ABŞ-da Qarabağ həqiqətlərinin carçısı

Gülbəniz Arifqızı Azərbaycanın dilbər guşəsi olan Qarabağda anadan olsa da, sonradan tale elə gətirib ki, ABŞ-da yaşamalı olub. Hal-hazır Kaliforniyada fəaliyyət göstərir. ABŞ-da “Los-Ancelos Türkləri”, “Vətənpərvərlər” və sair sosial şəbəkələrin yaradıcılarından biridir. Bir zamanlar Bakıda Texniki Universiteti bitirsə də, Qarabağ savaşı dönəmində Füzuli və Xocavənd rayonlarında ermənilərlə üzbəüz səngərlərdə əsgərlərimizlə birlikdə könüllü olaraq şəfqət bacısı kimi çalışmışdır. Bununla yanaşı, o döyüş bölgələrində yaşanılan durumla bağlı hər gün gördüyü və şahidi olduğu hadisələri diktafona yazmış, həm də fotolar çəkmişdir.

–Gülbəniz xanım necə oldu ki, tale sizi uzaq Kaliforniyaya aparıb çıxartdı?

–Mən heç zaman belə bir taleni yaşayacağımı gözləmirdim. Ötən yüzilin 90-cı illərində Xocavənd və Füzuli rayonları işğal olunandan sonra, çoxları kimi əməlli başlı depressiya çağını yaşadım. Qarabağ savaşının ətrafında yaşanılan siyasi avantüralar, daxili və xarici çəkişmələrlə bağlı oxuduğum kitablar, qəzet və jurnallardakı reportajları bu gün yenidən vərəqlədikdə bütün həqiqətlərin əsil mənbəyini indi dərk etməkdəyəm. 1993-1995-ci illərdə yaralı halda əsir düşmüş əsgərlərimizin  və sıravi vətəndaşlarımızın aqibəti, döyüş bögələrində əldə olunan atəşkəslə bağlı ingilis dilini bildiyim üçün “Qırmızı Xaç Beynəlxalq Təşkilatı”nın bölgədəki nümayəndəliyində çalışırdım. Mümkün qədər əlimdən gələni etməyə çalışırdım. Bu sahədə biliklərimi artırmaq üçün daha çox bilgi əldə etməyə çalışırdım. Beləliklə günlərində birində bir də gözlərimi açdım ki, artıq ABŞ-dayam. Buraya əlavə təhsil almaq üçün gəlmişdim. Daha sonra isə bütün dünyada müharibə qaçqınlarının problemlərini araşdırmağa başladım. Qarabağ ətrafında baş verən qlobal siyasətlərin mənasını da burada dərk etdim. Hər bir müharibənin özünə məxsus anatomiyası var. Ermənilər 1990-cı illərdə Çarlıq Rusiyasının çöküşü zamanı ortaya atdıqları bir ideya kimi Qafqazda hansı dövlətin daha güclü təsiri olmasını nəzərə alaraq Azərbaycanın daha çox ərazilərinə sahib olması düsturuna bağlıdır. Keçmiş Sovetlər Birliyi də dağılan ərəfədə də məhz bu addımları atmışlar. 1914-1920-ci illərdə Gürcüstan və Azərbaycanda ərazilər uğrunda və vətəndaş müharibələrində ermənilər necə aktiv olmuşdularsa, 1991-1994-cü illərdə də həmin siyasəti bu iki dövlətə qarşı davam etdirmişlər. Beləliklə də Qafqazı əlindən buraxmaq istəməyən Rusiyanın dəstəyi  və eləcə də yaranmış böhrandan İrandakı rejimin dərin strateji hədəfləri sayəsində bu gün Qarabağ işğal altındadır. ABŞ-dakı universitetlərdə, strateji mərkəzlərdə və eləcə də digər araşdırma institutlarında Qarabağ həqiqətləri barəsində neçə illərdir məruzlərlə çıxışlar edirəm. 

–Vətənə necə, vaxtınız olurmu gəlib ziyarət etməyə?

–Əlbəttə. Azından iki-üç ildə bir dəfə gəlirəm. Bakı, Füzuli, Beyləqan, İmişli, Gəncə və başqa bölgələrdə yaşayan qohumlarımı ziyarət edirəm. Hər dəfə burada Qarabağla ilgili çap olunmuş xeyli kitablar əldə edərək onları ABŞ-dakı universitetlərin kitabxanlarına hədiyyə edirəm. Bu məsələdə mənə Azərbaycandakı qohumlarım da dəstək verirlər. Onlar Qarabağla bağlı hansı kitablar çıxırsa, dərhal əldə edir və Azərbaycana gəldiyim günü gözləyirlər. Bu barədə bizlər kimsəyə özümüzü reklam etmədən vətən qarşısında borcumuzu yerinə yetiririk.

–Bəs Azərbaycanda ictimai təşkilatlarla, rəsmi qurumlarla hansı əlaqələrin var?

