2019-cu ilədək dünya əhalisinin yarıdan çoxu internetdən istifadə edəcək

“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyarda çatacaq. Bu il isə planet əhalisinin təxminən 47 faizi masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğu vasitəsilə azı ayda bir dəfə internetə daxil olub.

Xudaferin.eu xəbər verir ki, ekspertlərin hesablamalarına əsasən, 2019-cu ilədək planet əhalisinin 50 faizdən çoxu və ya təxminən 3,84 milyard nəfər internetdən istifadə edəcək. 2021-ci ildə göstəricilər müvafiq surətdə 53,7 faiz və 4,14 milyard nəfər olacaq.

Mütəxəssislər qeyd edirlər ki, internet istifadəçilərinin qlobal sayının artmasına internetə çıxış imkanına malik mobil telefonların yayılması bilavasitə təsir göstərir. Asiya-Sakit okean regionu, Mərkəzi və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrikanın bir çox sakinləri internetə çıxış üçün məhz bu qurğulara üstünlük verirlər.

“eMarketer” şirkəti, həmçinin bildirir ki, 2017-ci ildə mobil telefonlar vasitəsilə internetə daxil olan istifadəçilərin sayı 2,73 milyard nəfər təşkil edəcək.

Bundan başqa, 2017-ci ildə smartfon istifadəçilərinin sayı 2,39 milyard nəfərə çatacaq ki, bu da dünya əhalisinin 32,3 faizi deməkdir.

Xudaferin.eu

17:15