Adsız şeirlərində ruhunun adı

Hədiyyə Şəfaqət çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü isimlərindən biridir. Onun yaradıcılığı daha çox XXI yüzilin sürətli dönəmi ilə uzlamış könül duyğularının ritmi deməkdir. Zamanın ruhu ilə uyuşmayan, hətta ona yaxın duramağı bacarmaq istəməyən duyğuları alovlandırmaqla, bütün bunları ədəbi anlamda şeirə çevirmək çox çətindir. Bu gün ədəbi prosesdə kimsəni təəccübləndirmək nə qədər çətindirsə, ədəbi düşüncələrin bədii ifadəsində yeni məzmun yaratmaq bir o qədər əzablıdır və yazardan şücaət tələb edir. Hədiyyə xanımın şeirlərinin, duyğularının pıçıltısı məhz bu anlamda böyük ədəbi proses kimi dəyərlidir.

Zamanın ritminin şeirə, şeirin isə zamanın ritminə çevrilməsi Hədiyyə xanımın yaradıcılığının ana hədəfidir. Bu şeirləri oxuyanda insan bütün bunlara görə riqqətə gəlir. Sanki, yoxdur bu dünyada yağışın ayaq izləri. Yoxdur... Yoxdur bu dünyada qayıtmağın izləri... Bu dünyada tənha bir itin ayaq izləri uzanıb gedər dənizə qədər... Zamanın ruhunun şeirə şevrilmiş pıçıltıları beləcə könül duyğuları ilə Hədiyyə Şəfaqətin çağdaş Azərbaycan ədəbiyyatının dan ulduzu kimi üzümüzə və duyğularımıza işıq salır. Hədiyyə xanımın şeirlərinin sanki adı belə yoxdur. Əslində onun şeirləri ruhunun adıdır.      

 

Yerlə göy arasında yaşamaq rahat deyil

 

Necə başladı, bilmirəm…

…Əllərim əriyir

Qollarım əriyir

Saçlarım əriyir…

Yüngül bir əsinti
 

Xilas olmağımı

Duman kimi dağılmağımı duyuram…

Qapıya deyil, pəncərəyə tərəf gedirəm…
 

Azadıq,

İlk andan Azadıq

Son anacan Azadlıq…
 

Elə bilirdilər ki,

Mən öz qəfəsimlə və zəncirlərimlə barışacam…

Lap az qalıb….
 

İçimdəki üsyankar səs kiriyir…

İndi mən özüm olmayan zamana çevrilirəm…
 

…Bu nədir

Çərçivələr….

Lənətə gəlsinlər, onları

Möhkəm bağlayıblar…

Soyuq şüşələrə dəyib qana çevrilirəm…

Divarınızdakı ləkə üçün bağışlayın….

…Usta,

Tamamlanmaz bu rəsm…

Enməz göy üzü kətana

Sığışmaz ruhu rənglərə göyün

Fırça

Kədərli bəstəkarın qələmi kimi öz nəğməsini pıçıldar və unudular…
 

Bütün göy rəsmləri yalandır, Usta,

Dərinliyi göstər-desəm-susarsan…

Sən nə edə bilərdin ki…

Heç nəyin görüntüsü onun özü deyil…

Heç nəyin əksində əsl haqqı verilmir…

Hələ bir də Göy Üzü

Nə olursa olsun, əsla bir rəsmə çevrilmir…

…Yuxularda quanqlar

Yuxularda çaylaqlar,

Yuxularda açıq-açıq qapılar var, Nərgiz ana…

…Yıxılmaq yoxdur

Yıxılmaq yoxdur

Yıxılmaq yoxdur…
 

Biləndə ki, səni heç kim qaldırmayacaq yerdən

Ancaq bu duanı pıçıldayırsan, Nərgiz ana…

Hər kəsin yuxusu xəbərdar olmaq istədiyi

Və istəmədiyi sirrlərin açarıdır…

Mən yuxularımda insanları görmürəm…

…Ağrılar öldürməyə yetmir

Güclü olmaq kimi də bir istəyim yoxdur…

Heç kimi savaşa çağıracaq deyiləm,

Heç kimə güllə atacaq deyiləm,

Heç kimin də ölməyini arzulamıram…
 

Güc-hücum və müdafiə üçündürsə

Yaşamaq üçün deyil…

Yaşamaq üçün sevgi var…

…Ağrılar öldürməyə yetmir

Artıq heç kimin də göz yaşlarımı görməyini arzulamıram…

 

…Aç

Aç…

Nə olsun ki, qollar qanad deyil…
 

Nə olsun ki…

Yerlə göy arasında yaşamaq rahat deyil…

Bilirdim…

Yummuşam gözlərimi…

…Məni anladanda

Uçmaq istəmək ölmək istəməyin gözəl adı olsun…

 

…Adamlar yıxılır əllərimizdən

Adamlar itir…

Biz gözümüzü yumuruq, üzümüzü çeviririk,

Susuruq…

Bizə elə gəlir ki,

Hələ ehtiyatda adamlarımız var, onlar dost ola bilərlər

Hələ ehtiyatda adamlarımız var, onları sevə bilərik…

Elə deyil…

Elə deyil…

Elə olmur…
 

Gedən adamların yeri

Sağalmır…

Sağalmır…

Sağalmır…

Görəcəksən…

…Azza,

Həmişə gülər üzlü, mehriban, yetmiş beş yaşlı qadın

Öldü…
 

“Ölmək nədir”-soruşmuşdu qonşudakı qızcığaz bir dəfə ondan,

“Quşa çevrilməkdir”-demişdi…

..Qızcığaz incidi,

Qaşqabağını tökdü-

“Mən ki dünən görmüşdüm onu,

Bu necə ola bilər,

Azza əllərini məndən xəbərsiz nə zaman qanadlarla dəyişdi?”…

 

…Keçmişimdə

Ovcundakı suyam bir qızcığazın

Əlləri yoruldusa olmayacam…

Keçmişimdə

Bəbəklərindəki günəşəm o qızcığazın

Gözləri qaraldısa…

olmayacam…
 

…İndi

Zamanın

Və hər şeyin əhəmiyyətini itirdiyi yerdə

O qızcığaz yoxdur…

…O qızcığaz mənim işıqlı tərəfimdi

Mən o qızcığazın qaranlıq tərəfiyəm…

…Bax,

Bu tabloda

Məni andıran yeganə şey boşluqdur…

Nə su durur ovuclarımda

Nə günəş sığışır bəbəklərimə…

 

Dondu çöllərdə hər şey

torpaq belə…

eh…

təbiət buralarda belədir dəyişməyən qanunlarıyla…

ay hər gecə

daha soyuq-soyuq çırpır günəşin işığını üzümüzə…

ya da mənə elə gəlir…
 

Atılmış küçüklər

hər səhər sığındığı küncdən çıxıb

çörəkçinin əllərinə yalvarır ürkək gözləriylə və muncuq burunlarıyla…

qırovlu asfalt

bütün səsləri xırçıltıya çevirir…
 

Pişik əlimdəki tikəyə,

mən pəncərədən küçədə üşüyən adamlara,

ətirşahlar

həyətdə üşüyən ağaclara sarı boylanır…

düşünürəm-

çiçəklərin ürəyi varmı, deyə…

19:07