2 nəfər bir ay işləsin ki..: 4 nəfər bir gün bayram etsin

 

Novruz bayramına sayılı günlər qalıb.Bayram insanlara, xüsusən, uşaqlara sevinc gətirsə də, böyükləri bu sevincli günlərin həm də maddi tərəfi narahat edir.İndiki ağır iqtisadi şərtlər daxilində bayramı uşaqların istədiyi kimi qeyd etmək heç də hamıya nəsib olmayacaq. Bundan əvvəl keçirilən yeni il, 8 mart kimi bayramlarda eşidilən gileylər Novruz bayramında da eyni problemlərin, həm də bir az daha çox özünü göstərəcəyini söyləməyə əsas verir. Bazarlarda aparılan müşahidələr, insanlarla söhbət bayram hazırlıqlarının heç də yüksək təmtəraqla aparılmadığını göstərir.

Səbəb birdir- maddi imkansızlıq.Qiymətlərin təkcə bayram ərəfəsində yox, ümumilikdə artması bir çox ailələri bayram bazarlığından uzaq salıb. Novruzun özünəməxsus adət-ənənlərinin olduğunu, xüsusi bayram şirniyyatlarının bişirilməsini də nəzərə alsaq, bu bayram bir az daha bahalı sayılacaq. İndilik isə görünən odur ki, bir çox evlərdə bayram şirniyyatlarnıdan artıq imtina edilib.

Şirniyyat sexləri yol gözləyir, gələn yoxdur

Uzun illər şirniyyat sexində işləmiş Aida Cəfərova “Cümhuriyət”ə bildirib ki, əvvəlki illərlə müqayisədə bayram şirniyyatları üçün sifariş 70 faiz azalıb: “Hətta ən yaxşı müştərilərimiz də azalıb. Biz 2 qayda ilə xidmət göstərirdik.Ya ərzaqları verirdilər, sadəcə, bişirilməsi üçün zəhmət haqqımızı alırdıq, ya da ümumilikdə bütün ərzaqları özümüz alıb, bişirib, verirdik.Birinci ikincidən nisbətən daha ucuz çıxırdı, ancaq o qaydanı yaxınlarla, tanışlarla edirdik.İndi də maraqlananlar var, siyahını verən kimi hamı qorxuya düşür.Qoz, fındıq, kərə yağı bahadır, ötən ildən bəri qoz-fındıq ləpəsi 5 manata yaxın bahalaşıb. Yağdan heç danışmayaq. 8 manata aldığımız yağ indi 13 manat 50 qəpikdir. Bayram şirniyyatının da dadlı, gözəl çıxması üçün mütləq keyfiyyətli ərzaqlar istifadə edilməlidir.Yoxsa elə hamı mağazadan alar. İndi isə nə mağazadan alan var, nə də burda bişirtdirən”.
 

Süfrələr də, papaqlar da şirniyyatsız qalacaq

 

Həmsöhbətimiz deyir ki, bütün ərzaqların veriləcəyi təqdirdə şirniyyat bişirtdirmək daha ucuz başa gəlir, ancaq bunun da müştərisi azalıb:“Məsələn, əgər paxlava sifariş olunursa, bütün “list” götürülməlidir. Tava 2 kiloqrama yaxın tutur.Yarısını sifariş versələr, qalan yarısını kimə satacağıq?Kiçik tavalarda bişirmək üçün soba yandırmaq da sexin sahibinə sərf etmir. Qaz bahalaşıb.Paxlavanın bir kiloqramı 18 manata çıxır, 2 kilqoram olanda 36 manat verilməlidir.Təkcə paxlava deyil ki?Şorqoğalı, şəkərbura var. Şəkərburanın birini ərzaqları özümüz aldığımız zaman 50 qəpiyə satırıq. Maya dəyərinin üstünə bir az da sex sahibi qoyur, o qiymətə satılır. Onu da almağa hamının imkanı olmur.Az bişirmək də bayaq dediyim kimi sex sahibinə sərf eləmir. Ucuz bişirən yerlər də var, amma onların istifadə etdikləri əsl kərə yağı olmur”. Belə görünür ki, şirniyyatlaırn hərəsindən bir az almaq daha sərfəlidir. Ancaq bu zaman keyfiyyətə əmin olmaq mümükn olmur.Eyni zamanda qiymətlər kifayət qədər bahadır.Şorqoğalının ədədini mağazadan asılı olaraq 50-60 qəpik, şəkərbura 60-80 qəpik, paxlavanın kiloqramı 18 manatdan başalayaraq satılır. Görünən odur ki, bu il süfrələr də, papaqlar da şirniyyatsız qalacaq.