–Demək olar ki, kimsə ilə əlaqə qurmuram. Ona görə ki, nə iqtidarın, nə də müxalifətin adamı olmaq fikrində deyiləm. Sıradan bir vətəndaş kimi dövlətçi möqe ilə daha çox bu vətənə xidmət etmək fəlsəfəsi mənə xoş gəlir.

–ABŞ-da necə, sizin üçün maraq dairənizdə istənilən fəaliyyət imkanları varmı?

–ABŞ ilk baxışdan dünyanın ən çox darıxdırıcı ölkəsi kimi görünür. Ancaq, dərinliklərə baş vurduqda görürsən ki, əslində bu ölkə elə dünyanın özü deməkdir. Burada daxili və ya xarici aləmlə bağlı istənilən sahədə fəaliyyət göstərmək imkanları çox genişdir. Mən də bu məqsədlə ABŞ-da məskunlaşmaq qərarına gəldim. Təkcə gəlir deklorasiyasını yerli hakimiyyətə təqdim et və istədiyin sahədə çalış. Burada insanların şəxsi və ictimai həyatı tamamilə şəffafdır. Hər hansı bir məhdudiyyət yox dərəcəsindədir. Bacardığın hər hansı işin qulpundan yapışmaq üçün şəraitin məhdudiyyəti yoxdur.

–Qarabağ həqiqətləri ilə bağlı kitablar dərc etmisiniz. Bu sizin üçün nə demək idi?

–Mən sadəcə bir zamanlar diktafonuma köçürdüyün müsahibələri, gündəliyimdə qeyd etdiyim hadisələri və bir də fotoaparatımın yaddaşında qalanları bir araya gətirmişəm. Əslində gördüyüm və şahidi olduğum hadisələrin salnaməsini yazmışam. Sonra həmin kitabları yaxın dostlarım və qohumlarım arasında paylamışam. Şahidi olduğum olayların özü də sübut edir ki, Qarabağ uğrunda müharibədə kimsə torpaq satmayıb. Bizim xalq son nəfəsinə kimi ermənilərlə müharibədə öz qeyrətini göstərib. Məni ən çox ağrıdan tək səbəb isə, bütün dünyada olduğu kimi, hər hansı bir müharibənin sonucunda yaranmış ağır depressiya, insanların sosial həyat tərzinin dəhşət saçmasıdır. Min illər boyunca  formalaşmış həyat düzəninin deqradasiyaya uğramasıdır. Azərbaycan xalqı təəssüflər olsun ki, bu acı gerçəkliklərlə üz-üzə qaldı. Əxlaq pozğunluğu sadəcə xalqın həyat tərzinə çevrilmədi, həm də ictimai mənaya çevrildi. Bu xalqımız üçün çox böyük təhlükə deməkdir. İndi belə bir durumun qarşısının alınması yönündə beynəlxaql təcrübəni çox diqqətlə araşdırmaqdayam və bunun qarşısının necə alınması istiqamətində yazacağım kitablar üzərində çalışıram. Başqa xalqları deyə bilmərəm, ancaq, türkə məxsus gələnək və inanclı dəyərləri bərpa etmək çox asandır. Bunu milli genetik kodlarımız da təsdiq edir. Apardığım araşdırmalara görə Azərbaycanda bu sosial bəlanın tək çözüm yolu isə Qarabağın azad edilməsidir.

–Nədən bu fikrə düşmüsünüz?

–Məni ifratçılıqda suçlamasınlar. Ancaq, bir həqiqət bəllidir ki, Qarabağ son iki yüz ildə Azərbaycan ictimai fikrinin əsas mərkəzlərindən biri olub. Üzeyir Bəydən üzü bu yana yüzlələr maarifçilərin və elm xadimlərinin həyat tərzini, onların fəaliyyətini diqqətlə təqib etdikdə çox möhtəşəm bir tablo yaranır. Xudu Məmmədovun dünya elminə verdiyi tövhə bəşəri mənada böyük bir inkişaf doktrinasıdır. Kristalloqafiyanın sadəcə kimyəvi önəmi deyil, həm də qüdrətli bir mədəni düzənin fəlsəfəsi və estetikası anlamı ilə hamını elə bu gün də heyrətə gətirən faktordur. Qarabağın iqlimi, suyu və havası elədir ki, Azərbaycan xalqı yenidən o möhtəşəmliyin zirvəsinə qalxa bilər. Ermənilər elə buna görə tarix boyu işğalçılıq siyasəti aparan güclərin maşası rolunda çıxış etmişlər. Bizlər Qarabağa sahib çıxsaq, nəinki Qafqazda, eləcə də Türk Dünyasında Azərbaycan ən qüdrətli bir ölkə kimi özünü təsdiq edə bilər.

–Siz ABŞ-da internet resursları sayəsində bir sıra sosial şəbəkələr yaradaraq bu yöndə ideyalarınızı təbliğ edirsiniz. Bütün bunların hansısa ictimai düşüncə baxımından təsiri varmı?

