ABŞ-da yaşayan azərbaycanlılar Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər

Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ABŞ-da yaşayan icma üzvləri Novruz bayramı münasibətilə bir araya gəliblər. Onlayn keçirilmiş tədbirdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan icma fəalları və ABŞ-da fəaliyyət göstərən bir sıra azərbaycanlı musiqişünas və sənətkarlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qoşulub.
Səfir E.Süleymanov çıxış edərək icmanı Novruz bayramı münasibətilə təbrik edib və builki bayramın torpaqlarımızın işğaldan azad olunması səbəbi ilə xüsusi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsi ilə birlikdə builki Novruz tonqalını Şuşada – Cıdır düzündə alovlandırmasını ölkəmiz və xalqımız üçün təntənəli hadisə olduğunu qeyd edib. Qazanılmış zəfərin qorunması və əbədi edilməsi üçün şəhidlərimizin xatirəsinin daim anılmasının və qazilərimizin əziyyətinin heç vaxt unudulmamasının vacibliyini vurğulayan səfir, onların ailələrinə dəstək olmağın hər birimizin borcu olduğunu vurğulayıb.
Novruz bayramının həm də birlik bayramı olmasını qeyd edən səfir martın 19-da yeddi ölkənin, o cümlədən Azərbaycanın ABŞ-da fəaliyyət göstərən səfirlikləri bir araya gələrək Novruz bayramını qeyd etdiyini bildirib. Tədbirdə ABŞ dövlət katibi Entoni Blinkin və digər ABŞ rəsmiləri Novruz bayramını qeyd edən xalqları təbrik etmiş və hər bir ölkənin təqdimatı keçirilmişdi. Bu xüsusda səfir ABŞ Prezidenti Co Baydenin Azərbaycan Respublikası Prezidentinə şəxsi təbrik məktubu ünvanladığını da vurğulayıb.
Tədbirdə müxtəlif ştatlarda yaşayan icma üzvləri çıxış etmiş və bayram təbrikləri ilə bölüşüblər. Meyn ştatından Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti, Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (CASA) idarə heyətinin üzvü Tərlan Əhmədov, Şimali Karolina ştatından Rüfət Nadir, Texasda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçisi Samir Novruzov, Hyuston şəhərində Azərbaycan Mərkəzinin təsisçisi və prezidenti İradə Axundova, Minnesota ştatından Günel Rallis, Nyu-York şəhərindən Mehriban Nəsibova, eləcə də icma fəallarımız Həbib Azərsina, Arman Salmasi və digərləri təbriklərini çatdırıb. Çıxışlarda Qarabağ zəfərinin hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdığı və bunun davamlı olması üçün xaricdə yaşayan həmvətənlərimizin eyni qayə ətrafında daha sıx birləşməsinin vacibliyi xüsusilə vurğulayıb. Bu xüsusda, 44 günlük müharibə dövründə icmalarımızın göstərdiyi birlik və davamlı aparılan təbliğat fəaliyyətlərinə də toxunulub.
Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitzberg Azərbaycan klassik musiqinin tarixindən danışaraq, Şuşa şəhərinin Azərbaycanın musiqi ənənələrinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb. O, tanınmış bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını və “O olmasın bu olsun” operettasından “Deyirlər toy olacaq” səhnəsini xatırladaraq ermənilərin bu əsərlərin erməni musiqisi kimi qələmə vermək cəhdlərindən, eləcə də buna qarşı Azərbaycan mədəniyyət işçilərinin apardığı mübarizədən danışıb.
Çıxışlar və bayram təbrikləri ilə yanaşı, hazırda ABŞ-da yaşayan istedadlı pianoçu Emil Əfrasiyab və xanımı Leyla Babayevanın ifasında Üzeyir Hacıbəyli və Vaqif Mustafazadə yaradıcılığından əsərlər də səsləndirilib.

 
Xudaferin.eu

16:02