdır və hələ İncə dərəsinin paytaxtda yaşayan vicdanlı şair oğullarından Avdı Qoşqarı, Məmməd İlqarı, Akif Səmədi, Mahmud Vəlini çap olunmaq xatirunə redaksiyaların qabağında boynubükən görən olmayıb.

Hər tarix tikəsi Azərbaycan xalqının adına yaraşan İncə dərəsinin geniş tədqiqata ehtiyacı var. Buradakı qədim tayfa adları: Qazağallar, Məliklilər, Göyyolçular, Dəllər, Durmuşdular, Qafçılar, Şaddıxlılar – aparıb bizi Dədə Qorqud dövrüylə qarşı-qarşıya qoyur. Məşhur Xan bağı, Alban abidəsi, ehtimal olunan Qara Nərin qəbri, Ağoğlan qalası, Asdanbəylinin ətəyində tapılan tək məzar, qədim türk toponimlərini xatırladan (Qayı) Qay(ı)m-ax-lı kəndi, bugünkü orfoqrafiya lüğətimizdə rast gəlmədiyimiz sözlər – sakkar, məməköy, ağsoğlağı, sığır, sırsıra, sarf, sevərmək, süysün, və s. kimi arxaizmlər buradakı məskunların cox qədim tarixə malik olduqlarına dəlalət edir.

İncəliləri sazla-sözlə heyrətləndirmək müşkül işdi. Burada uşağı vurmurlar ki, ağlayanda “Dilqəmi” üstə ağlayacaq. İncəlilər demişkən, hər kolun dibində bir aşıq yatır, ancaq hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz: Aşığımın varıydı, qardaş, Cəlal fələyin könlünə yatdı.(Aşıq Avdının da)*, qocaldı, səsi batdı, qaldı Sadıx, Yəhya, bir də Kərəm, onları da get özün oxut, gör aşıqdılarmı? Bir incəlidən Aşıq Kərəmin evini soraqlaşanda eşitdiyim sözlərdi.

İncə dərəsində, ümumiyyətlə, Qazaxda qonşu heyvanına ulax deyirlər. Sözümün canı var. Deyir: “Çoxdanın sözüdü – deyir – rəhmətlik Söylü qarı bir dəfə dükandan un alıb tökür ala xurcuna, aşırır zunqulağın belinə, bir kisə də üstəlik qoyub düzəlir yola, Bir xeyli keçmiş heyvan qanrılıb girir palçığın içinə, yekün altında yatır. Qarı əlini atır ki, heyvanın quyruğundan yapışıb qaldırsın, görür, heyvanın quyruğu yoxdu. Əlacı kəsilir, gündoğana qayıdır ki:
 

Ey hax!

Bir bəri bax,

Onda vermişdin bir böyük ulax,

İndi də verifsən bir uzunqulax,

Onun da quyruğu yoxdu tutax,

qaldırax.

Bə indi nağayrax, ay rəhim yiyəsi.
 

Hə... belə, şəhərli qağa, - Əddəm deer ki, Söylü qarı danışanda da bayatıynan danışerdi, bircə o televizoru gətirib bu qarıyı çəkmədiniz, hayıf.” Bu da 14 yaçlı bir incəlinin sözləridi, maqnitofonumda indi də qalır. Adını soruşdum, dedi adımı neynirsən, ma burda qaradöş deyillər, odey, öyümüz də o yalın başında, ağuşkası da bizə sarı baxıb göz eller, deer o şəhərrini bəri fırrat, qonaxsız darıxmışam.

İncə dərəsi, belə incə dərəsidi. İndi gəl burda cəsarət elə, əlinə saz götür, adına aşıq de.

SÖZGƏLİŞİ:
 

Sarvanıyam qəm köçünün,

Yolumda duman yatıbdı.

İçirəm şəbi- hicrini,

Sinəmdə ümman yatıbdı.

Bir diləkdi varım – yoxum,

O dərd verib, gəlmir yuxum.

Kəsmir qılınc, atmır oxum,

Qolumda kaman yatıbdı.
 

“İncəli Cəlilin sözləridi, qardaş qadan alımməndən yazıb eləmə, gəlmişkən o kişinin sözlərini yığ, apar, itib batmasın, həm ruhu şad olar, həm elin adınadı.”

Bu da aşıq Kərəm İncəlinin dedikləridi. Ondan yazmağa getmişdim, oda kövrələ-kövrələ, yana- yana belə dedi.
 

OZÜMÜ OXUYURAM, ATAM!
 

