Adı 56 milyonluq rüşvətdə hallanan şirkətin rəhbəri bəlli oldu

 

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) beynəlxalq təşkilatı Azərbaycan məmurlarının da içində olduğu 56.8 milyon dollarlıq beynəlxalq korrupsiya qalmaqalının izinə düşüb. Təşkilatın reportyorları rüşvət skandalında adı keçən Azərbaycan şirkəti, “Trans Siqnal Rabitə” MMC-nin rəsmi qeydiyyat ünvanına və onun sahibinə baş çəkiblər.

“Trans Siqnal Rabitə” MMC 2013-cü ilin əvvəlində Azərbaycan Dəmir Yollarından 340 milyon dollarlıq kontrakt əldə edən İsveçin nəhəng mühəndislik şirkəti “Bombardier Transportation” və onun Rusiya filialı ilə konsorsium formalaşdırıb. Nəhəng proyekt Asiya və Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin 503 km-lik Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya avadanlıqlarının quraşdırılmasını nəzərdə tutur.

Fiber-optik kabellərin və siqnalizasiya avadanlıqlarının quraşdırılmasını öhdəsinə götürən “Trans Siqnal Rabitə”-nin sövdələşmədə payı 44 milyon manat (ovaxtkı məzənnə ilə 56.8 milyon dollar) təşkil edib. Firmanın Azərbaycan hökuməti ilə siyasi bağları və Kanada, İsveç və Rusiyanın tanınmış firmaları ilə əlaqələri var. Kağız üzərində şirkətin sahibi Bakıdan 250 km uzaqlıqda, Füzuli rayonunun kəndlərindən birində yaşayan 44 yaşlı elektrotexnik və 2 uşaq atası Elxan Əliyevdir. Qapısının ağzındakı peçdə su isidən, arxa həyətində toyuqlar qaqqıldayan, inəklər otlayan Elxan Əliyevin kasıb kənd evini görəndə bu rəqəmlər inanılmaz görsənir. Reportyorların evə ziyarəti zamanı Elxanın anası qapını açıb və deyib ki, o, hazırda yerli tibb mərkəzində işdədir. Elxan Əliyev onun qurucusu olduğu güman edilən multi-milyon dollarlıq sövdələşmələr həyata keçirən kompaniya barədə heç bir məlumata malik olmadığını bildirib.

“Mənə yaxın bir insanın məsləhəti ilə şirkəti açdım”, – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) təşkilatı ilə qısa telefon danışığında o deyib. “Düzünü desəm, mən sadəcə şirkətin qurucusuyam. Şirkəti idarə edənlərlə heç bir əlaqəm yoxdur. … Bu haqda danışa bilmərəm … Mən heç nə bilmirəm”, – deyə Elxan Əliyev əlavə edib.

Trans Siqnal Rabitənin arxasındakı real güc – bu işi düzüb qoşan və bundan varlanan şəxslər – gizli saxlanılır. Şirkətin daxili hesabatlarının OCCRP tərəfindən incələndiyi zaman ortaya çıxıb ki, şirkətin Azərbaycan Dəmir Yollarının vəzifəli şəxsləri ilə sıx əlaqələri var. Şirkətin “Bombardier”-in tender təklifinə daxil edilməsi azərbaycanlı rəsmilərin təklifi əsasında təşkil edilib. 340 milyon dolların 56.8 milyon dolları Azərbaycan məmurlarına “otkat” ötürülüb.

“Bombardier” Moskva ofisinin direktor müavini Pavlov Azərbaycan rəsmiləri ilə gizli anlaşmaya girdiyi və tenderi udmağa görə rüşvət verdiyi üçün 2 həftə əvvəl Stokholmda həbs edilib. “Bombardier”-in daha iki əməkdaşı istintaqa cəlb edilib. “Trans Siqnal Rabitə” MMC Azərbaycan hökuməti ölkənin dəmir yolu sisteminin əsaslı təmirini planlaşdırdığını rəsmi olaraq açıqladıqdan sonra 2008-ci ilin aprelində bir neçə gün ərzində yaradılıb.
Bundan sonra Azərbaycan Dəmir Yolları geniş dəmir yolu infrastrukturu proyektləri üçün Dünya Bankından iki dəfəyə 670 milyon dollar, ümumilikdə, təxminən 2 milyard dollar borc alıb. Yüz milyonlarla dollar isə Azərbaycan hökuməti və SOCAR-dan alınıb. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsini Azərbaycan maliyyələşdirdiyi üçün bu investisiyalardan orda da istifadə olunub. “Bombardier”-in tender təqdimatında “Trans Siqnal Rabitə” MMC güclü biznes tərəfdaşı kimi təsvir edilib. Təqdimatda deyilir ki, şirkətin Bakı ofisi, ixtisaslı işçiləri, Azərbaycan və Gürcüstanda həyata keçirilən siqnalizasiya işlərində təcrübəsi var. Amma bu sövdələşmədən qabaq “Trans Siqnal Rabitə” MMC-nin adı heç bir KİV-də hallanmayıb. OCCRP reportyorları şirkətin nə vaxtsa tenderə müraciət etdiyi və ya qalib gəldiyinə dair dəlil tapmayıb. Şirkətin nə vebsaytı, nə də əlaqə məlumatları yoxdur. OCCRP reportyorları şirkətin ofisini tapmaq və onun rəsmiləri ilə görüşmək ümidi ilə Lökbatan yaxınlığında 28 May küçəsində yerləşən Trans Siqnal Rabitənin Bakıdakı rəsmi qeydiyyat adresinə gediblər. Onlar eyvanlarından qurumaq üçün paltarlar asılan köhnə bir binaya gedib çıxıblar. Bu, heç də 56.8 milyon dollarlıq tenderi udan şirkətin ofisinə oxşamayıb. Trans Siqnal Rabitənin rəsmi qeydiyyat adresi olan bu köhnə binanın 15 nömrəli mənzilində şirkətin ofisinin yerləşmədiyi məlum olub. 14 ildir bu ünvanda yaşayan evdar qadın deyib ki, poçtalyon bəzən onun mənzilinə Trans Siqnal Rabitəyə ünvanlanan məktublar gətirib, amma o, bunları götürməkdən imtina edib. Qadının şirkəti kimlərin idarə etdiyi və ailəsinin bu şirkət ilə nə əlaqəsinin olduğuna dair heç bir fikri yoxdur.

Azadliq.info

12:03