ABŞ-ın yeni prezidenti xarici maliyyə dəstəyini ləğv edəcək

Demokratların nümayəndəsi qismində Barak Obama ilk dəfə olaraq daxili və xarici siyasəti “tok-şou” prinsipi ilə prioritetləri əsasında sərgiləməyə başladı. Bu, zahirən hamıya xoş gəlsə də, “sabun köpüyü” operettalarında olduğu kimi hər şeyin köhnə zamanlarda olduğu kimi, öz yerində qalmış olduğu özünü göstərdi. Beləliklə də XXI əsrin siyasi texnologiyalar və innovasiya yanaşmaları iflasa uğradı. Dünyada baş verən iqtisadi və siyasi böhranların, silahlı  münaqişələrin, sosial problemlərin həlli yönündə  heç bir uğur əldə edilmədi. Bir yandan da əzəli rəqiblər olan Rusiya və Çin, bu iki neoimperiyaya dəstək verən digər dövlətlər daha da güclənmiş oldular. Bütün bunları diqqətlə təqib edən “Respublikaçılar Partiyası” tamamilə fərqli taktika ilə son prezident seçkilərinə qatıldılar. Bu, ABŞ və onun daxili, xarici siyasətindəki inkişaf doktrinasıdır. Bütün münaqişələrin qarşısının alınması, sosial-iqtisadi böhranların durdurulması, xarici maliyyə dəstəyinin tamamilə dayandırılması ilə müşahidə olunacaq.

Demokratlar nə üçün uduzdular?

ABŞ-dakı son prezident seçkiləri ərəfəsində “Demokratlar Partiyası”nı Türkiyə və Azərbaycan üzərindən  dəstəklənən və “nurçular”a bağlı olan Fətullah Gülən tərəfdarları daha çox öndə idilər. ABŞ-da dərc olunan “Frontpagemag” dərgisi son sayında bu barədə (09.11.2016) analitik yazısında belə qeyd edib: “Türkiyə və Türk Dünyası üçün təhlükə mənbəyi olan, Türkiyədə “Xomeynizm siyasəti” yürüdən Fətullah Gülən və onun tərəfdarları seçki təbliğatı dönəmində daim prezidentliyə namzisəd Hillari Klintonun yanında yer almışlar”. Siyasi analitiklərin fikrincə ABŞ-ın dünya siyasətində və iqtisadi-maliyyə sektorunda üzləşdiyi bir sıra problemlər mövcuddur. Bir zamanlar Orta Şərqdə ABŞ tərəfindən yaradılmış “Əl Kaidə”, “Əl Nüsrə”, “İŞID” və digər radikal terrorizm siyasətinin heç bir mənası qalmamışdır. Ona görə də demokratları təmsil edən Hillari Klintonun “neo-liberallar” siyasəti dünyanı başına götürmüş terrorizm məsələsində aciz duruma düşmüşlər. Demokratlardan fərqli olaraq, “Respublikaçılar Partiyası” və onların namizədi Donald Tramp biznes çevrələrinin maraqları çərçivəsində “idarə olunan  savaş” taktikasından tamamilə uzaqlaşmaq ideyasını irəli sürüblər. Bu öz növbəsində ABŞ-ın xarici siyasətinin yaxın 4 ildə prioritetlərindən birinə çevriləcəkdir. Bunu isbat etmək üçün Donald Trampın: “Mən prezident seçilsəm, İŞİD olmayacaq" ideyası həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox böyük dəstəyə səbəb oldu. ABŞ-dakı “neo-conlar” hərəkatının ideyalarından imtina edən Donald Tramp və onun tərəfdarları qeyd edirlər ki: “Xarici siyasətdəki problemlər 20 ildən çoxdur davam edir. Bu, Ukrayna, Gürcüstan, Azərbaycan, əski Yuqoslaviya, Əfqanıstan və Orta Doğu problemləridir. Özgürlük və bağımsızlıq ideyası ilə irəli sürülən bir sıra konsepsiyalar özünü hələ də doğrultmur. Dondurulmuş münaqişələr neoimperiya siyasətini yürüdən dövlətlərin daha da böyük gücə çevrilmələrinə səbəb olmuşdur”. ABŞ-da ictimai fikrin belə bir məcraya yönəlməsinin başlıca səbəbi indi sabiq prezident statusunu almış Barak Obamanın “ABŞ tarixində ən uğurusuz prezident” imicini qazanması olmuşdur. “Bank Uoll Strit”in komandası altında “Soros Fondu”, ölkənin “CİA”, “FBR” və digər güc mərkəzləri yalnış olaraq Hillari Klintonu müdafiə edirdilər. Türkiyənin indiki məqamda Orta Şərq, Qafqaz, Orta Asiya və Balkan regionunda artan nüfuzu, belə bir məqamda ABŞ-dan idarə olunan “FETÖ”-çu örgütlərin dövlət çevrilişi cəhdlərinin iflasa uğraması Hillari Klintonun timsalında artıq “demokratların məğlubiyyəti” kimi başa düşülməlidir.

