ABŞ-da ali və ya doktorantura təhsili

Bu gün dünyanın hər yerindən minlərlə gənc təhsilini artırmaq məqsədi ilə ABŞ-a gəlir. Və həmin insanları gəlməmişdən öncə bir neçə sual maraqlandırır: ABŞ-da ali təhsil neçəyədir? Ali təhsil almaq üçün hansı sənədlər lazımdır?

Bu dəfəki yazımda çalışacam ki, bu sualları cavablandıra bilim.

Əvvəla ABŞ-da təhsilin ən müsbət tərəflərindən biri odur ki, ixtisas məhdudiyyəti yoxdur. ABŞ-ın ali təhsil müəssisələrində tədrisin səviyyəsinə və keyfiyyətinə gəldikdə isə bircə faktı qeyd etmək kifayətdir - Amerika universitetlərinin verdiyi diplomlar bütün dünyada tanınır və nüfuzu ilə seçilir. Bundan əlavə kampusların infrastrukturu bir qayda olaraq ən yüksək səviyyədədir. Əla kitabxanalar, laboratoriyalar, qabaqcıl texnologiyalar tələbələrin ixtiyarındadır...

Bakalavr dərəcəsi

ABŞ-da bakalavr dərəcəsi almaq üçün iki yol vardır. Birinci yol – universitetə qəbul olunub ilk hazırlıq kursunu (Foundation year) keçmək və sonra da bakalavr təhsilini davam etdirmək.
İkinci yol – hər hansı bir icma kollecinə (community college) iki illik proqram üzrə daxil olmaq, sonra da birbaşa universitetin 3-cü kursuna köçürülmək. Bu yol birinci yoldan maddi məsrəflərə görə daha sərfəlidir.
Burada universitet və ya kolleclərə orta təhsilli hər kəs daxil ola bilər. Xarici tələbələr üçün isə qaydalar bir az fərqlidir. TOEFL üzrə testin nəticələri, motivasiya məktubu, SAT və ya ACT üzrə testlərin nəticəsi, GPA sistemi (Grade Point Average) üzrə atestatın tərcüməsi tələb olunur...
Magistr və ya doktorluq dərəcəsi

ABŞ-da magistr və ya doktorluq dərəcəsinə universitetlərdə, bəzi özəl kolleclərdə və ya ixtisas məktəblərində, məsələn, Biznes Məktəbi, Tibb Məktəbi və Hüquq Məktəbində (Business School, Medical School, Law School) yiyələnmək mümkündür.

Magistr və ya doktoranturaya qəbul üçün tələblər olduqca yüksəkdir - ali təhsilin bütün əvvəlki səviyyələrini bitirmək, yüksək akademik nailiyyətlər, yüksək səviyyəli ingilis dili və ixtisas üzrə testin nəticələri tələb olunur.

Tələbəsi olmaq istədiyiniz ali təhsil müəssisəsinə daxil olmaq üçün bir qayda olaraq aşağıdakı sənədləri təqdim etməlisiniz – orta təhsil haqqında atestat və ya diplom, TOEFL və ya IELTS beynəlxalq dil sertifikatı və eləcə də həmin ali təhsil müəssisəsinin tələb etdiyi digər sənədlər. Bununla yanaşı ABŞ səfirliyində tələbə vizası açmaq üçün I-20 formasını doldurmalısınız. İngilis dili biliklərinə dair tələblər də öz yerində. Oxumaq, yazmaq, danışmaq vərdişləri kifayət qədər yüksək səviyyədə olmalıdır...

Birləşmiş Ştatlarda ali təhsil ödənişli və olduqca bahadır. Xarici tələbələr üçün təhsil haqqı ali təhsil müəssisəsinin tələblərinə uyğun və seçilmiş ixtisasla bağlı olaraq müxtəlifdir. Ən ucuz icma kollecində ali təhsilin hər ili yaşayış, yemək, sığorta, dərslik, nəqliyyat və s. xidmətlər daxil olmaqla on yeddi min dollara başa gəlir. ABŞ universitetlərində təhsil haqqı isə təxminən otuz min dollaradır (yaşayış yerləri və s. daxil olmaqla).

ABŞ universitetlərində bəzi təlim proqramları (İT, tibb, biznes kursları) daha bahalıdır. Bir qayda olaraq, birinci kurs üçün tam, ikinci kursdan başlayaraq isə hər semestr üçün təhsil haqqı ödənilməlidir...

Elman Eldaroğlu
/ABŞ, Miçiqan/

xudaferin. eu

00:27