ABŞ-ın aviadaşıyıcı gəmiləri Yapon dənizi akvatoriyasına daxil oldu

 

Başda “Carl Vinson” atom təyyarədaşıyan gəmisi olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu aprelin 29-da Koreya boğazını keçərək Yapon dənizinə daxil olub.

Bununla yanaşı, aprelin 23-dən bu aviadaşıyıcı qrupla müştərək manevrlər edən Yaponiyaya məxsus iki gəmi təlimləri başa vuraraq digər gəmilərdən ayrılıb. Eyni zamanda, Yaponiyanın NHK telekanalı KXDR-in aprelin 29-da növbəti raket sınağı həyata keçirdiyini xatırladıb. CNN telekanalı isə öz növbəsində ABŞ-ın rəsmi nümayəndəsinə istinadla Quzey Korenin buraxdığı raketin Yapon dənizinə çatmadan havada partladığını bildirib. Telekanalın hesablamasına əsasən, bu, Donald Trampın 100 günlük prezidentliyi ərzində KXDR-in 9-cu raket sınağıdır.

Qeyd edək ki, Quzey Kore diktator rejimi təkcə Uzaq Doğu ölkələri üçün deyil, həm də uzaqmənzilli nevə başlıqlı raketləri ilə dünyanın bir sıra dövlətləri üçün böyük təhlükə mənbəyi hesab olunur. Buna görə də, Quzey Kore dövlətinə beynəlxalq səviyyədə bir sıra embarqolar tətbiq olunub. Bütün bunlara baxmayaraq, Quzey Koredəki diktator rejimi öncələrdə olduğu kimi, təhdid siyasətini davam etdirməkdədir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

21:30