–Addım-addım irəliləyirik. Bu proses çox çətin başa gəlsə də, geri çəkilmək də yoxdur. Artıq ABŞ-da fəaliyyət göstərən “Türk Dərnəkləri Federasiyası” ilə çox ciddi əlaqələrimiz var. ABŞ-da bu gün 2 milyondan çox Anadolu Türkləri, 400 minə yaxın azərbaycanlı, 40 min qaraçay-balkar, 270 min uyğur, 230 min Krım tatarı, qazax, özbək, türkmanlar və digər türk xalqlarının nümayəndələri yaşayırlar. Beləliklə də sayları 3 milyondan çox olan türk xalqları ilə birlikdə Türk Dünyasının problemlərini qabartmaqla hamılıqla bütün bunların həlli yönündə çox işlər görmək olar. Beynəlxalq Birlik istənilən problemin həlli yönündə o zaman hərəkətə keçməyə məcbur olur ki, orada ya böyük güclərin dərindən maraqları var, ya da hər hansı bir məsələdə böyük güc və iradə ortaya qoyulur. Fikrimcə Qarabağ məsələsində Azərbaycanın tək gücü Türk Dünyası ilə təbii harmoniyasını iradə kimi ortaya qoymalıdır. Sosial şəbəkələrimiz vasitəsi ilə məhz bunun üzərində çalışırıq. “Los Ancelos Türkləri” sosial şəbəkəmiz demək olar ki, Qarabağ məsələsində daim irəli sürdüyüm ideyaları təbliğ edir. Bundan əlavə, yurd dışında yaşayan soydaşlarımızla birgə “Vətənpərvərlər” sosial şəbəkəmiz sadəcə azərbaycanlılar arasında təbliğat işlərini aparırıq. Unutmaq olmaz ki, ABŞ-da Azərbaycan dövlətinə qarşı, özəlliklə Qarabağ məsələsinin həllinə qarşı çox böyük güclər mövcuddur.

–Bu hansı güclərdir?

–ABŞ-da sayları milyondan çox iranlı mühacirlər var. Çoxları zəngin işadamlarıdırlar. Onlar “paniranizm” və “panfarisizm” ideologiyası ilə hərəkət edirlər. Fars dilində çoxsaylı TV kanalları var. İrandakı indiki molla rejimini tənqid etsələr də, pəhləvilər dönəmindən miras qalmış “paniranizm” ideyasının qatı tərəfdarlarıdırlar. Beləliklə əslən azərbaycanlı olan və Güney Azərbaycan haqqında düşünənləri “separatçı” adlandırırlar. Yunanların lobbisi də çox güclüdür. Onlar dövlət siyasətində, bank sektorunda və kilsə məsələsində daim erməniləri müdafiə edirlər. Son illər formalaşmaqda olan “kürd kartı” bizlərə qarşı siyasi proseslərə qatılıb. İrland, alman və ingilis lobbisini isə öz marqaları çərçivəsində yer alan hədəflər ilgiləndirir. Təkcə yəhudi lobbisi Türk Dünyasına isti münasibət gösətir. Fransız lobbisi də ermənilərlə ortaq siyasətin içində yer alıb.

–Türk lobbisinin bizim istəklərimizə görə gücü çatacaqmı?

–Bunun üçün çox çalışmamız gərəkdir. Ona görə də Türk Dünyası ailəsinə daxil olan dövlətlərdə demokratik rejimlər inkişaf etməlidir. Dini siyasət mümkün qədər dövlətdən ayrı olmalıdır. Türk dövlətləri arasında inteqrasiya dərinləşdirilməlidir. Diaspor və lobbi siyasətində reformlar aparılmalıdır. Bütün bunlar baş verdikdə bizlərin sorunlarımız da öz həllini tapacaqdır. Türk Dünyasının coğrafiyasının hüdudları çərçivəsində dünyanın yeni inkişaf doktrinası böyük güclərin klassik mənada hazırladıqları strateji hədəflərdən daha asan başa gələn prosesə çevrilməlidir. Buna önəm verildikcə Orta Doğuda, Orta Asiyada, Balkanlarda  və Qafqazda vətəndaş savaşları da olmayacaqdır. Türkiyədəki bu gün mövcud iqtidarın ərəb-islam siyasətinə önəm verməsi bu prosesləri əngəlləyir. Ona görə də, digər türk dövlətləri bir araya gələrək Türkiyədəki AKP iqtidarının yalnışlığını qınamalıdırlar.

–Nədən dini məsələ?

–İslam dini adı altında daim klassik mənada bir hegemonluq və ya qatı mühafizəkarlıq mövcuddur. Ona görə də müsəlman ölkələrində demokratiya, insan haqları, texnoloji inkişaf çox axsayır. Başqa bir yandan isə, islamiyyət “panərəbizm” xəstəliyinə tutulub. Mövhumat isə bu bəlanın aparıcı gücünə çevrilib. İslam Dünyası deyildikdə sadəcə ilkin ərəb coğrafiyası önə çəkilir. Qarabağ məsələsində bizlər bunun şahidi olduq. Türk Dünyasındakı problemlər heç zaman onları ilgiləndirməyib. Deklorativ yanaşmaların isə heç bir mənası yoxdur.

Söhbətləşdi: Ə. Yusifoğlu           

23:14