Donald Trumpun seçilməsi Azərbaycana nələri vəd edir?  

Respublikaçılar Partiyasının nümayəndəsi qismində o, yaxın “100 günlük üçün plan”la çıxış etmişdir. Bu, www.donaldjtrump.com saytında da qeyd olunduğu kimi, B. Obama iqtidarının yalnışlıqları ucbatından ölkədə qanunsuz şəkildə yaşayan miqrantların, öz şəxsi mənfəətləri üçün fəaliyyət göstərən lobbi qruplarının xaricdən maliyyələşmələrinin tamamilə yasaqlanması, “Trans-Pasifik” ortaqlığından geri çəkilərək “NAFTA”nın (Azad İqtisadi Bölgələr) siyasətinin gücləndirilıməsi, BMT ilə birlikdə dünyada iqlim dəyişmələri proyektlərinin qarşısının alınması və bunun üçün alternativ strukturların yaradılması, hüquq və təhlükəsizlik məsələlərində Barak Obamanın son səkkiz ildə imzaladığı bir sıra sənədlərin Ana Yasa qanunlarına uyğun olmamasını nəzərə alaraq onların ləğv edilməsi, şəxsiyyəti şübhəli olan və eyni zamanda öz ölkəsində cinayətkar kimi qəbul edilən miqrantların ölkədən çıxarılması və ya onlara viza verilməməsi və digər maddələr qarşıda öz həllini gözləyən problemlərdir. Donald Trampın daxili və xarici siyasətdə irəli sürdüyü hədəflərdən biri də: “Xarici dövlətlərdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə demokratiyanın inkişafı adı altında ABŞ-ın vətəndaş cəmiyyəti institutlarına, QHT-lərə və partiyalara maliyyə yardımlarının tamamilə dayandırılması” məsələsidir. Beləliklə bəlli olur ki, ABŞ artıq öncələrdən fərqli olaraq, tamamilə yeni kurs götürməklə siyasi, iqtisadi və sosial məsələlərə fərqli yanaşmağı hədəf seçib. Bu, hər bir dövlətin öz daxili sosial-iqtisadi və siyasətini islahatlar yolu ilə həllindən ibarətdir. ABŞ eyni zamanda bütün etnik separatizmlərin qarşısının alınması məsələsinə ötənlərdən fərqli yanaşama taktikasını irəli sürəcək. Donald Trampın və onun komandasının irəli sürdüyü konsepsiyaya görə, regional münaqişələrin həlli yönündə xalqları barışdırmaq, iqtisadi və sosial problemlərin həlli yönündə birgə proyektlərdə iştiraka cəlb etmək ən doğru proseslərdən biri hesab olunur. Bunun üçün də Şimali və Cənubi Amerikada dövlətlərarası iqtisadi və ticarət əlaəqlərinin inkişaf tempini sürətləndirmək üçün “NAFTA”nın (Azad İqtisadi Bölgələr) siyasətinin gücləndirilıməsi proyektini gündəmə gətirməyi planlaşdırıb. Bu uğurlu yanaşmanın 13 ildir qan çanağına dönmüş Orta Şərq ölkələrində də tətbiqi üçün bir sıra addımların atılacağı artıq an məsələsinə çevrilib. İraq, Suriya, Liviya, Bəhreyn, Oman, Sudan, Misir, Əlcəzair, Tunis, Mərakeş, İordaniya və digər ölkələrdə bu taktikanın tətbiq edilməsi həm də xalqlararası, regionlararası və digər münaqişələrin qısa zaman içində həllinə yönəldilə bilər. Cənubi Qafqazla bağlı, iri enerji layihələrinin 47 milyard dollardan artıq olması da beynəlxalq aləmdə diqqət çəkən məsələ kimi strateji əhəmiyyət daşıyır. Donald Trampın daha öncədən Rusiya ilə isti münasibətlərinin olması, prezident seçildikdən sonra ilk telefon bağlantısında Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparması xüsusilə həssas və diqqət çəkən məsələ kimi dünyanın gündəminə gətirildi. Bu, ABŞ və Rusiyanın ilk dəfə olaraq, münaqişələrin və dondurulmuş problemlərin birlikdə həlli üçün açıq şəkildə bir işarədir. Durumun belə bir məcrada inkişaf etməsi Ukraynada “Krım”, Moldovada “Dnestryanı”, Cənubi Qafqazda “Dağlıq Qarabağ”, “Abxaziya” və “Güney Osetiya” problemlərinin həlli üçün birbaşa danışıqlar və sülh yolu ilə həlli deməkdir. Yeni iqtisadi formasiyaların asanlıqla inkişafına yol açan prioritetlərə yol verilməsi üçün münbit şəraitin yaradılması deməkdir. Azərbaycanda 1994-cü ildən bu yana, ABŞ-dan donor statusu ilə yardımlar alan QHT və siyasi instutular sektorunun effektiv təsir mexanizmlərini ortaya qoya bilməməsi ucbatından onların tamamilə iflasa uğraması deməkdir. Bütün bunları dünyada demokratiyanın iflasa uğraması kimi qəbul etmək də doğru deyil. İslahatlar yolu ilə inkişaf perspektivi isə çoxdan özünü doğruldan başlıca amillərdən biridir.