Sual vermədim ona, demədim o nə sözdü, Aşıq Kərəm, necə yəni özümü oxuyuram. Bu haları sənə oxuyub oyrədiblər, elin havalarıdı bu havalar. Tarixin o başından oxuya-oxuya gətirib bizə verib gediblər və bir gün oxuya-oxuya yenə qayıdıb gələcəklər bu dünyaya. Yox sualın yeri deyildi. Kərəm oxuyurdu, öz dəsti xəttiylə taleyimizi oxuyurdu, bu səs Kərəmin içərisindən püskürüb gəlirdi, kibrit çəksən, Kərəmin nəfəsi alışıb yanardı, vallah.

-Mən aşıq Kamandarın şəyirdiyəm, -dedi, - qardaş. Bir vaxt mene bala Kamandar deyirdilər, indi İncəli Kərəm deyirlər. Bir məclisdə gözümü yumub oxumuşdum. İncəli aşıq Cəlalı torpağa tapşırandan sonra ilk dəfəydi oxuyurdum. Bir də başımı qaldırıb gördüm, məclis ağlayır, onda bildim, aşıq elindi, ürəyim varaq-varaq oldu, qayıdıb bir “Misri” oxudum :
 

Duman gəlib bu dağları bürüsə,

Qılınclar pas atıb, qında çürüsə,

Rum, İstambul, Misir tamam yerisə,

Tək qabaqda duran qoç Koroğludu.
 

Bu dəfə başımı qaldıranda gördüm məclis Koroğlunundu. Kimin əlinə qılınc versən, Koroğludu ki, var. O gündən mənə incəli Aşıq Kərəm deyirlər.

ATÜSTÜ

Dağlar, vüqarlı dağlar, heç bilməzsən kürəyində nə çəkir. Döşündə gül-çiçə bitər, belində yel əsər dağların. Boynubükük bənövşələrin başı üstə şaxbudaqlı palıdlar kürəyini ildırıma verər, qopub düşər, o biri palıdın çiyninə, ayağı yerdən üzülməz, qardaşının çiynində qamətini düzəldib təzədən bu dünyaya gələr.
 

Quş quşa məhrəmdi, çiçək çiçəyə,

Çiçək adam deyil, quş adam deyil.

Daş daşa söykənib, ağac ağaca,

Ağac adam deyil, daş adam deyil.
 

İnsan hələ təbiət qədər zəngin, təbiət qədər zəngin, təbiət qədər səxavətli ola bilməyib. Bu dağların bənövşəli qoynunda Aşıq Kərəmin dövran elədiyi bir məclisdə, lopabığlı, ağ yapıncılı bir İncəli çoban birdən məndən xahiş elədi ki, bir şer deyim. Əlim –ayağım yerdən üzüldü. Bütün yazdıqlarım təbiətin sirli –sehirli zənginliyi içərisində bir heç kimi göründü. Bu vaxt hardasa bir cüyür mələdi, Qılıckəndin güneyindən başqa cüyür səsinə səs verdi, dalınca bağlı dilim açıldı,- mənim yerimə şer oxudular, dedim, igid. Coban gülümsündü, razılıq əlaməti olaraq başını tərpətdi və qurşağından sıyırdığı şümşadı üzü dağlara çevirib bir atüstü çaldı. Özü də necə çaldı. Çala-çala ayağa qalxıb Aşıq Kərəmlə çiyin -çiyinə dayandı və Kərəm elə bir atüstü çəkdi ki, elə bil yumruğunu çıxıb bu dağlara axırıncı sözünü deyirdi.
 

Ordubada,

Yol gedir Ordubada,

Qoşunda sərkər gərək (öyünü yıxan)

Verməsin ordu bada.
 

Damarda qanım qaynayırdı. Hiss eləyirdim ki, mən də bu torpağın oğluyam. Bu palıdlardan qopan olsa çiynimdə saxlaram, billah.
 

ÖN YARPAQ
 

- Lələm, o nədi o dağın başında, gözümün tovşuğunu apardı.

- Günəşdi, dərdin alım, bizim İncə dərəsində gecələyən Oğuz günəşidi,

başını qaldırıb bu dünyaya baxır.

- O günəş niyə belə böyük görünür, lələm!

- Günəş həmin günəşdi, dərdin alım, gözün böyüyüb, məclis Kərəm məclisi,

meydan Oğuz meydanıydı, başını qaldır, göylərə bax!

- Ciyərim yandı, lələm, bircə dolça su!

