“20 yanvar” əlili prezidentdən kömək istəyir

 

Sadıx Hüseynov: ““20 yanvar” əlilinə hücum çəkirlər, polis də baxır...”

“3-cü mikrorayonda - Əcəmi metrosunun yaxınlığında yerləşən telefon dükanının işçisi Elxan adlı şəxs və 4 nəfər oğlan üstümə hücum çəkdi”. Bu sözləri Nəsimi rayon sakini Sadıx Hüseynov bildirib.

Şikayətçinin sözlərinə görə, apelin 1-də Elxan adlı şəxsdən telefon almaq istəyib: “Elxan dedi ki, 200 manat gətir, sənə bir yaxşı telefon verim. Mən də ona dedim ki, pensiyaçı adamam, 200 manata telefon alım, sonra nə yeyim? Dedim ki, mənə 70- 100 manat dəyərində olan telefon lazımdır. O da mənə nömrə ilə birlikdə 72 manatlıq telefon verdi. Pulunu verdim, telefonu aldım, ancaq evə gələndən sonra telefon işləmədi. Sonra telefonu qaytarmaq məqsədilə ayın 6-da həmin mağazaya, oğlanın yanına getdim, dedim telefon işləmir, qaytarmaq istəyirəm. Telefonun qutusu evdə qalmışdı, o da dedi ki, qutusuz olmaz. Telefonun qutusunu bəhanə etdi, telefonun pulunu vermək istəmədi, dedi ki, mən də telefonu kimdənsə almışam, telefonun pulunu qaytara bilmərəm. Sonra onun bəhanəsini kəsmək üçün getdim evdən telefonun qutusunu gətirdim. Ancaq Elxan məndən telefonun sənədlərini götürəndən sonra 4 nəfər üzərimə hücum etdi, özləri də mənə dedilər ki, sən bu telefonu buradan almamısan. İki dəfə mənə hücum çəkdilər. Heç baxmadılar ki, mən qoca kişi, ikinci qrup “20 yanvar” əliliyəm. Qoca kişi, “20 yanvar” əlilinə hücum çəkirlər, polis də baxır. Gəlib demir ki, telefonu dəyişin və yaxud pulu qaytarın. Vətəndaşlardan da heç kim köməyimə çatmadı”.

S.Hüseynovin sözlərinə görə, mağaza sahibinə prezidentə şikayət edəcəyini bildirib: “Mənə dedi ki, hara istəyirsən yaz. Ona dedim ki, bura anarxiyadır? Dedi anarxiyadır, hara istyirsən şikayət et. Hələ onu da dedim ki, sənin Konstitusiyadan xəbərin varmı? Mənə dedi ki, Konstitusiyanı bimirəm, bilmək də istəmirəm”.

Şikayətçi qeyd etdi ki, bununla bağlı Prezident Apartına, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna müraciət edib: “Respublika Prokurorluğunda şöbə müdiri mənə dedi ki, get, İqtisadi İnkişaf Nazirliyinə şikayət elə. Ərazi üzrə sahə müvəkkilini də axtardım, ancaq tapmaq mümkün deyil”.

Çarəsiz qalan Sadıx Hüseynov prezidentə muraciət etmək qərarına gəlib: “Cənab prezident! Mən 2-ci qrup “20 yanvar” əliliyəm. Sizdən xahiş edirəm, mənə qarşı edilən kobudluqla bağlı lazımi göstəriş verəsiniz. Mən Sizdən kömək istəyirəm, Sizə inanıram. Bu cür insanlar Heydər Əliyevin qurub getdiyi dövlətə, dövlət rəhbərlərinə ləkə gətirir. 28 mayda və 3-cü mikrorayonda olan mobil dükanlarda yoxlama aparılamsı ilə bağlı göstəriş verməyiniz xahiş edirəm. Orada mənim kimi yüzlərlə vətəndaşları aldadırlar”.

Kənan

Hürriyyet.org

06:16