ABŞ-ın “Yaxın Şərqə qayıdış” planı

 

İŞİD məhv edilməli, İran bölgədən çıxarılmalıdır

İlham İsmayıl: “Ərdoğan dini baxışlarına görə, İranla müttəfiqlikdən imtina etməyəcək”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun Türkiyəyə səfərinin nəticələri təhlil edilir. Aparılan danışıqlarda əsasən İŞİD-lə birgə mübarizə məsələsinin müzakirə olunduğu bildirilir. Türkiyə mediasının məlumatına görə, ABŞ Ankaraya Əl Bab-dan sonra İŞİD-in paytaxtı hesab olunan Raqqaya birgə hücum etməyi təklif edib. Lakin Türkiyənin razılığı Tramp Adminstrasiyası qarşısında irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən asılı olacaq. Danışıqların məzmunu tam açıqlanmasa da Vaşinqtonun Suriyada terrorizmə qarşı mübarizədə Ankara ilə əməkdaşlığı bərpa etmək niyyəti açıq görünür. Türkiyə isə bunun yalnız ABŞ-ın PYD/YPG terror təşkilatına dəstəyini geri çəkməsindən sonra mümkün ola biləcəyini bəyan edir. ABŞ NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyə üstünlük veridiyi üçün güzəştə gedəcəyi istisna olunmur. Çünki Rusiya-İran ittifaqının regionda getdikcə möhkəmlənməsi ABŞ-ın Yaxın Şərqdəki mövqelərinin sıxışdırılması, NATO-ya daxil olan müttəfiqini itirməsi ilə müşahidə olunur. Rusiya və İranın bölgədə təsir dairəsinin genişlənməsi ABŞ-ın nəzarətində olan ərazilərin kiçilməsi hesabına baş verir. Rusiya-Türkiyə-İran alyansının qarşısında geri çəkilən PYD isə Amerikanın Suriyadakı nüfuz dairəsini qorumaq iqtidarında deyil. PYD eyni zamanda İsrail sərhədlərinə yaxınlaşan İran təhlükəsinin də qarşısını almaq üçün ABŞ-ın maraqlarını təmin edə bilmir. Bu baxımdan, ABŞ-ın Suriyada və Yaxın Şərqdə geosiyasi mövqelərini gücləndirmək üçün daha güclü müttəfiqə ehtiyacı yaranıb.