ABŞ-ın supergüc kimi öz statusundakı korrektələr

ABŞ-da yeni prezidenti Donald Tramp sosial statusuna görə rəsmi milyarderlərdən biri hesab olunur. Bu, ilk dəfədir ölkənin ali rəhbəri statusunu almış zəngin şəxs sayılacaq. 70 yaşlı milyaderin maraqları daha da zənginləşmək deyil, əsas məsələ ABŞ-ın daxili və xarici siyasətinin platformasının dəyişməsi kimi qəbul olunacaq. Ölkə maraqlarını hər şeydən üstün tutmaqla yanaşı, bir sıra köklü islahatlara üz tuttulacağına indi kimsənin şübhəsi yoxdur. Barak Obama administrasiyasını İŞİD və digər terror təşkilatlarının  "çiçəklənməsi"nə imkan verməkdə günahlandıran Donald Trampın ABŞ-ın Yaxın Şərq - Suriya və İraq siyasətini də müəyyən qədər dəyişəcəyini güman etmək olar: "Mən prezident seçilsəm, İŞİD olmayacaq". O, radikal islamçılara qarşı müharibə elan etməyi təklif edir. Bununla belə, 70 yaşlı siyasətçi ABŞ-ın hərbi xərclərinin xeyli azaldılmalı olduğunu hesab edir və NATO-nu "köhnəlmiş qurum" adlandırır. Hər halda Donald Tramp özü də əmin edir: "Biz münaqişə, düşmənçilik deyil, dostluq axtaracağıq".
Bir sıra ekspertlər isə yeni prezidentin ABŞ-ın nüfuzunun bərpa edilməsi istiqamətində addım atacağını, Donald Trampın ABŞ-ın yeni, fərqli xarici siyasəti üçün tramplin olacağını düşünür. Onun prezident seçilməsi ABŞ-Azərbaycan əlaqələrinə necə təsir edəcək? Ümumilyyətlə, ABŞ və Azərbaycan iki ölkə münasibətlərinin 25 illik tarixində olduğu kimi, yenə də əsasən siyasi, təhlükəsizlik, iqtisadiyyat, energetika, demokratiya, insan hüquqları, qanunun aliliyi kimi sahələrdə yaxından əməkdaşlıq edəcəklər. Donald Trampın prezident seçilməsinin ABŞ-Azərbaycan münasibətlərində hansısa dəyişikliyə səbəb olacağı gözlənilmir və indiyə qədər aparılan siyasət davam etdiriləcək. Birləşmiş Ştatlar bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyəcək.
ABŞ-ın daxili və xarixi siyasətə hesablanmış yeni strategiyasının daha çox dünyadakı iqtisadi, sosial və maliyyə böhranlarının qarşısının yeni texnologiyalara və münasibətlər üzərində köklənəcəyi artıq kimsəyə sirr deyil. Demokratiyanın inkişafı və ona maddi dəstək siyasətində bir sıra korrektələrə də üz tutmağa başlayıb. Bu, hər hansı dövlətin daxili islahatlar yolu ilə addım atması ilə müşahidə olunacaq. Əgər dünyanın supergücü olan ABŞ islahatlara gedirsə, deməli başqa ölkələrdə də bu proseslər daxili resurslara hesablanmış bir məcrada inkişaf edəcəkdir. “Demokratiya”, “İnsan Haqları” və digər məsələlər tamamilə fərqli müstəvidə inkişafa üz tutacaqdır. Bu, daha çox ölkədə liberal iqtisadi siyasət, idarəetmə və digər proseslərə üz tutulması deməkdir. Beləliklə istənilən ölkədə cəmiyyətin inkişafının liberal islahatlar və sosiallaşma düzəni ilə irəli aparmaq kimi proseslər yaranacaqdır. İndi dünyada baş verən yeni proseslər ABŞ-dakı son seçki ilə özünü bir daha isbat etmiş oldu. Klassik mənada cəmiyyətdə QHT və siyasi partiyalar anlayışı da dəyişməyə üz tutacaqdır. Köhnə düşüncə ilə iqtidar olmaq, müxalifətdə dayanmaq, QHT sektorunda təmsilçilik artıq keçmişdə qalmış mirasa çevriləcəkdir. İndi bütün bunları hesablayaraq ABŞ-ın supergüc kimi özündə korrektə aparması hamımıza bir örnəkdir. Hər bir xalqın və dövlətin öz daxili resursları hesabına demokratiyaya və islahatlara üz tutması XXI yüzilin başlıca prinsipidir. 

Ənvər BÖRÜSOY, xüsusi olaraq “XUDAFERİN.EU” üçün 

12:40