Ağ Ev qarşısında dünyanın Suriya böhranına biganə qalmasına etiraz edildi

Amerika Birləşmiş Ştatlarında  Ağ Ev qarşısında toplanan nümayişçilər, dünyanın Suriya böhranına biganə qalmasına etiraz etdi. Tam altı ildir ki, vətəndaşlar öldürülür, şəhərlər bombalanır. Bir ölkə, bir millət, bir mədəniyyət, yox edilir. Qatillərin son hədəfi Hələbdir. Şəhər yerlə yeksan edilir, canilər yeni qətliamlar törədir. Təəssüf ki, altı ildə olduğu kimi, dünya bu cinayətə yenə səssiz qalır, yenə görməzdən gəlməyə davam edir. BMT-yə  ev sahibliyi edən Amerika Birləşmiş Ştatları Suriya böhranına çarə olmadığı üçün tənqid olunur.

ABŞ prezidenti Barak Obama Ağ Evdə ilin son mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Ağ Evin qarşısında etiraz aksiyası keçirildi. Barak Obama: "Öldürülən insanların məsuliyyəti üzərimdədir" desə də, aksiyada bu cümlənin əks-sədası olmadı. Günahsız insanların fəryadlarının Washington küçələrində eşidilməsi üçün bir araya gələn nümayişçilər, insanların vicdanına müraciət etdilər. Ağ Ev qarşısında toplaşanlar üçün Suriyada yaşanan acıları ifadə edən qısa bir tamaşa  göstərildi.
Bu arada, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama tətilə çıxmazdan əvvəl keçirdiyi mətbuat konfransında Suriya böhranına dair açıqlamalar verdi. Barak Obama prezidentliyi ərzində ən çətinlik çəkdiyi mövzunun Suriya olduğunu bildirərək, bu yöndə  yürütdüyü siyasətin doğruluğunu müdafiə etdi. Bir çox siyasi ekspert Barak Obamanın prezidentliyi ərzində ən uğursuz məsələnin Suriya siyasəti olduğunu qeyd edir.

Xudaferin.eu

12:29