2 uşaq anasını öldürən 16 yaşlı Ağəli ev dustağı edilib

 

Paytaxtın Bakıxanov qəsəbəsində iki uşaq anası Xəyalə Məmmədovanı "Porsche” markalı maşınla vuraraq öldürən 16 yaşlı Ağaəli Fərəcovun biznesmen atasının obyektləri fəaliyyətini davam etdirir. Yeniyetmənin valideyni, milyonçu iş adamı Füzuli Fərəcovun əsas restoranlarından biri Bakıxanov qəsəbəsində yerləşir. İş adamına məxsus "Mohito” restoran-klub "Akkord” yaşayış kompleksinin arxasındadır. Həmin restoranın karaoke klubu da var və axşam saatlarında burada müştəri əlindən "iynə atsan yerə düşməz”.

Faciəvi qəzanın səbəbkarı olan A.Fərəcov da tez-tez atasının karaoke klubuna gəlirmiş. Onun internet resurslarında yerləşdirilən qəlyan çəkdiyi şəkillər də "Mohito” klubda lentə alınıb. Vaxtaşırı sözügedən restorana dostları ilə yığışan gənclərdən biri əməkdaşımıza deyib ki, həmin hadisədən sonra Ağaəlini orada görmürlər. Deyilənə görə, atası tərəfindən cəzalandırılan yeniyetməyə əyləncə qadağan edilib, "ev dustağı” edilib. Onun yalnız məktəbə gedib-gəldiyi deyilir. İddialara görə, F.Fərəcov oğlunun istintaqı ilə bağlı dəridən-qabıqdan çıxır və onun təlim-tərbiyə müəssisəsinə göndərilməməsi üçün əlindən gələni edir.
Müstəntiq Elnur Həsənli istintaqın gedişatı barədə deyib ki, hələlik Ağəli Fərəcov azadlıqdadır, avtomobili və sənədləri isə polisdədir: "Hələlik işin istintaqı gedir. Bütün detallar yaxın zamanda məlum olacaq. İstintaqın nəticəsindən aslı olmayaraq, Ağaəli Fərəcov barəsində xüsusi təlim-tərbiyyə xarakterli tədbir görüləcək və bunun üçün hazırlıq gedir. Avtomobil cərimə meydançasındadır. Sənədləri də götürülüb. Hələ ekspertizanın rəyləri gözlənilir. İşə qiymət veriləcək. Yol nəqliyyat hadisəsi hansı şəraitdə baş verməsi ilə bağlı bütün parametrlərə baxılacaq. Təbii ki, A.Fərəcov vurub, qaçıb. Qaçdığına görə onun günahı var. Yetkinlik yaşına çatmayan cinayət törədənlərlə bağlı komissiya var. Həmin komissiya Azərbaycan Respublikasının Qanuna uyğun olaraq tədbir görəcək. Qısa zaman kəsiyində Fərəcov barəsində biz yekun qərarı göndərəcəyik. Müvafiq qurum da onun barəsində tədbir görəcək”.

P.S. Əgər bu ağır və fəlakətli kasıb bir ailənin övladı törətmiş olsaydı, Azərbaycan polisi heç bir zaman bu qədər “humanizm” nümayiş etdirməzdi. Ölkədə iki körpəni yetim və anasız qoyan birisinin kim olduğunu bildiyi halda, bu cinayətkarı “ev dustağı” elan ediblər. Bu məsələdə prokurorluq da, polis də, məhkəmə də həmrəylik nümayiş etdirirlər. Belə çıxır ki, zəngin ailələrinin övladları istədikləri kimi  cinayət törətmək səlahiyyəti qazanıblar. Polis müstəntiqi hətta utanıb-çəkinmədən bildirir ki, istintaq işi gedir. Bəh-bəh.... Bütün məmləkət bilir ki, bu azğın cinayəkar bir ailənin yuvasını məhv edib və o da heç nə olmamış kimi “ev dustağı” edilib.
 

BakuPost

 

09:27