Adelina Adalis: “Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı…”

Xəlil Rzanın xatirə dəftərindəki qeydlər

Xəlil  Rza Ulutürkün rus  şairəsi, Səməd  Vurğunun əsərlərini rüs dilinə cevirən mahir tərcüməçı Adelina Adalis ilə dahi Azərbaycan şairi  haqqında etdiyi söhbəti ixtisarla yayımlanıb. Onu da qeyd edək ki, söhbət 1966-cı ildə qələmə  alınıb.

Bu səhər görüşünə gəldiyim Adelina Adalisi heç vaxt unuda bilmərəm. Rus qələm dostları içində bəlkə də Səməd Vurğunu ən çox tanıyan və sevən məhz bu qadındır. 63 yaşı olmasına baxmayaraq, bir şair və insan kimi ruhən cavan qalan bu qadın Səməd Vurğun haqqında danışmaqdan doymur:

– Mən Səmədlə 1930-1931- ci illərdə tanış olmuşam. Hələ o zaman hiss etmək olurdu ki, o, gələcəkdə böyük şair olacaqdır. Səməd Vurğunun dili qılınc kimi kəskindi. Bir də paxıllıq və həsədin nə olduğunu bilmirdi. Dağ boyda ürəyi vardı. Onun bu keyfiyyətləri getdikcə öz poeziyasında əksini tapmağa başladı. Səməd vurğunu tərcümə etməklə fəxr edirəm. Səmədlə işləmək səadətdir. O da doğrudur ki, çox mübahisə edirdik. Səməd inandırmağa çalışırdı ki, onun şeiri daha güclüdür. Mən isə sübut etmək istəyirdim ki, yox, filan yerdə tərcümə orijinaldan qüvvətlidir. “Vaqif” pyesinin tərcüməsi üzərində, xüsusi ilə ləzzətlə işləmişəm. Tərcüməni başa çatdırandan sonra gördüm nəsə çatmır. Əsəri bir kənara qoyub Vaqifi və Vidadini dahabdərindən öyrənməyə başladım. 19-cu əsr Azərbaycanını dərk etməyə girişdim. Səməd Vurğuna bildirdim ki, Eldar xətti Vaqiflə möhkəm bağlanmır. Vaqifi xalq sərkərdəsi və üsyan başçısı kimi qələmə vermək tarixi həqiqətə uyğun deyil və pyesin ümumi pafosu həmin qüsuru unutdursun. Səməd mənim fikrimə az-çox əməl etdi. Tərcümə üzərində yenidən işlədim. S. Vurğun “Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. O, obyektiv olduğu qədər subyektiv şairdir. Onun mənəviyyatı əsərlərində aydın əks olunmuşdu. “Muğan” poemasını tərcümə edərkən mənim ürəyimi iki duyğu qapladı, sevinc və bir də qorxu. Sevinirdim ki, Səməd artıq yetişmişdir. “Muğan” yalnız onun deyil həm də zamanın ən qüvvətli əsərlərindən biridir. Bununla bərabər qorxurdum. Ona görə ki, həmin əsərdə şari öz ölümünü sanki öncədən  hiss edirdi. Doğrudur, “Mugan” Səmədin vəfatından 8 il əvvəl qələmə alınıb. Ancaq mənə elə gəlir ki , Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir və yalnız ayrı-ayrı misralarda deyil, poemanın ümumi ruhunda bildirir:

Kür qırağı, Qarayazı, göy çəmən,
Qoşa palıd, tüstülənən od ocaq.
Saç ağardı unutmadım sizi mən,
Hansı şair sizi birdə yazacaq?

Sonuncu beytə bir də diqqət yetirin:
“Saç ağardı unutmadım sizi mən,
Hansı şair sizi birdə yazacaq?”

Bu misralarda Səməd Vurğun ölümün yaxınlaşdığını duyur. “Muğan” – onun mənası idi.  Bu poemada sevinc, kədər həyat eşqi, vətən məhəbbəti bir-birinə qarışmış və gözəl bir simfoniya yaranmışdır.
“Muğan”poetik gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini qabaqcadan duymaq qabiliyyətinə malikdir. Səməddə bu duyma və sezmə daha güclüdür. Yaradıcılığının son məhsulu olan “Şair nə tez qocaldın sən?”, “Mən tələsmirəm”, ”Unudulmuş tək məzar”, “Gödəkcə” kimi şeirlərdə, həmçinin “Düşüncələr”də həyatı sevən, ondan dörd əlli yapışan, bununla belə ölümün labüd olduğunu bilən şairin mənəviyyatı verilmişdir.
Ölüm günündə xəstə insan bir  qədər  sağalmış kimi olur. Sonuncu həyat qüvvəsi toplanır, xəstənin üz-gözü nurlanır. Mənə elə gəlir ki, bu xüsusiyyət  onun poeziyasında da öz əksini tapmışdı. Vurğunun son dövr yaradıcılığında daha qüvvətli bir işıq yanır. ”Zamanın bayraqdarı”  poeması bütün  bəşər  tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Deyərdim ki, “Mən tələsmirəm”  şerində bədii təfəkkür nə qədər geniş, hətta mən deyərdim ki, hüdudsuzdur.

