ABŞ Qarabağ məsələsində daha yaxşı variant təklif edir

 

Helsinki Komissiyasının təşkil etdiyi “Dağlıq Qarabağda Müharibənin Qarşısını Almaq” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan-Ermənistan sülh danışıqları və bu məsələdə ABŞ və ATƏT-in rolu ətrafında müzakirələr aparılıb. Bu müzakirələri necə dəyərləndirmək olar?

 

Öncə qeyd edim ki Helsinki Komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələr problemin həllinə yönəlik cəhddən çox, bütün maraqlı tərəflərə verilən üstüörtülü mesajlarla diqqət çəkir. Xeyli müddətdir ki münaqişə tərəflərinin hökumətlərinin bu problemi öz siyasətlərinin alətinə çevirmək istəyi qabarıq görünür. Təsadüfi deyil ki seçkilər öncəsi və sosial problemlərin yaratdığı gərginliklərin artdığı vaxtlar müharibə riski süni şəkildə daha çox gündəmi zəbt edir. Atəşkəsin pozulması və lokal hərbi əməliyyatlar hər iki ölkənin sadə vətəndaşlarını və beynəlxalq ictimaiyyəti monipulyasiya etmək imkanı yaradır. Artıq maraqlı tərəflərin hər birinə aydındır ki Dağlıq Qarabağla bağlı beynəlxalq sülhyaratma missiyasının mandatına sahib olan ATƏT-in hansısa müstəqil qərarlar qəbul edərək problemi həll etməsi real deyil. ATƏT-in həmsədr dövlətlərindən ABŞ və Rusiyanın münaqişənin həllinə baxışında nəzərəçarpacaq fərqlər olsa da dərin ziddiyyətlər yoxdur. Tərəflərin mövqeyi ilə yanaşı həmsədrlərin fərqli baxışları da problemin həllinə öz mənfi təsirini göstərir. Rusiyanın rəsmi mənbələrindən sızdırılan bilgilər göstərir ki, onlar ümumiyyətlə bu münaqişənin həlli prosesində kənar təsirləri tamamilə azaltmağa və problemi öz nüfuz dairəsinə almağa çalışırlar. Hətta Azərbaycan və Ermənistan hökumətləri də nizamlama prosesində Rusiyanın özəl təşəbbüslərindən qəti şəkildə imtinaya maraq göstərmir. Əgər diqqət etsək görərik ki Rusiyadan gələn ən arzuolunmaz təkliflərə belə münaqişə tərəfləri sakit və təmkinlə yanaşır. Rusiya ilə Ermənistanın bir çox maraqları üst-üstə düşdüyündən onları anlamaq mümkündür, ancaq Azərbaycan tərəfinin bu məsələdə yanaşması anlaşılmazdır. Rusiyanın mövqeyi siyasi baxımdan daha da gücləndikcə ölkəmizin təhlükəsizliyinə və suverenliyinə təhdidlər də artacaq. Helsinki Komissiyasında keçirilən dinləmələri münaqişənin nizamlanması ilə bağlı Rusiyanın artmaqda olan özəl təşəbbüslərinə reaksiyanın nəticəsi saymaq olar. Rusiya işğal edilmiş 5 rayonun qaytarılması müqabilində sülh sazişini gündəmə gətirirsə, ABŞ 7 rayonun azad edilməsi ilə bu prosesin paralel aparılmasını dəstəkləyir. ABŞ-ın mövqeyi ölkəmizin maraqlarına uyğun gəlsə də, təəssüf ki rəsmi Bakı bu istiqamətdə diplomatik fəallıq göstərmir və ya göstərə bilmir.

Rəsmi ABŞ-ın təkliflərində sülh üçün siyasi iradə, Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik və özünüidarəçilik çərçivəsi, işğal edilmiş Azərbaycan rayonlarının hamısının geri qaytarılması, Ermənistanla Dağlıq Qarabağ arasında bütövlükdə Laçın rayonu olmadan hansısa dəhlizin mövcudluğu, qaçqınların evlərinə dönməsi və beynəlxalq sülhməramlı qüvvələrin mümkün iştirakı ilə təhlükəsizlik qarantiyaları yer alır.

ABŞ-ın indiyədək sərgilədiyi rəsmi mövqe Azərbaycanın maraqlarına uyğun olsa da, bu yanaşmanın getdikcə dəyişəcəyi istisna deyil. Çünki Azərbaycan tərəfindən ABŞ-ın təkliflərinə ən yüksək səviyyədə açıq dəstək ifadə olunmadığından tədricən onların öz yanaşmalarında israrlı olmayacaqları mesajları da sızmaqdadır. Problemin həlli ilə bağlı yaxından məşğul olan bəzi ABŞ diplomatları açıq şəkildə hesab edir ki, münaqişə baş verərkən Azərbaycan və Ermənistan yenicə müstəqil dövlət olduqları halda, indi o vaxtdan xeyli müddət keçib və bu müddət ərzində həmin dövlətlərin siyasi-iqtisadi formasında əhəmiyyətli dəyişikliklər baş verib. Münaqişənin həllində bu dəyişikliklər mütləq nəzərə alınmalıdır.

Diqqət etsək görərik ki Azərbaycan hökumətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi əzici daxili siyasət, insan hüquq və azadlıqlarının total şəkildə pozulması, beynəlxalq mediada nəhəng korrupsiya qalmaqalları onu nüfuzlu beynəlxalq ictimaiyyətin qınağına tuş edib. Azərbaycanın rəsmi siyasəti demokratik dünyanı özündən uzaqlaşdırmağa xidmət edir. Faktiki olaraq Ermənistan bir çox siyasi-demokratik parametrlər üzrə Azərbaycanı üstələməkdədir. Bu şəraitdə Ermənistanın öz hərbi qələbəsini diplomatik yolla uğurla tamamlaması üçün yaxın gələcəkdə əlverişli imkan yarana bilər. Təəssüf ki Azərbaycan diplomatiyası hələ də yanlış olaraq münaqişənin ədalətli həllini beynəlxalq qurumlardan ummaqda davam edir. Özü isə bu istiqamətdə ən sərfəli variantları belə dəstəkləməyə çəkinir. Unutmaq olmaz ki qlobal və regional beynəlxalq oyunçuların konkret maraqları var və onun təminatı üçün istənilən sülh variantı onlar üçün məqbul ola bilər. Azərbaycanın rəsmi qurumları bu dinləmələrin qapalı mesajlarını dəqiq oxumalı və yubanmadan müvafiq addımlar atmalıdır.

Nəsimi Məmmədli
Azadliq.info

09:46