Vaşinqtonla Ankara arasında aparılan son danışıqlar ABŞ-ın bu məsələdə NATO üzvü olan Türkiyəyə üstünlük verdiyini göstərir. Tramp Adminstrasiyasından gələn açıqlamalar Birləşmiş Ştatlarının “Yaxın Şərqə yenidən qayıdış” strategiyasını iki istiqamətdə həyata keçirməyi planlaşdırdığını deməyə əsas yaradır. Birincisi, İŞİD-in məhv edilməsi ilə Suriyanın cənub-qərb, İraqın isə şimal-şərq ərazilərinə nəzarəti əl almaq. Həmin bölgələrdə Tehran rejiminin dəstəklədiyi şiə milis dəstələrinin İŞİD-ə və sünni qruplara qarşı apardığı hərbi əməliyyatlar İranın Yaxın Şərqə çıxışını təmin edə bilən dəhlizin qurulmasına şərait yaradır. Yəni, İŞİD-in mövcudluğu İranın regionda irəliləməsini və Suriya üzərindən “Hizbullah”la əlaqə yaratmasını təmin edir. Ona görə də strateji planın ikinci istiqamətini İranın Suriyadan çıxarılması və ABŞ-ın geosiyasi mövqelərini daha güclü şəkildə bərpa etməkdən ibarət olduğunu söyləmək olar. Barak Obamanın ABŞ qoşunlarını İraqdan çıxarmasından sonra Yaxın və Orta Şərqdə yaranan siyasi vakuum bir neçə il radikal islamçılığa dayanan terrorçu təşkilatların meydana çıxması ilə nəticələndi. Son dövrlər bu boşluğu Rusiya və İran doldurmaqdadır. Bu isə Amerikanın Yaxın və Orta Şərqdəki strateji maraqlarını təhlükə altına alır. Kürd yaraqlıları İŞİD-ə qarşı mübarizədə tutarlı vasitə olmadığını sübut etdi. Bu səbəbdən, Türkiyə ABŞ üçün daha əlverişli müttəfiq sayılır. Əgər Vaşinqton PYD-yə dəstəkdən imtina edərsə, Türkiyə də yəqin ki, Suriyadakı fəaliyyətinə yenidən baxa bilər. Türkiyənin indiki situasiyada Rusiya ilə müttəfqlikdən imtina edəcəyi real görünmür. ABŞ-la yaxınlaşma ən pis halda Rusiya ilə münasibətlərdə müəyyən məsafənin yaranmasına səbəb ola bilər. Lakin Ankara Rusiyanın nə qədər təhlükəli müttəfiq olduğunu da nəzərə alır. ABŞ PYD ilə əmkdaşlıqdan imtina edərsə, o zaman Kremlin kürd terrorçuları ilə işbirliyi quracağı şübhə doğurmur. Bu isə Türkiyənin ərazi bütövlüyünə qarşı yeni təhlükələrin yaranması deməkdir. Bu günlərdə Moskvanın PKK-nı terror təşkilatı kimi tanımadığını açıq bəyan etməsi məhz Türkiyəyə xəbərdarlıq kimi başa düşülməlidir.
Siyasi ekspertlərin fikrincə, ABŞ Raqqa üzərinə birgə hücum barədə Türkiyə ilə anlaşma əldə etsə də bölgədəki digər qüvvələrin bu məsələyə münasibəti açıq qalır. Prezident Tramp hakimiyyətə gəldiyi zaman Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı bərpa edəcəyini bildirmişdi. Lakin Vaşinqton Raqqa əməliyyatında Rusiya ilə birgə hərəkət etmək barədə hələlik heç bir təklif irəli sürməyib. Təbii ki, ABŞ-ın Suriyada irimiqyaslı hərbi əməliyyatara başlaması İranın da narahatlığı ilə qarşılanacaq. Bu səbəbdən, siyasi müşahidəçilər ABŞ-ın Yaxın Şərqlə bağlı yeni planlarında boşluq olduğunu bildirirlər. Söhbət Amerikanın İŞİD-lə yanaşı paralel olaraq İrana qarşı mübarizə aparmaq istəyindən gedir. Bu siyasətin formulunun necə olacağı hələlik məlum deyil. MKİ-nin rəhbəri Mayk Pompeonun Ankaraya səfəri zamanı Birləşmiş Ştatların Türkiyə qarşısında “İransız Suriya” şərtini irəli sürməsi ehtimalı böyükdür. Türkiyənin buna razılaşması Rusiya ilə münasibətlərə yenidən baxılmasından daha asandır. Çünki Türkiyəyə ABŞ kimi güclü müttəfiq və PYD-yə hərbi-siyasi dəstəyin geri çəkilməsi lazımdır. Eyni zamanda, İran hazırda bir müsəlman dövləti kimi Türkiyənin regiondakı əsas geosiyasi rəqibinə çevrilməkdədir. Bu baxımdan, İranın Yaxın Şərqdən sıxışdırılması Türkiyənin maraqlarına cavab verir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın Cebhe.info-ya bildirdiyinə görə, Barak Obamanın prezidentliyi dövründə soyuyan ABŞ-Türkiyə münasibətləri Donld Trampın hakimiyyət başına gəlməsindən sonra yeni mərhələyə daxil olub. Hər iki tərəf münasibətlərin qaydasına düşməsini istəsə də bu prosesin öz maraqları çərçivəsində baş tutmasına çalışır: “Türkiyənin Suriya məsələsində Rusiya ilə sıx yaxınlaşması ABŞ-ın maraqlarına uyğun deyil. Vaxtilə Bəşər Əsədin hakimiyyətdən getməsində Türkiyə və Amerikanın maraqları üst-üstə düşürdü. İndi isə Əsədin hakimiyyətdən getməsi Rusiyanın marağında deyil, Türkiyə də bu barədə susur. İran məsələsinə gəlincə, Trampın kəskin siyasəti Tehranı yenidən qonşu dövlətlərə möhtac edəcək. Məlumdur ki, qeyri-leqal bank əməliyyatlarının bir çoxu Türkiyənin, o cümlədən Rza Zərrab kimi bir adamın əli ilə həyata keçirilib. Onun həbs edilməsi də bu cür maliyyə əməliyyatlarını həyata keçirməsi ilə bağlı olub. Bunlar hamısı Türkiyənin köməyi sayəsində baş tutub və Amerikanın maraqlarına ziddir. Türkiyənin də ABŞ qarşısında tələbləri çoxdur. Bu ilk növbədə, PKK və PYD ilə bağlıdır. Hətta İŞİD-in məhv olunmasında PYD-dən istifadənin yararsız olduğunu sübuta yetirmək Türkiyənin maraqları dairəsindədir. PYD-nin Raqqaya hücumunun alınmaması bunu bir daha təsdiq etdi. Prezident Trampın mövqeyi bu məslədə sadəcə bir yenilikdir. Amerikanın və Türkiyənin fundamental maraqları var. Bu maraqlar bəzən Susira, PKK, PYD məsələsində bir-birinə zidd gəlir. Amerikanın mövqeyi bundan ibarətdir ki, Türkiyənin vasitəsilə İran iqtisadiyyatını dirçəldən hərəkətlərə yol verilməsini istəmir. Türkiyə də bundan qazanc götürdüyü üçün vaz keçmək istəmir. Ancaq Türkiyənin təhlükəsizlik maraqları var və bunun əsas təminatçısı NATO-dur. Türkiyənin coğrafi mövqeyi elədir ki, ABŞ başqa güclərin həmin regionda oturuşmasına və Türkiyənin təsir altına düşməsini istəmir. ABŞ və Türkiyə arasında müxtəlif səviyyələrdə belə danışıqlar davam eədcək. Amma onun nəticə verib-verməyəcəyi müəyyən dövrdən sonra bilinəcək”.

İlham İsmayıl hesab edir ki, Ərdoğan iqtidarı İranla əməkdaşlığı tam dayandırmayacaq. Bu da onun islamçı baxışlara malik olması ilə bağlıdır. Türkiyə ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sərt sanksiyalara qoşulmayacaq. Eyni zamanda, əvvəlki yaxınlığı da olmayacaq: “Türkiyə Amerikaya xoş gəlmək üçün İranla yaxınlığına məhdudiyyətlər qoyacaq. Amma Rusiya qırıcı təyyarəsinin Türkiyə əsgərlərini bombalaması adi bir qəza deyildi və Putinin Türkiyəyə xəbərdarlığı idi. Təxminən yarım il ərzində kimin hansı müstəvidə qaldığı məlum olacaq. Hələlik isə tərəflər şirin dillə danışır”.

Müşfiq Abdulla

Cebhe.info

 

09:15