28 yaşlı fiziki məhdudiyyətli xanıma qarşı haqsızlıq

 

“150 MANATIMI OĞURLADILAR VƏ...”

 

Aidə Hüseynzadə: “Pulumun itməsi elə də təsir etmədi, yalnız mənə qoyulan hörmətsizlik və qovmaqdan betər etmək çox pis təsir etdi”
 

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov 46 v ünvanda yaşayan Hüseynzadə Aidə Lazım qızı tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edən müəllif yazır:

“Hörmətli nazir!

2 illik növbədən sonra axır ki, Respublika Əlillərin Bərpa Mərkəzində müalicə növbəm çatdı və 15 günlük müalicə kursu yazıldı. Təbii ki, hamı yaxşı bilir, orada necə müalicə edirlər! Edilən səhlənkarlıq, yemək vaxtı xəstələrə çatmayan yemək, edilən 5 dəqiqəlik masaj, həkimlərin diqqətsizliyi və s. Nə isə. Bunlara elə də fikir vermirdim ki, dost-tanışımı buralarda görürəm, goy 15 gün qalım. Bir gün 10 manatım itdi, günahı özümdə bildim ki, yəqin pul qabımdan nəsə götürəndə düşüb. Sən demə, bundan sonrası da varmış, xəbərim yox... 1-ci qrup əlil olduğumdan, hamı kimi mən də 151 AZN pensiya alıram. Bu pensiyamla guya özümə gün ağlayacaqdım. Amma nə bilim ki, 150 manatımı xəstəxanada bağlı şkafımdan götürəcəklər?!

Müdir Rəna xanım bizə verilən otaqda qapının üstünə qeyd etdirib ki, "itən əşyalara biz cavabdeh deyilik"! Halbuki otağın açarı verilmir, yalnız şkafların açarlarının biri bizdə, biri də təssərüfat bacısında olur. Pul itəndə mən çox o pis təsir etdi ki, bir əlilin puluna kim göz dikə bilər?! Xəstəxananın müdriyyətindən yardım istəyəndə isə, qarşılaşdığım cavab məni lap yıxdı. Xəstəxanada kameralar ola-ola günahı məndə gördülər və Rəna xanım bildirdi ki, hara müraciət edirsən et, bizlik deyil, biz qapıya yazı yazıb vurmuşuq... Sənin çıxma əmrini fevralın 8-i vermişik, hadisə isə fevralın 9-u olub... Necə ola bilər ki, mən yanvar ayının 23-ü xəstəxanaya qəbul olunmuşam, 1-ci qrup əlil olduğumdan, sərəncama əsasən, 21 günlük mualicə kursum olmalıdır. Yəni fevral ayının 12-si çıxışım verilməkdən, mənim fevral ayının 10-u çıxmağımı əmr etdilər.
Deyilən söz: “Xəstəxananı tərk et”!

Budurmu, bizim dövlətin əlillərə qoyduğu hörmət?!

28 yaşlı gənc bir qızın həyatda yaşamaq və görmək istədiyi arzular bunlar deyildi. Həyata, nə qədər çalışsam da ümüdlə baxım, bizə göstərilən bu qayğıları görəndə yaşadığım cəmiyyətə nifrət edib, yalnız özümə qapanaraq heç bir yana getmək istəmirəm. Bu illər ərzində getdiyim xəstəxanaların heç birində, heç kimlə söz-söhbətim olmayıb, amma bu hadisədən necə alçaldığımı gördüm. Nə mənə dayaq duracaq vəzifədə qohumum var, nə də güclü “daydayım”. Yalnız səmimi, vicdanlı dostlarımdan başqa, güvənəcəyim heç kimim yoxdur. Pulumun itməsi elə də təsir etmədi, yalnız mənə qoyulan hörmətsizlik və qovmaqdan betər etmək çox pis təsir etdi.

Cənab nazir! Çox xahiş edirəm, bu haqsızlığa göz yummayın. Pozulmuş hüquqlarım və dəymiş ziyanımın bərpa edilməsində köməklik göstərməyinizi xahiş edirəm.

Hurriyyet.org

 

10:56