2018-ci il gözləntiləri: Büdcə yenə neftdən asılı olacaq

 

Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayev deyib. Ekspert dövlət büdcəsinin xərcləri ilə bağlı proqnoz verməyib. Bundan başqa, gələn il üçün dövlət büdcəsində neftin qiyməti bir barelə görə 45 dollar proqnozlaşdırılıb.

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dövlət büdcəsinin artırılması və inkişaf etdirilməsi müsbət haldır: “Dövlət büdcəsinin inkişaf etməsi, ölkə iqtisadiyyatının da inkişaf etməsinin göstəricisidir. Lakin dünyada iqtisadiyyatı sərvətdən asılı ölkələrə fərqli baxış var. Əgər dövlət büdcəsinin sərvətdən asılılığı 5 faizdən çoxdursa, bu, artıq normanı aşmaq deməkdir. Dünyada bunun yazılmamış bir qanunu var. Büdcənin 70 faizdən çoxunun sərvətdən asılı olması, normal hal kimi qəbul edilmir. Büdcənin sərvət gəlirləri hesabına artması da, şişirdilməsi də gələcək üçün yaxşı heç nə vəd etmir. Bu məsələyə iqtisadiyyatın altına qoyulmuş mina kimi baxılır. Hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsinin artan hissəsi birbaşa Neft Fondundan edilən transfertlər hesabına formalaşır. Buna görə də Azərbaycanın dövlət büdcəsinin neft gəlirləri hesabına artırılmasının əleyhinəyəm. Təcrübə də göstərir ki, birdən-birə neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadiyyatı çox pis vəziyyətə saldı. Həm beynəlxalq, həm də Azərbaycanın yaxın tarixdə olan təcrübəsi onu göstərir ki, neft gəlirləri hesabına büdcənin şişirdilməsi normal hal deyil. Bu, gələcək üçün bir fəsaddır. Azərbaycan nefti ucuzlaşmasa belə, hansısa təbiət hadisəsindən tükənə bilər. Hazırda neft ehtiyatlarına görə hasilat pik həddədir. Dünyanın heç bir neft ölkəsi Azərbaycan qədər çox “qara qızıl” hasil etmir. Ölkəmizdə kifayət qədər hasilat həcmləri var. Demək olmaz ki, Azərbaycan Rusiyadan, İrandan çox neft hasil edir. Tutaq ki, bu ölkələr ehtiyatlarının 1 faizini xərcləyir, amma Azərbaycan ehtiyatlarının 10 faizini hasil edir. Bu, çox təhlükəli tendensiyadır”.

İqtisadçının qənaətinə görə 1 ilə yaxındır ki, dünya bazarında neftin qiyməti 50-60 dollar arasında sabitləşib: “Hesab edirəm ki, 2018-ci il üçün dünya enerji bazarında neftin qiyməti 50-60 dollar civarında qalacaq. Məsələ burasındadır ki, bu gün dünyada neftin qiymətini iqtisadi amillər tənzimləmir. Burada daha çox siyasi səbəblər rol oynayır. Neftin kəskin şəkildə ucuzlaşması iqtisadi hadisə deyil. Hazırda neftin qiymətlərini bu diapazonda saxlayan da iqtisadi yox, siyasi amillərdir. Siyasi hadisələr məsələlərə dərhal təsir edir. Bu, bir növ kəskin müdaxilədir. Bəlkə bir neçə aydan sonra dünyanın iqtisadi-siyasi həyatında hansısa kəskin hadisə baş verəcək və neftin qiyməti 25 dollara düşəcək. Ona görə də, Azərbaycan hökumətini bu məsələlərdə özünü sığortalamağa çağırıram. Neftin büdcə qiymətinin 5 dollar da olsa, yüksəltməyə ehtiyac yoxdur. Hesab edirəm ki, büdcədə 2017-ci ildəki qiymətin saxlanılması daha məqbuldur. Neftin qiyməti baza qiymətindən yüksəkdirsə, bunun bizə zərəri yoxdur. Əgər neftin dəyəri dünya bazarında nəzərə tutduğumuz qiymətdən 5-10 dollar ucuzlaşarsa, bu, Azərbaycanın iqtisadiyyatına birbaşa mənfi təsirlər göstərəcək. Buna görə də qiymətin sabit saxlanılmasının tərəfdarıyam. Dövlət büdcəsini sərvət gəlirləri hesabına artırmaq Azərbaycan iqtisadiyyatını fəlakətə sürükləməkdir. Büdcəni qeyri-neft sektorunun inkişafından gələn gəlirlər hesabına artırmaq lazımdır. Geniş büdcə firavan vətəndaş deməkdir”.

Yeganə

 

09:43