85 yaşlı Dövlət Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaranmasının 85 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınıb.

Tədbirdə bildirilib ki, zəngin kukla teatrı ənənəmizin davamçısı olan Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən qoyulub. Bu sənət ocağı müxtəlif illərdə müstəqil teatr kimi, müəyyən dövrlərdə Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprelin 15-də dövlət statusu verilib.1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Yarandığı gündən bu günədək teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi Rusiya, Hindistan, Yəmən, İran, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında ölkəmizi layiqincə təmsil edərək mükafatlarla təltif olunub. Kukla Teatrının daim axtarışda olan və peşəkar kollektivə malik mədəniyyət ocağı olduğunu söyləyən nazir deyib: “Bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdır. Mədəniyyət ocağının vəzifəsi həm də ondan ibarətdir ki, Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatsın və təbliğ etsin. Sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşlarına nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və Fəxri fərmanları təqdim olunub. Yubiley mərasimi teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqramla davam edib.

Xudaferin.eu

20:58