Açıqlandı: Apreldə dollardan bahalaşma

 

“Valyuta bazarında vəziyyət ölkədə turizm ilə bağlı mövcud şəraitdən asılı deyil. Doğrudur, bayram günlərində və ümumiyyətlə, ilin müəyyən dövrlərində turistlərin axını şəraitində ölkəyə müəyyən məbləğdə valyuta vəsaiti daxil olur. Ancaq bu, manatın məzənnəsinə ciddi şəkildə təsir göstərə biləcək gücə malik olmur və ola da bilməz”.

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib. İqtisadçının qənaətincə, hər şey ölkə iqtisadiyyatında vəziyyətdən və tədiyyə balansından asılıdır: “Bu nöqteyi-nəzərdən də bir müddətdir ki, valyuta mübadiləsi sahəsində vəziyyət məlum olduğu kimi sabit xarakter daşıyır. Ümumiyyətlə, mart ayı başlayanda proqnozum belə olmuşdu ki, dolların məzənnəsində yenə bahalaşma müşahidə edəcəyik. Ancaq bu, əvvəlki tempdə qeydə alınmayacaq. Çünki artıq valyuta bazarında şərtlər dəyişib. Digər tərəfdən də həmişə bayram ərəfəsində xarici valyutaya tələb artsa da, bu dəfə bunun bir sıra səbəblər üzündən nisbətən az tempdə baş verəcəyini ehtimal edirdim. Buna görə də manatın əvvəlki tək təzyiqlə üzləşməyəcəyi qənaətində idim. Əlbəttə, bu konteksdən götürdükdə, əvvəlki illərdən fəqli olaraq çoxlu sayda turistlərin gəlməsinin də rolu olmuşdur. Ancaq bu, ciddi təsir gücünə malik deyil. Odur ki, apreldən dolların yenidən bahalaşmağa başlayacağını gözləməyə dəyməz. Müəyyən həftələr ərzində kiçik sıçrayışlar baş verə bilər. Ancaq bütövlükdə növbəti ay ərzində manatın mövqeyi kəskin hücuma məruz qalmayacaq. Sözsüz ki, neftin dünya bazar qiymətlərində ciddi ucuzlaşma baş verməsə”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

15:52