ADR bəyanat yaydı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının neft gəlirlərinin sürətlə və səmərəsiz xərclənməsi ilə bağlı bəyanat yayıb. Bu mühüm sənədi olduğu kimi oxucularımıza təqdim edirik.

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Fərman verib. Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat məbləğində təsdiq edilib. Rəsmi açıqlamalar göstərir ki, ARDNF-nin gəlirləri 2001-ci ildən etibarən ötən ilin dekabrınadək Azəri Çıraq Günəşli yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində, bütövlükdə isə 124 milyard 92 milyon ABŞ dolları olub. İlk dəfədir ki, 2017-ci ildə ARDNF-nin büdcəsinin kəsiri pik həddə olacaq, onun gəlirləri xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu i il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da Fondun illik gözlənilən gəlirləri onun planlaşdıırlan xərclərinin yalnız 57,8 faizini örtə biləcək. Xərclərin struktur təhlili göstərir ki, Azərbaycan höküməti iqtisadi böhranın səməsiz xərclərini makroiqtisadi sabitliyin təmin edilməsi adı ilə Fonddan maliyyələşdirəcək. Bu məqsədlə Fonddan 7,5 milyard manatın Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub ki, bu da Fondun cari ildə proqnozlaşdıırlan gəlirlərin 90 faizə qədərini təşkil edir.
ADR Hərəkatı hesab edir ki, audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçılı rolu neft gəlirlərinin səmərəli xərcləmələrinin həyata keçirmilməsində ciddi problemlər yaradır. Odur ki, ADR Hərəkatı ARDNF-nin 2017-ci ilin büdcəsində neft gəlirlərinin sürətlə xərclənməsinin nəzərdə tutulmasına etiraz edir. ADR Hərəkatı bildirir ki, neft gəlirlərinə münasibətdə yığım və xərcləmələrlə bağlı qərarlar uzunmüddətli dövr üçün nəzərdə tutulan fiskal qaydalarla tənzimlənməlidir. Çünki, yalnız fiskal qaydaların tətbiqi neft gəlirlərinin istifadəsini siyasi proseslərdən kənarda saxlayır və vəsaitlərin izafi xəclənməsinə yönəlmiş siyasi təzyiqlərin qarşısını almağa kömək edir. Eyni zamanda belə qaydaların mövcudluğu iqtisadi böhran dövründə xüsusilə də maliyyə sektorunun etirablılığını təmin edir.
ADR Hərəkatı yekun olaraq onu da bəyan edir ki, neft gəlirləri bir hakimiyyətə məxsus deyil, onun fiskal qaydasız, sürətlə və səmərəsiz xərclənməsi gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir. ADR Hərəkatı hesab edir ki, Hesablama Palatasını, parlamenti və müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının neft gəlirlərinin idarəolunması prosesindən məqsədli şəkildə kənarda saxlanılması bir tərəfdən xərcləmələrlə bağlı qərarların qəbul edilməsinin icra hakimiyyəti tərəfindən inhisara alınmasına səbəb olur, digər tərəfdən isə şəffaflığın və ictimai nəzarətin təmin olumamasına yol açır, ən əsası də gələcək nəsillərin haqqının pozulmasına gətirib çıxarır. Odur ki, ADR Hərəkatı hakimiyyətdən aşağıdakı təkliflərin qəbul edilməsini tələb edir:
1) Mümkün qədər qısa müddətdə dövlət gəlirlərinin idarəedilməsi üçün fiskal (xərclənmə, balansllaşdırılmış büdcə, borclanma, gəlir, çıxarmalar/ayırmalar) qaydalar müəyyənləşdirilsin.
2) Hesablama Palatası tərəfindən Neft Fondunun 2017-ci il üçün budcəsinə rəy verilsin. 3) Fondun fəaliyyətinə ictimai nəzarət təmin edilsin. Dövlət Neft Fondunun Müşahidə Şurasında müvafiq dövlət orqanları ilə yanaşı müstəqil vətəndaş cəmiyyəti təşkilatları da təmsil olunsun.

Xudaferin.eu

11:30