ABŞ-da fəaliyyət göstərən Beynəlxalq Yəhudi təşkilatının sədri KANAL 5-in qonağı oldu

Azərbaycanla İsrail arasında unikal, zamanın sınağından keçmiş xüsusi əlaqələr var. İki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. Son illərdə baş nazir Benyamin Netanyahu (1997 və 2016) və prezident Şimon Peres (2009) daxil olmaqla, İsrailin bir sıra lideri ölkəmizə səfər edib. İsrail Azərbaycanın müstəqilliyini ilk tanımış ölkələrdəndir. O, müstəqilliyini yeni qazanmış Azərbaycanla diplomatik əlaqələri hələ 1990-cı illərin əvvəllərində qurub və Bakıda səfirlik açıb.

Hazırda iki ölkə arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi hər il daha da artır. Hətta bir neçə il əvvəl Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsi Fransa ilə İsrail arasındakı ticarət dövriyyəsindən çox olub. İsrailin neftə olan təlabatının 40%-ni Azərbaycan ödəyir. Bununla yanaşı, hər iki ölkə beynəlxalq terrorçuluq və ekstremizimlə mübarizədə birgə fəaliyyət göstərir və uğurlar qazanır. Bu, regional və beynəlxalq təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. İranla Rusiyanın arasında yerləşən, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. Bu ölkədə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb. Bu gün də Azərbaycanda yəhudilər siyasət, səhiyyə, təhsil, elm və mədəniyyət daxil olmaqla, bütün sahələrdə təmsil olunur, ölkənin ictimai həyatında fəal iştirak edir. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.

Azərbaycanla İsrail, azərbaycanlılarla yəhudilər arasındakı unikal əlaqələr və əməkdaşlıq müsəlmanlarla yəhudilərin qarşılıqlı hörmət, əməkdaşlıq, sülh şəraitində birgə yaşaya biləcəyinə inanmayan, yaxud inanmaq istəməyən hər kəsə mesajdır.    

Yəhudi icmasının lideri olaraq, xalqlarımız arasındakı dostluğun inkişafına bundan sonra da töhfə verəcək və bu mənəvi birliyi bütün dünyada təbliğ edəcəyəm.

20:51