- Torpaq yan deyənə su neylər, oğul necə ki, canımızda can, sinəmizdə saz

var, yanmalıyıq, növbə sənindi, çevir üzünü o dağlara, bir bayatı çək, qoy bağrımız yansın.

- O kimdi, lələm, o gözü yaşdı, çiyni daşdı, kimdi elə?

- Aşıq Cəlal İncəlidi, dərdin alım, məzar daşını çiyninə götürüb, Kərəm

meydanına gəlir.
 

SON YARPAQ
 

Mənim elim –obam, başımın tacı, gözümün işığı Vətən. Səni cox tərifləyiblər.

Tərifləyə-tərifləyə susdurublar. Susdura-susdura dilsiz –ağızsız eləyiblər. Vəzifə düşkünləri, qadın hərisləri, kökü –soyu məlum olmayan “...lılar” xalqın cibinə girə-girə böyüyüb artanlar, cox saymaq olar, onların sənə, sənin onlara dəxlin yoxdur. Sən bütövsən, bölünməzsən, bütövlərin və bölünməzlərinsən. Başın dağdı, ayağın dərya.
 

EL YAYLAQDAN KÖÇƏNDƏ
 

Köç vədəsi gələndə

Yal –yamaclar solardı.

Dəyişərdi oymaqlar,

Bir qiyamət olardı.

Yurdda dəyə çubuğu,

Ocaq yeri qalardı.

Gözlərimiz dolardı,

El yaylaqdan köçəndə.

(İncəli İbrahim)

Canım. ay dağlar, nə qələm yazar, nə kağız tutar səni. Bir hay ver hayımıza, tut əlimizdən qaldırbizi göylərə, qoy görünsün dağların gədikləri, təzələnsin köhnə yaralarımız. O tərəfdən, Borçalı çəkəyindən Saraclı Söyünün (özüm Hüseyn yazmadım) ruhu dumanlara qarışıb dağ yuxarı sürünsün, qocaman Aşıq Avdının yaşı qurumuş gözlərinə yaş gəlsin. Əyilmiş başımı qaraca sazın köksünə söykəyib elə bir “Yurd yeri ” çalsın ki, bu qara daşlar dilə gəlsin. Quyruq doğandan (bəlkə də donandan) sonra başlanardı İncəlinin aran köçü. Gözlərimiz yurd yerində qalardı, elə bil anamızdan ayrılardıq. Elə bil bu dağlar doğmuşdu bizi. Elə bil sümüyümüzə dammışdı ki, bir də bizi bu dağlara, bu meşələrə buraxmayacaqlar. Xurcunlar gözənərdi, farmaşlar tökülər, qız- gəlin bəzənərdi. Dağ kürəkli çobanlar naxışlı dolaq bağlar, təzə kalmanı geyər, gümüş kəmər qurşardılar. Örüşündən ayrıldığını duyan alma gözlü, qız birçəkli, kəhər at ala orəşmədə cövlan eləyib kişnərdi. İnək-davar, qoyun- quzu bir-birinə qarışardı, bir hay-haray düşərdi ki, gəl görəsən. Çətən kəsən kim, ulaq alıqlayan kim, nehrə çalxayan kim, palaz bükən kim, motal basan kim, donuz döyən kim... Allah, allah nə qayğısız, nə şən keçən günlərin var idi. Yetim idim mən, atalı-analı yetim və indi o yetimçilikin burnumun ucu göynəyir. Ölürəm analığımın yağlı qapazlarından ötrü, “dədə” deyib arana, “ana” deyib yaylağa qaçan günlərim oleydi.

Bu yazını kim çap eləyəcək bilmirəm, nə yazıram axı mən, süjetsiz-filansız fikir, xəyal çəkib aparır məni, rabitəsiz danışmağa başlamışam. Bilmirəm yaşdandı, ya sümüyümə nəsə damıb. Sizdən nə gizli, hər dəfə İncə dərəsindən ayrılanda mənə elə gəlir ki, bu yerlərə bir də qayıtmayacağam. Axırıncı dəfə dağlarımızdan ayrılanda da sümüyümə dammışdı ki, bu təmtəraqla bu yüelərə bir də güzarım düşməyəcək və düşmədi. Qayıdanda eli oturaq gördüm. Nə kəhər at var idi, nə sona inək, nə də heykəl buğa. Aran köçünün vaxtıydı. Köç yolu ilə üzüyüxarı “Jiquli” şütüyürdü. Yolun qırağına sözlər yazılmışdı, oxuya bilmirdim. Dağlar tövşüyürdü, mən hönkürürdüm; anam, ay dağlar!

 

22:00