"İş adamları üçün böyük problemlər yaranacaq"

"İş adamları üçün böyük problemlər yaranacaq" "Manatın belə sürətlə ucuzlaşması xaricdən valyuta ilə alınıb gətirilən malların maya dəyərindən onların satış qiymətlərinə mütləq təsir göstərəcək"

Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə daha sürətli qiymət artımı müşahidə ediləcək: "Azərbaycanda bir çox sahələr üzrə idxalda məhsuldarlıq 100 faiz civarındadır. Məsələn, demək olar ki, dərman preparatlarında 100 faiz xaricdən asılıyıq. Həmçinin məişət texnikası, gigiyena vasitələri, geyim, ayaqqabı və bu tipli bir çox sahələr üzrə biz xaricdən kifayət qədər idxaldan asılı vəziyyətdəyik. Ərzaqda isə asılılıq təqribən yarıbayarıdır. Bütün bunları nəzərə alsaq təbii ki, məzənnənin belə sürətlə ucuzlaşması xaricdən valyuta ilə alınıb gətirilən malların satış qiymətlərinə mütləq təsir göstərəcək. Təsir göstərməməsi mümkün deyil. Ona görə də xaricdən idxaldan asılı olduğumuz bütün sahələrdə məzənnəyə uyğun olaraq yaxın gələcəkdə daha sürətli qiymət artımını müşahidə edəcəyik”.
İqtisadçı bildirib ki, yerli istehsalda da qiymət artımının olması qaçınılmazdır: "Yerli istehsal olan bir çox sahələr var ki, orada xammalın böyük əksəriyyəti xaricdən gətirilir. Məsələn, ölkə bazarında ərzaq məhsulları ilə bağlı ən qabaqcıl və ən çox məhsul satan "Azərsun” şirkəti. Bu şirkətdə bəzi məhsullar üzrə 80-85 faiz xammal xaricdən gətirilir. Ona görə də yerli istehsalda qiymət artımın olması qaçınılmazdır. Eyni zamanda yerli brend və yerli istehsalçı kimi bazara çıxan çay məhsullarından tutmuş adi turşulara qədər bir çox sahələrdə qiymət artımı ciddi şəkildə müşahidə ediləcək. Ona görə də indi artıq əhalini ən çox narahat edən məsələ məzənnənin hansı səviyyədə sabitləşməsi məsələsidir. Azərbaycanda Mərkəzi Bank israr etsə də ki, üzən məzənnə rejimidir, əslində Mərkəzi Bankın müdaxilələri ilə məzənnə inzibati qaydada müəyyən olunur”. Natiq Cəfərli vurğulayıb ki, məzənnənin kəskin şəkildə bahalaşması və oynaması iş adamları üçün böyük problemlər, vətəndaşlar üçün isə ciddi qiymət artımı ilə müşahidə olunacaq: "Artıq iş adamları, həm də sadə vətəndaşlar üçün ən vacib məsələ məzənnənin hansı səviyyədə sabitləşməsidir. Məzənnə bir müddət sabitləşməlidir ki, iş adamları gələcəyini görsün. Həmçinin hesablarını apara bilsinlər ki, gətirdikləri malı manata çevirəndə satdıqları zaman ziyan etməsinlər. Yəni artıq məzənnənin kəskin şəkildə bahalaşması və oynaması iş adamları üçün böyük problemlər, vətəndaşlar üçün isə ciddi qiymət artımı ilə müşahidə olunacaq”.
Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.

Politika.Az

13:10