Bir  günün ərzində  illərlə  yansın,
Al günəş gözündən nur yağa-yağa.
Ömür kitabını tamamlamağa,
Çox  da can atmasın əlimdə  qələm
Mən tələsmirəm, mən tələsmirəm.

S.Vurğun ”Ömür  kitabının tamamlandığını “ duyduğu  üçün belə deyirdi. Ancaq onu düşündürən yalnız  öz ölümü deyildi, ümumiyyətlə həyatın və ölümün mənası, bəşəriyyətin taleyi idi. Səməd Vurğun Yeseninə çox  bənzəyirdi. Əlbəttə, poetik fikrin genişliyinə görə Vurğun Yesenindən çox böyükdür. Yesenin gənc  şair kimi həyatdan getdi. Qəlbindəkilərinin onda birini deməyə macal  tapmadı. Ancaq  Yesenini Səmədlə birləşdirən oxşarlıq  ondadır ki, hər ikisi böyük şöhrətə, nüfuza malik  olduğu halda, həyatdakı bir sıra faktlar ilə barışa bilmirdilər. Səməd çünki 1937-ci illə bağlı olan faciələri görmüşdü.
1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun yaraları köz-köz olmuşdu və açılmışdı. Ömrünün son illərində Vurğun daha fikirli daha  pərişan idi .O, Müşfiqi  həyəcansız xatırlaya  bilmirdi. Müşfiqin adı çəkiliəndə tutqunlaşır, papiros yandırır, bəzən saatlarca fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı gələndə  Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət  dinməyəcək, içəridə  yanmaqla  dərdlərini ovundurmağa  çalışacaq. Moskvaya gələndə Səməd qadınlarla  gəzməyi içməyi  xoşlayırdı. Ancaq mənim  zənnimcə, bu zahiri  maska  idi. Onun mənəviyyatı qadınla deyil, tamam başqa məsələlərlə məşğul idi. Qadınlarla gəzmək, şərab  içmək isə içəridə alışıb yanan dərdləri  ovundurmaq vasitəsi  idi. Hüseyin Cavid  kimi böyük  dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz  gözləri ilə görən və sonra bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən  xəbər tutan Vurğun kimi həssas  bir sənətkar çoxmu  ömür sürə bilərdi?
Səmədin ölümü  labüd idi. Onun ölümə olan baxışları çox bəsit vbə sadə idi. Bakıda  azərbaycanlı qocaları dinləmişəm. Onlar deyirdilər ki, Səməd  özünü  öldürüb. Bu sözdə müəyyən bir həqiqət var. Səmədin yatağından kağıza bükülü ülgüc tapılan zaman oğlu Vaqifin üstünə necə qışqırması da məlumdur.
S.Vurğun özünü öldürmək  fikrini boynundan  atmaq  üçün qəsdən  uşağı danlamışdır: “Ayə, bunu  niyə  gətirib  əlindən salmısan? Burada  qələm yonarlar”.
Əslində, Səməd Vurğun venasını kəsməyə macal  tapmamışdı. Ülgüc sürüşüb yatağın ortasına qədər gəlib çıxmışdı. Əlbəttə, Səməd  Vurğun özünü öldürməklə öz  əzizlərini əzab-əziyyətdən xilas etmək istəyirdi. Çünki  ölümcül xəstə olduğu müddətdə Xavərin, Yusifin, Vaqifin, Aybənizin nələr çəkdiyini öz gözləriylə görürdü. Hətta bir dəfə Mirzə  İbrahimova deyibmiş ki, həkimlərə ağız aç, məni, həm də sizi  bu əzabdan  qurtarsınlar. Xavər  üzülüb. Bu o demək  deyildi ki, Vurğun  yaşamaq  istəmirdi. Əksinə, Səməddə  iradə çox qüvvətli idi. Onda həyat eşqi də çox  güclü idi. Bununla  belə  Səməddə iki düşüncə arasında çarpışırdı. Ruslarda bir  “soznaniye” (düşüncə) sözü var, bir də “podsaznaniye” (şüuraltı düşüncə) . Səməddə  “soznaniye “ həyatın, "podsoznaniye”  ölümün  tərəfində  idi.
Yadımdadır, bir dəfə “Qostilizdat”da (Dövlət ədəbiyyat nəşriyyatı) Səmədlə  görüşdük. Mili ədəbiyyatlar şöbəsinin müdiri Aleksandra Rabinina, bir də Luqovskoy burada idi. Səməd  Kreml şəfaxanasına müalicəyə gəlmişdi. Gülə-gülə dedi ki, həkimIərin heç birinə inanmıram. Hamısı yalan- palan deyir. Məndə xəstəlik yoxdur. Gedəcəyəm bizim  dağlara, dodağımı sıxacam büz  bulaqlara. Səmədi bu cür danışdıran "soznaniye"  idi. Bir  azdan Aleksandra Rabinina  gedəndən sonra Səməd düşüncəli halda ah çəkdi:

