2016-nın büdcə məlumatı açıqlandı; hökumət qənaət üçün hardan kəsib?

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat təşkil edib, büdcənin icrasında 961,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, daxilolmaların 24,6 faizi əlavə dəyər vergisi, 13,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,1 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 10,3 faizi digər vergilər, 38,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 24,8 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,5 faizi ümumi dövlət xidmətləri, 14,4 faizi sosial müdafiə və sosial təminat, 14,7 faizi təhsil və səhiyyə sahələrinin, 29,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2016-cı ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 17501,2 milyon manat, xərcləri 17742,4 milyon manat təşkil edib, büdcənin icrasında 241,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,4 faizi qədər kəsir yaranıb.

Tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan məlumatı şərh edib: Xərclər təsdiqlənən variantla müqayisədə 4.1% (752.6 milyon manat) az icra edilib. Büdcə qanunu xərcləri 18.495 milyard manat nəzərdə tutmuşdu, faktiki xərclər 17.742 milyard manat olub. Büdcə gəlirləri təsdiqlənəndən 4% (680 milyon manat) çox icra edilib. Büdcə qanunu gəlirləri 16.822 milyard manat nəzərdə tutmuşdu, faktiki daxilolmalar 17.501 milyard manat olub. Büdcənin faktiki kəsiri 241 milyon manat olub. Halbuki 2016-cı ilin büdcə qanununda büdcə kəsri 1.673 milyard manat nəzərdə tutulmuşdu. Deməli, faktiki büdcə kəsiri proqnozlaşdırılan göstəricidən 7 dəfə azdır. Hökumətin qanunda nəzərdə tutulan hansı xərc öhdəliklərini ixtisar etməsi barədə əlavə məlumat yoxdur. Lakin bir məsələ aydındır ki, 2016-cı ilin büdcə kəsirini örtmək üçün hökumətin əlində 1.450 milyard manata yaxın xəzinə ehtiyatı (qalığı) vardı. Göründüyü kimi, göstəricinin 7 dəfə az olması həmin ehtiyatların 1.2 milyard manatının qorunub saxlanması ilə nəticələnib. Bu o deməkdir ki, artıq Maliyyə Nazirliyinin ehtiyatında 2017-ci ilin proqnozlaşdırılan 645 milyon manatlıq büdcə kəsirinə qarşı 1.2 milyard manat ehtiyat var.

Azadliq.info

19:47