2018-ci ildə öldürülən jurnalistlərin sayı açıqlandı

Bu ilin yanvar ayından noyabr ayına qədər dünyanın müxtəlif ölkələrində ölən jurnalistlərin sayı 2017-ci il üzrə ölənlərin sayından çoxdur.

Xudaferin.eu-nun xəbərinə görə, bu haqda məlumat dekabrın 18-də insan hüquqları təşkilatı olan “Sərhədsiz müxbirlər”in mətbuat azadlığına dair nəşr etdiyi illik hesabatında verilir.

Ölüm hallarının yarısından çoxu beş ölkənin payına düşür.

Cari ilin yanvar ayından dünyada 80 nəfərdən çox jurnalist öz peşəkar fəaliyyəti ilə əlaqədar qətlə yetirilib.

Ölənlərin yarıdan çoxu beş ölkəyə - Əfqanıstan (15 nəfər), Suriya (11 nəfər), Meksika (doqquz nəfər), Yəmən (səkkiz nəfər) və Hindistanın (altı nəfər) payına düşür. İyun ayında ABŞ-da “Capital Gazette” nəşrinin redaksiyasına edilən hücum nəticəsində də altı nəfər jurnalistin dünyasını dəyişməsi faktı beynəlxalq təşkilatın hesabatında öz əksini tapıb.

Meksika silahlı münaqişələrin olmamasına baxmayaraq, qətlə yetirilən jurnalistlərin sayının çox olduğu tək ölkədir. Hərbi münaqişələrin olduğu bölgələrdə 2018-ci ilin 11 ayı ərzində 44 jurnalist həyatını itirib.

Bundan əlavə, hazırda dünyada 348 jurnalist həbsdədir. Onların yarısından çoxu beş ölkədə – Çin, Misir, Türkiyə, İran və Səudiyyə Ərəbistanında həbs olunub.

Xudaferin.eu

16:16