-Axı deyəsən mənim ölümüm yaxınlaşıb.
-Paçemu  tak  qlupo qovarış, Samed? (nədən belə axmaqcasına danışırsan Səməd).
Səməd  Luqovskoyun üzünə qəmli-qəmli  baxdı:
-Cünki iki aydır ki, mənim dodaqlarımdan heç kim öpmür. Məndən  çəkinirlər.
Uca bolu Luqovskoyun gözləri doldu. Səmədi bağrına basıb gözündən öpdü. Sonra mən də dodaqlarından öpdüm. Səməd sanki bir az yüngülləşdi.
Səmədə ölüm fikri  doğuran “podsoznaniye” idi. Təcrübə  göstərir ki, “podsoznaniye”  “soznaniye”dən daha güclüdür, onun dediyi doğru çıxır.
 Səmədin ölümünü  yaxınlaşdıran səbəblərdən biri  ürəyindəki fikirləri cilovlması, açıb deməməsi olmuşdur. Səməd  böyük mənəvi azadlıq tələb edən sənətkardır. Fitrətinə görə qəhrəmandır. Sərt həqiqəti deməkdən qorxmayan, maska yırtmaqdan çəkinməyən  bir xilqətə malikdir. Digər tərəfdən Səməd Bağırov kimilərinin qabağında susmağa məcbur olurdu. Özünü cilovlayırdı. Öz qəlbinin və bədəninin tələblərinə  çıxmaq insanı  tez sarsıdır…
Poemadan söz düşür. Adelina Yefimovna bildirir ki, sovet şeirində “Komsomol poema”sından güclü əsər tanımıram. Bu əsərdə dramatizm cox güclüdür. Səməd Vurğunla Aleksandr Fadeyevin dostluğundan söz düşəndə Adelina Yefimovna  bildirir:
-Əlbəttə, Fadeyev Səmədi çox sevirdi. Səmimiyyətlə sevirdi. Ancaq mənə elə gəlir ki, əsl dostluğun, məhəbbətin gözü açıq  olmalıdır. Fadeyev Səmədin dahiliyini başa düşürdüsə, onu içkidən, ziyafət həyatından çəkindirməli, enerjisini və ömrünü qorumalı  idi. Halbuki əksinə, Fadeyev özü Səmədi ziyafət həyatına cəlb edirdi. Zənnimcə, böyük mərama, – vətən eşqinə söykənməyən dostluğa dostluq demək olmaz.
Adaelina Adalisin sonrakı  söhbətindən diqqətə layiq hesab etdiyim fikirləri bura köçürürəm:
–Samed Vurğun bıl qorazdo traqiçnee çem  kajetsya (Səməd Vurğun göründüyündən daha çox faciəli bir taleni yaşayırdı).
-Səməd Vurğun ğörüşdüyü  qadınları  sevmirdi.
Görüşmədiklərini sevirdi. Qulyal jenşinami iz za toski (Qadınlarla qüssəlim olduğu üçün gəzərdi).
 -Samed strastno xotel jit. No odnovremenno u  neqo bıla  volya k smertı (Səməd həyatı dəhşətli dərəcədə sevərdi. Ancaq bununla yanaşı, ölümə hər zaman hazır idi).
-Səməd  Vurğunun ağlına elə ictimai-siyasi fikirlər gəlirdi ki, düşünməkdən qorxurdu.  Qəhrəman Səməd Vurğun qorxaq Səməd Vurğunla həmişə çarpışmışdır. On boyalsya verit v ujasnıye veşi (O, dəhşət saçan olaylardan qorxardı).
–Ya lyubila neustroynost  Sameda (Mən Səmədin nizamsızlığını sevətrdim). O, bəzən səliqəsiz, bəzən pulsuz olurdu. Əlinə düşəni dərhal yetim- yesirə, ehtiyacı olmyanlara verirdi. Mən Səməd səxavətində başqa adam görməmişəm.
-Rəsul Rza da cəsarətli fikirlər deyir. Bu fikirlər xalq ürəyindən su içir. Rəsul Rza idrak şairidir. Bununla belə Rəsul Rza çox gözəl yaşayır. Onda Səmədə məxsus səxavət yoxdur. Həyatda özünü diplomat kimi aparır. Bu qədər firavan yaşayan, gözəl həyat keçirən əsrlərcə yaşaya bilməz. Samed Vurğun imel pravo buntovat. No Rasul Rza ne imeet eto pravo v takoy stepeni. Patomu çto on prekrasno jivyot (Səməd Vurğun istədiyi zaman etirazlarını ucalda bilirdi. Ancaq, Rəsul Rza bunca hüquqa sahib deyildi. Buna görə ki, o, çox əla həyat şəraitinə malikmidi).
-Samed moq bı sozret do qeniya. Dahi səviyyəsinə yüksəlməyə ona mühit və zaman  imkan  vermədi….

Xəlil Rza Ulutürk
"Bir  odlu  gözləri, bir  də  xoş  səsi"
"Çinar-Çap", Bakı-2007

16:47