51 yaşlı “Dan ulduzu” ansamblı

 

Respublika Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı 51 yaşının qeyd olunması münasibəti ilə konsert proqramı ilə çıxış edib.
 

Əməkdar artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə keçən konsertdə xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, Zakir Əliyev, Rəşad İlyasov, müğənnilər Əli Mirəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nigar Şabanova, Zabitə Alıyeva, Arzu Əliyeva və başqaları çıxış etdi.

Gecədə ansamblın yaranma tarixindən söz açıldı, bu illər ərzində ansamblda fəaliyyət göstərən sənətkarlar yad edildi.

Qeyd edək ki, “Dan ulduzu” kamera-instrumental ansamblı 1966-cı ildə əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb. Ansambl üçün Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov və digər bəstəkarlar əsərlər yazıblar. Həyatını musiqiyə həsr edən Gülarə Əliyeva bu ansamblda milli və Avropa alətlərini bir araya gətirməklə musiqidə milli koloritli sintez yarada bilmişdi. Kollektiv gənc ifaçıların yetişməsində böyük rol oynayıb. Bugünkü tanınmış ifaçıların bir çoxu “Dan ulduzu”nun yetirmələridir. Onların sırasında Yalçın Rzazadə, Flora Kərimova, Ruhəngiz Musəvi, Xədicə Abbasova və digərlərinin adını sadalamaq olar. Vaxtilə dünyanın bir çox şəhərlərində qastrol səfərlərində Azərbaycan musiqisini təmsil edən kollektiv bu gün də məmnunluqla dinlənilən kollektivlər sırasındadır. Təqdim edilən konsert proqramında ansamblın ifasının tamaşaçılar tərəfindən alqışlarla qarşılanması da sevginin ifadəsi idi.

Xudaferin.eu

 

20:38