2016-cı ildə əhalinin gəliri 5,2 dəfə artıb?

 

Nazir Səlim Müslümovun yalanı ifşa edildi

Taliyət Əliyev: “Hamı vəziyyətin nə qədər dramatik olduğunu bilir”

“Ötən il Azərbaycanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb”. Xəbər verildiyi kimi, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib. Nazir bildirib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb. Əslində, bu xəbərdə bir yalnışlıq var. Çünki yuxarıda göstərilən rəqəmlərin yalnız ötən ilə aid olması mümkün deyil. Yaxud da nazir rəqəmlərin yalnız ötən ilə aid olmasını qeyd etməklə əhali arasındakı gərginliyi aradan qaldırmaq istəyir.

Mövzu ilə bağlı iqtisadçı Qadir İbrahimli bildirib ki, nazir 2016-cı ili nəzərdə tuta bilməz: “Çünki 2016-cı ildə əhalinin gəlirləri cəmi 10 faiz artıb. O, bəlkə son 10 ili nəzərdə tutub. O informasiya yalnışdır. Deyilən artım faizləri ağıla gələn bir şey deyil, heç rəsmi stastistika da o cür deyil. Ola bilər ki, informasiyada sözlər buraxılıb, mahiyyət dəyişib. Mən özüm də 2016-cı ilin rəsmi statistikası ilə tanışam. O rəqəmlər orada yoxdur. Təbbi ki, Səlim Müslümovu nə qədər istəsən tənqid etmək olar. Yəqin ki, Səlim Müslümov son 10 ili nəzərdə tutub. Çünki bu qədər artım son 10 ildə mümkündür. Minimum əməkhaqqı Azərbaycanda 36 manatdan 116 manata çatıb. Bir az əvəl isə 16 manat olub. Düzdür, müqayisədə 5 dəfə artım var, yəni nominal olaraq artımlar var. Ancaq indiki vəziyyət üçün bu artım adekvat deyil. Bu, real gəlirlər deyil. Hesablasaq məlum olur ki, əhalinin real gəlirləri 5 dəfə yox, çox çüzi artıb”.

“Nəticələri məqsədli şəkildə çoxfaizli göstərmək istəyirlər”

 

İbrahimli qeyd etdi ki, son 10 ilin statistikanı analiz edəndə müəyyən indikatorlar da lazımdır: “O indkatorlardan bilirik ki, əməkhaqqı artıbsa, qiymətlər də artıb. Bu da əhalinin real gəlirlərinə mənfi təsir göstərir. Şərti olaraq deyək 10 il əvvəl 16 manata 5 kq ət almaq olardısa, indi 16 manata 1 kq ət almaq olur. Bu indikator nəzərə alınmalıdır. Məsələyə sxematik yanaşma düzgün deyil. Bu, səhv yanaşmadır. Bu, əsasən, rəsmi təbliğatda istifadə olnuur. Nəticələri məqsədli şəkildə çoxfaizli göstərmək istəyirlər. Ancaq bunlar real göstəricilər deyil”.

“İşsizlik səviyyəsinin 5 fazi həddində olması real deyil”

 

İqtisadçı dedi ki, işsizlik səviyyəsinin devalvasiyadan əvvəl də, indi də 5 faiz səviyyəsində olması haqda iddialar mümkünsüzdür: “Bu, ola bilməz. Çünki nə qədər iş yerlərində ixtisarlar getdi, bir çox iş yerləri bağlandı, çoxlu dövlət sifarişləri kəsildi. Hansı ki, məşğulluq problemi məsələsi həmin dövlət hesabına aparılan tikinti layihələri ilə gerçəkləşdirilirdi. Həmin layihələrin demək olar ki, əksəriyyəti dayandırılıb. Belə bir halda, işsizlik səviyyəsinin 5 fazi həddində olması real deyil, burada rəqəmlər saxtalaşdırılıb”.

“Yaşlı əhalinin sayının artması təbiidir”

 

İbrahimli onu da əlavə etdi ki, 1990-cı ildə ümumi əhalinin strukturunda 1-18 yaşlı uşaqların çəkisi 30 və yaxud 20 faiz idisə, indi bu rəqəm 10 faizə enib: “Bu baxımdan, əhalinin demoqrafik strukturunda müəyyən dəyişikliklər gedir. Bu dəyişiklər nəticəsində yaşlı əhalinin sayının artması təbiidir. Əvvəllər Azərbaycanda 5-6 uşaqlı ailə modeli var idi, indi 1, 2, 3 uşaqlı ailə modellərinə keçilib. Bu tam başqa bir problemdir. Burada müəyyən indikatorlar var. Həmin indikatorlar əsasında bunlar hesablanmalıdır”.

 

“Azərbaycan əhalisinin 70-80 faizi aztəminatlı ailə sayılır”

 

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, deyilənlər Azərbaycan cəmiyyəti üçün gülməli səslənir: “Hamı vəziyyətin nə qədər dramatik olduğunu bilir, keçən illə müqayisədə sosial vəziyyətin də nə qədər gərginləşməsinin şahidiyik. İnsanlar gəlirlərinin azalmasının, qiymətlərin isə bahalaşmasının şahididirlər. Ona görə də dövlət rəsmiləri bu cür açıqlamalar verəndə, başa düşmürəm, nələri nəzərdə tuturlar. BMT-nin hesabatına görə, Azərbaycanın əhalisinin 70-80 faizi aztəminatlı ailə sayılır. Bu, onu göstərir ki, Azərbaycanda əhalinin yarıdan çoxu aztəminatlıdır. Amma Səlim Müslümov deyir ki, guya, əhalinin gəlirləri, minimum və orta aylıq əməkhaqları artıb. Bu, arta bilər, amma bu artım bir ailənin aylıq istehlak zənbilini və onun bütün xərclərini ödəyir, yoxsa yox?!

