Abu-Dabidə keçirilən festivalda Azərbaycan gecəsi təşkil edilib

2017-ci il dekabrın 1-dən 2018-ci il yanvarın 27-dək Abu-Dabi şəhərində Şeyx Zayed İrsi Beynəlxalq Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festivalda Çin, Rusiya, Türkiyə, Ukrayna, həmçinin Mərkəzi Asiya və Ərəb ölkələri də daxil olmaqla, 24 ölkə iştirak edir.

Festivalda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin məhsul və xidmətlərindən ibarət pavilyon qurulub. Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, halal standartlara uyğun olaraq orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı həyata keçirilir.

Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox dünya ölkələrinin dövlət və hökumət başçılarının, yüksək vəzifəli rəsmilərin, ictimai, siyasi, mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin və blogerlərin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu yüksək maraqla qarşılanıb.

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səfirlik tərəfindən festivalın mədəni hissəsində Birləşmiş Ərəb Əmirlərində yaşayan azərbaycanlı uşaqların iştirakı ilə Azərbaycan milli rəqslərinin nümayişi təşkil edilib.

Tədbir çərçivəsində təşkil edilmiş paradda pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirib, ziyarətçilərlə şəkillər çəkdirib, ölkəmiz barədə geniş məlumat veriblər.

Daha sonra festivalın səhnəsində səfirliyin nəzdində fəaliyyət göstərən Qarabağ İnciləri özfəaliyyət qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib. Rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub, qonaqlar milli paltarda olan rəqs ifaçıları ilə şəkillər çəkdiriblər. Azərbaycan rəqsləri gecə boyu festivalın bir neçə müxtəlif səhnəsində fasilələrlə nümayiş etdirilib. Rəqslərin tədbirin sonunadək bir neçə dəfə təşkili planlaşdırılır.

Qeyd olunmalıdır ki, sözügedən tədbir BƏƏ aparıcı televiziya kanalları tərəfindən nümayiş etdirilib, həmçinin tədbir haqqında ətraflı reportaj ölkənin bütün elektron mediası tərəfindən geniş yayımlanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi



 

19:37