ABŞ-ın dəstəklədiyi Suriya kürdləri Rusiya ilə də ‘dil tapıblar’

 

Suriya kürdlərinin silahlı YPG qruplaşması bildirib ki, yenicə əldə olunmuş ikitərəfli razılaşmaya əsasən Rusiya Suriyanın şimal-qərbində kürd döyüşçülərinin təlimləndirilməsi üçün hərbi baza yaradacaq.

Reuters agentliyi yazır ki, bu xəbər bölgədə kürd separatçılığına qarşı çıxan Türkiyəni əsəbiləşdirə bilər. Lakin Rusiya Müdafiə Nazirliyi bu xəbəri “dəqiqləşdirərək” bəyan edib ki, Moskva Suriyada yeni hərbi bazalar yaratmağı planlaşdırmır. Amma bununla belə nazirlik bildirib ki, onun Suriyadakı “barışıq mərkəzinin” bir bölümü burada döyüşən qruplaşmalarla yerli əhəmiyyətli sülh sazişləri barədə danışıqlar aparır. Nazirliyin məlumatına görə hazırda həmin “bölüm” Hələb vilayətindəki Afrin məntəqəsinin yaxınlığında mənzillənib.
 

Həm ABŞ, həm də Rusiya

 

Reuters xəbər verir ki, Suriya münaqişəsinin əsas tərəflərindən biri olan kürd YPG qüvvələrini Birləşmiş Ştatlar da dəstəkləyir və bu qüvvələr ABŞ-ınİslam Dövləti adlanan təşkilata qarşı mübarizəsində əsas rollardan birini oynayır. YPG sözçüsü Redur Xelil Reuters agentliyinə deyib ki, Moskva ilə razılaşma martın 19-da əldə edilib və kürd döyüşçülərə təlim keçəcək Rusiya hərbçiləri zirehli texnika ilə birlikdə Afrinə gəliblər.

Reuters yazır ki, Suriya kürdləri özlərini mütəşəkkil hərbi qüvvə kimi tanıtdıqdan sonra bölgədə həm ABŞ-ı, həm də Rusiyanı öz tərəflərinə çəkə biliblər. Beləliklə də Suriyanın şimalındakı hərbi-siyasi vəziyyət bir daha yeni dəiyişikliyə uğrayır. Belə ki, Afrində Rusiya qoşunlarının yerləşdirilməsi Türkiyənin bu bölgədəki kürd qüvvələri üzərinə sərhəd üstündən hücumlarına imkan verməyəcək.

Bundan əvvəl Mənbic şəhəri yaxınlığında ABŞ əsgərlərinin yerləşdirilməsi oradakı kürd YPG qüvvələrini Türkiyə hücumlarından sığortalamışdı. Məhz buna görə də Türkiyə verdiyi bütün hay-küylü vədlərinə baxmayaraq Mənbic üzərinə hücuma keçə bilmədi.

Türkiyə mat qalıb

Afrin ətrafında baş verənlər barədə sualı cavablandırarkən Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib ki, Ankara Suriyanın şimalında nə “terrorçu ərazinin”, nə də “terrorçu dövlətin” yaradılmasına imkan verməyəcək. Kurtulmuş deyib ki, Ankara bu mövqeyini hər bir görüşdə həm ruslara, həm də amerikalılara bildirir. Reuters yazır ki, YPG Suriyanın şimal-qərbində geniş ərazilərə nəzarət edir və oradakı Afrin regionu Türkiyə üçün başlıca narahatlıq mənbəyidir.

Azad Suriya Ordusuna daxil qiyamçıalrın dəstəyinə arxalanan Türkiyə YPG-nin Suriya ərazisində hər hansı muxtar bölgənin yaradılmasına imkan vermək istəmir. Xelil Reuters agentliyinə bildirib ki, Rusiya qoşunlarının yerləşdirilməsi nəzərdə tutulan Kəfr Cina ərazisi əvvəllər Türkiyə tərəfindən atəşə tutulurdu, amma indi rusların burda olması türklərə mane olacaq.

Xelil Kəfr Cinaya nə qədər rus əsgərinin gətirildiyini bildirməyib.

 

O yalnız bunu bildirib ki, “kürdlərlə ruslar arasında razılaşma martın 20-də qüvvəyə minib”. YPG rəhbərliyi martın 20-də bildirib ki, onun qüvvələri bu il 100 min döyüşçüyə çatdırılacaq. Reuters yazır ki, Türkiyə son günlərədək ABŞ-ı kürd YPG qüvvələrini dəstəkləməməsi üçün dilə tuturdu. İndi isə bəlli olur ki, üstəlik YPG ruslarla dil tapa bilib.

Reuters

10:00