Abbasqulu bəy Zöhrabbəyov: bəylikdən bəzirganlığa..

XIX əsrdə də Şuşa Qarabağın əsas sənətkarlıq mərkəzlərindən biri idi. Burda hazırlanan mallar daxili bazarda satılmaqla yanaşı başqa ölklərə də ixrac olunurdu. Rus üsul-idarəsi dövründə Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi.

XIX əsrin sonlarında Azərbaycanda gildiya ticarət müəssisələrinin sayı xeyli artmışdı. 1890-1900-cü illərdə Bakı və Yelizavetpol quberniyalarında gildiya ticarət müəssisələrinin sayı 1724-dən 2638-ə yüksəlmişdi. 1897-ci ildə gildiya sistemi ticarət müəssisələrinin sayının 37 faizini, dövriyyəsinin isə 91,1 faizini əhatə edirdi. Lakin gildiya ticarət müəssisələri əsasən Bakı şəhərində, qismən də Yelizavetpolda, Nuxada, Şamaxıda və Şuşada açılmışdı. II gildiya tacirlərdən biri də Abbasqulu bəy Zöhrabbəyov idi.

Abbasqulu bəy Qarabağda, Şuşada tanınmış zöhrabbəyovlar soyuna bağlıdır. Bu soy öz başlanğıcını Zöhrab bəydən götürür. Zöhrab bəy təxminən 1757-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Yaxın qohumu Qalabəyovlara xidmət etmişdi. Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuziki mahalının naibləri idilər.

         Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyırlar.

         Zöhrab bəyin Niftalı (Lütfəli) bəy, Səfərəli bəy, Seyidəli bəy, Hüseynəli bəy adlı oğulları vardı.

Zöhrab bəyin üçüncü oğlu Seyidəli bəy 1793-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

         Məşədi Seyidəli bəyin Kərim bəy, Əkbər bəy, Nəcəf bəy, Qaraməmməd bəy, Cəfər bəy adlı oğulları vardı.

Məşədi Seyidəli bəyin ikinci oğlu Əkbər bəy 1825-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

         Kərbəlayı Mirzə Əkbər bəy  Seyidəbəyim xanım Mir Mehdi bəy (Xəzani) qızı ilə ailə qurmuşdu. Abbasqulu bəy, Mustafa bəy adlı oğulları vardı.

Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.

Abbasqulu bəy ticari işlərini İranla aparırdı. İrana gedərkən Tuğda xalası gildə qonaq qalırdı. Hacı Fərhad bəyin ikinci oğlu Aslan bəy Məlikaslanov Mir Mehdi Xəzaninin iki qızı—Asiya xanım və Ziba xanımla həyat qurmuşdu. Məhəmməd bəy, Rüstəm bəy, Qəhrəman bəy, Əyyub bəy, Bəhram bəy adlı oğulları, Səltənət xanım, Şəhribanu xanım, Əbuhəyat xanım, Afərin xanım və Balış xanım adlı qızları vardı.

Abbasqulu bəy xalasıuşaqlarına baş çəkər, onlara şəhər sovqatı aparırdı. Onun babası Mir Mehdi Xəzani və dayısı Mir Həmzə də Tuğ kəndində yaşayırdı. Mir Mehdi Xəzani Şuşa şəhərinə qızını yoluxmağa gələrkən Mir Möhsün Nəvvabla dostlaşmışdı. «Kitabi-tarixi-Qarabağ» adlı kitabını onun daşbasma mətbəsində çap etdirmişdi.

Abbasqulu bəy və qardaşlarının Şuşa şəhərində böyük evləri vardı. Anası Seydəbəyim xanım Şuşaya gəlin gələndə bina hələ yarımçıq idi. Binanı tikintisini başlayan Məşədi Əkbər həyatını dəyişmişdi. Tikintini oğlu Abbasqulu bəy Zöhrabbəyov tamamlatdırır. Türkiyədən, İrandan gözəl ustalar dəvət edir. Binanın bir tərəfi 4 mərtəbəli, digər tərəfi 3 mərtəbəlidir. Üç mərtəbəli hissə Mustafa bəydən ötrü nəzərdə tutulmuşdu. Son dərəcə iri və geniş şüşəbənd başdan ayağa antik rəsmlərlə bəzədilib. Hansı boyadan istifadəf olunduğunu müəyyən etmək çətindir. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana, ayaqyolu, kanazasiya xətti.

Bina o qədəp hündürdü ki, Cıdır düzündən baxanda əl içi kimi görünürdü. Ona görə də Abbasqulu bəy həyəti hündür, Daş barılarla hördürmüşdü ki, gəlinlər, evlərin içi görünməsin.

Ailəsi üçün inşa etdirdiyi malikanə Şuşanın ən gözəl memarlıq nümunələrindən biri sayılır.

Həyət böyük park idi. Hər ikpi tərəfdən darvazaları var idi. Yuxarı tərəfdəki darvazadan Abbasqulu bəy atla gəlirmiş, çünki tövlə orada yerləşirdi. Darvazaların ətrafında qoz ağacı, gilas ağacı armud ağacı, tut sıralanırdı. Həyətin künçündə Xorasandan gətirilmiş gül ağacları, zərinc gələnləri valeh edirdi. Seyidbəyim xanım həmin gül ağaclarından özü gülab çəkir, gül mürəbbəsi bişirirdi. Təndir tərəfdə isə fındıq ağacı, gəvalı, tut ağacları cərgələnirdi.  Seyidəbəyim xanım fars, ərəb, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən yüksək mədəniyyətə malik bir xanım idi. Dövrünün ziyalı xanımları kimi ictimai işlərdə fəal iştirak etmişdi. Bilgilərə görə, şeir də yazırmış.

Zöhrabbəyovların binasının birinci mərtəbəsində uşaqların dayələri, nökər-qulluqçular yaşayırdı.

Abbasqulu bəy Zöhrabbəyov tacir idi. Ömrünü xaricdə keçirmişdi. İrana-Türkiyəyə gedirdi.

Abbasqulu bəy  Zöhrabbəyovun ailəsi 1940-cı ildə Şuşadan Bakıya köçmüşdü. Əlbəttə, bu, o zaman dövlətlilərə qolçomaq adı ilə verilən əzab-əziyyətlə bağlı idi.

Abbasqulu bəy Zöhrabbəyov 1950-ci ildə vəfat edib.

Abbasqulu bəyin Kərim bəy, Əkbər bəy, Zöhrab bəy adlı oğulları, Nuriyyə xanım, Məryəm xanım adlı qızları var.

Alicənablığı ilə xalqın yaddaşında qalan xeyirxah insan Abbasqulu bəy Zöhrabbəyov Şuşa xəstəxanasının, məktəblərin tikintisinə, məhəllələrə su çəkilməsinə, kimsəsizlərə və ehtiyacı olan insanlara böyük maddi vəsait xərcləmişdir. Adı rəhmətlə anılır.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:27