23 ildir Sumqayıtda – Naxışlarda yaşayan həyat

Xalçaçı-rəssam, əməkdar mədəniyyət işçisi Fazil Abasquluzadənin imzası ölkəmizdə olduğu kimi, xaricdə də tanınır. Onun Nizami Gəncəviyə həsr etdiyi süjetli bədii-tematik əsəri ABŞ-da Karolina Universiteti muzeyinin fondunda saxlanılır. Xalçaçılıq sənətini sevib və sevdirməyi bacaran sənətkarın bu əsərində dahi şairə olan sevgisi ilə rəssamın xalça sənətinə bağlılığı sanki üst-üstə düşüb. O, həmçinin dünya şöhrətli fırça ustası Tahir Salahovun 50-yə yaxın rəngkarlıq əsərini xalçaya köçürüb.

Əslən Qubadlı rayonundan olan xalçaçı-rəssam Fazil Abasquluzadə 34 ildir bu sənətlə məşğul olur. O, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib və dövlət təyinatı ilə İsmayıllı rayonuna yollanıb. Elə bu illərdə də xalçaçılıq sənətini öyrənib, sevib və ona bağlanıb.
Xalçaçı-rəssam artıq 23 ildir Sumqayıt şəhərindəki emalatxanasında fəaliyyət göstərir. Bu balaca məkanda göz oxşayan xalçalar toxunur. Fazil Abasquluzadənin əsərlərində xalqın tarixi yaddaşından süzülüb gələn rənglərin, ornament və naxışların, süjet və obrazların yaratdığı bədii güc xalçanı həqiqi sənət zirvəsinə yüksəldir.
Əməkdar mədəniyyət işçisi ölkəmizdə xalçaçılığın inkişafını birbaşa dövlətimizin başçısının milli mədəniyyətimizə və onun ayrılmaz hissəsi olan xalçaçılıq sənətinə göstərdiyi diqqətin əyani təzahürü kimi dəyərləndirir. O, dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak edib. 2005-ci ilin oktyabrında Portuqaliyanın paytaxtı Lissabonda 36 dövlətdən dünya üzrə peşəkar rəssamların qatıldığı beynəlxalq sərgidə 8 əsəri nümayiş olunub. Dünyanın 25-dən artıq ölkəsinin muzeylərində əsərləri yer alır. Xalçaçılıq oturaq işdir, birgə sənətdir, tək rəssamın işi deyil. Ona görə də Fazil Abasquluzadə ərsəyə gələn xalçaları toxucu xanımlarla birgə işin məhsulu sayır. Naxışları xalçanın danışan dili adlandıran Fazil usta tarixi şəxsiyyətlərə həsr etdiyi xalçalarda həmin şəxslərin yaradıcılığını da əks etdirməyə çalışır. Xalçaçı-rəssam Quba və Şirvan xalçaçılıq məktəbinin ənənələrini davam etdirir. Əsərlərində milli klassika, folklor üslubuna daha çox diqqət yetirir. Məqsəd milli mədəniyyətimizin qədimliyini qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

Ətrabə Rzayeva
Sumqayıt

11:47