 

“Rəqəmlərlə manipulyasiya edirlər, cammatın başını qatmaq istəyirlər”

 

“Bunlar sadəcə olaraq rəqəmlərlə manipulyasiya edirlər, cammatın başını qatmaq istəyirlər. Ötən il minimum əməkahqqı 105 manat idisə, bu il 116 manat oldu. Hər il 10 manat artırırlar, deyirlər ki, biz filan faiz artırdıq. Amma xarici dövlətlərdə vətəndaş 1000-1500 dollar maaş alır. 10 faiz artıranda gör nə qədər edir, böyük bir rəqəm alınır. Azərbaycanda isə alınan əməkhaqqının üzərinə 10 faiz əlavə heç nə etmir”- dedi sədr müavini.

 

“Deyilənlərin heç bir əsası yoxdur”

Əliyev nəzərə çatdrıdı ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib: “Yəni hər bir əmək qabiliyətli, pensiyaçı, uşağın yaşaması üçün bu pul lazımdır. Görək, Azərbaycan vətəndaşlarının hər birinin ailəsinə adambaşına o qədər pul gəlirmi? Sözsüz ki, gəlmir. Reallıq belədirsə, sadacə olaraq hər il dövlət rəsmiləri cammaatın başını aldadır. Bu, bundan başqa bir şeyi deyil. Çünki deyilənlərin heç bir əsası yoxdur. Bü gün özümüzün, Azərbaycan vətəndaşlarının vəziyyətini görürük. Keçən il ilə müqayisədə özümüzün və yaxud Azərbaycan vətəndaşlarının gəlirləri artıb, yoxsa azalıb? Qiymtlərin qalxmasına, eləcə də əməkhaqlarını artmasına nəzər salaq. Fərq çox böyükdür. 10 faiz artan əməkhaqqı ilə bahalaşma uyğun deyil.

Bəli, bu il minimum əməkhaqqı artıb. Amma o minimum əməkhaqqının vətəndaşlara heç bir xeyri yoxdur. Çünki büdcə təşkilatı ilə işləyən bir insanın əməhaqqından Sosial Müdafiə Fonduna ötən il 105 manatın faizi tutulurdusa, indi 116 manatın faizini tutacaqlar. Əslində, vətəndaşlar burada itirirlər. Minimum əməkhaqqını qaldırmaqla, əməkhaqqı yerində qalır”.
 

“Dünya ölkələri arasında uzunömürlülük siyahısında Azərbaycan ikinci yüzillikdə durur”

 

Əliyev qeyd etdi ki, pensiya yaşının artırılması ilə bağlı təkliflər səslənəndə bir araşdırma aparıb: “Bəzi dövlətlərdə pensiya yaşı artırıla bilər, yəni demoqrafik vəziyyət pozulanda, cəmyyətin böyük bir qismi yaşlanmağa dorğu gedəndə pensiya yaşını artırırlar. Belə hallar dünya təcrübəsində var. Amma bu gün Azərbaycanda elə bir faktor yoxdur. BMT-nin hesabatı göstərir ki, Azərbaycanda əhali arasında qocalma kütləsi çox deyil. Ona görə də pensiya yaşının artırılması üçün heç bir zəmin yox idi. Guya, deyirlər qocalar 65 yaşda pensiyaya çıxıb, 10, 15 il də pensiya alacaqlar. BMT-nin 2016-cı il dünya ölkələri arasında uzunömürlülük siyahısında Azərbaycan arxa yerlərdə durur. Yəni Azərbaycanda orta ömür səviyyəsi qısalıb. Örta ömür ilbə-il azalır. Ona görə də nə demoqrafiq, nə də uzunömürlülük baxımından qoyulan arqumentlərin heç bir əsası yoxdur ki, hökumət pensiya yaşını artırsın”.

 

“Bir qocanın, kimsəsizin, işləməyənin sabahına təminat yoxdur”

 

Əliyev dedi ki, əvvəllər neft bumu var idi, milyardlar gəlirdi, pensiyanı verirdilr: “Azərbaycanın bütün iqtisadiyyatının arxasında neft dayanır. İndi artıq o neft yoxdur. Günbəgün də pensiyalar dövlət büdcəsinin üzərinə yüklənir. Dövlət sadəcə olaraq vətəndaşların sosial müdafiəsini boynundan atır. Söhbət bundan gedir. Başqa bir şey yoxdur. Heç bir kriteriya Azərbaycanda pensiya yaşının artması üçün zəmin yaratmır. Amma pensiya yaşını artırdılar. Hətta pensiyanın hesablanması qaydasını da dəyişirlər. Belə çıxır ki, vətəndaşın bu dövlət tərəfindən sabahına təminat yoxdur. Dövlət öz vətəndaşına arxa olmalıdır. Azərbaycanda isə fakitiki olaraq bir qocanın, kimsəsizin, işləməyənin sabahına təminat yoxdur. Vətəndaşın sosial müdafiəsi heç səviyyəsinə endirilib”.

Şamo EMİN
Hurriyyet.org

 

05:44