 

Bu da ciblərimizi soyan qiymətlər...

 

Üstəlik, bayram süfrəsi ancaq bu şirniyyatlardan ibarət olmur.Bayram bazarlığı üçün lazım olan vəsaiti hesablayanda orta aylıq əmək haqqına bərabər bir məbləğ alınır.Üstəlik, qiymətlərin getdikcə artması və ölkəmizdə bayram ərəfəsi qiymət artımının artıq qanunauyğunluq halını alması bu rəqəmin daha da şişməsinə səbəb olacaq. Qiymətlərə ümumi nəzərə salaq: Yağ-(istehsal ölkəsindən asılı olaraq)- 6-15 manat. Ancaq daha ucuz yağ da tapmaq mümkündür, sadəcə həmin yağın doğrudan da yağ olduğuna nə satıcılar, nə də alıcılar inanır. Xüsusilə, palma yağlarının kərə yağı adı altında satıldığı ölkəmizdə yağ alarkən xüsusilə ehtiyatlı olmaq tələb olunur. Əgər əvvəllər əminlik üçün nehrə yağı almaq mümkün idisə, indi qiymət 12 manatdır.Ancaq alıcılar narazıdır.Dediklərinə görə yağın əsl nehrə yağı olduğuna inanmırlar, üstəlik, tərkibində ayran qarışığı daha çox oldur.

Düyü-3,6- 8 manat. Yenə də səbəb istehsalçı ölkə və keyfiyyətdir.Pakistan və Çin düyülərini kiloqramı 4 manata yaxın qiymətlə almaq mümkündür.Ancaq onların plastik olması barədə yayılan informasiyalar alıcıları maksimum ehtiyatlı davranmağa vadar edir.Bazarda İrandan gətirilən düyülər də var və təbiiliyinə satıcıların zəmanət verdiyi bu düyülərin kiloqramı 7-8 manat arasında dəyişir.Rusiya istehsalı olan və əsasən Dağıstandan gətirilən düyülər isə kilqoramı 4 manatdan başlayan qiymətlərlə təklif olunur.

Ət- son zamanlar bazarda ən çox qiymət artımına məruz qalan ərzaqdır.Qoyun ətinin qiyməti satış nöqtəsindən asılı olaraq 12-15 manat arasında dəyişir. Mal ətində qiymət bir ay əvvəl 9,5 -10 manat idisə, indi marketlər ən azı 13 manatdan təklif edir. Qəssablarda qiymət nisbətən daha ucuzdur.10-11 manat arasında dəyişir.Ancaq heç də bütün qəssablar ətin keyfiyyətinə zəmanət vermir.Xüsusilə, dişi heyvan ətinin satışı hallarına daha çox rast gəlinir ki, bu da ətin dadında özünü göstərir.

Toyuq əti- kilqoramını artıq 3,80 qəpikdən aşağı almaq mümkün deyil. Əgər döş əti istəyirsinizsə, kilosu artıq 7 manatdır. Toyuq qanadının kilosu 4,5 manatdan satılır. Kənd toyuqu əsaəsn ədədlə satılır və 7 manatdan başlayır.Kənd toyuğu adı altında satılan broyler toyuqlarında isə qiymət 5 manatdan başlayır.

Qabıqlı qoz və fındıq - kiloqramı 6-8 manatdır.Təbii ki, keyfiyyətindən asılı olaraq qiymət dəyişir.

Şabalıd- ən azı 8 manatdan satılır.Nisbətən daha aşağı qiymətə satılan şabalıd Gürcüstandan gətirilir və həm dadında, həm də qabıqdan soyulmasında fərq var. Təbii ki, bayram süfrəsi bunlarla tamamlanmır.

Plovda istifadə olunan qaysı 8-10 manat, alça qurusu 7-9 manat, albuxara 7 manat arasında dəyişən qiymətlərlə satılır.Meyvə-tərəvəz də ucuz deyil.Qış fəsli olduğuna görə xiyar-pomidor xeyli bahadır. Xiyar azı 3 manat, pomidor istehsal ölkədən asılı olaraq 2,2-5 manata təklif olunur. Bayram xonçasının bəzəyi olan yumurtanın qiymətində azalma olsa da, indi bu qiymət 16 qəpikdir.

 

2 nəfər bir ay işləsin ki, 4 nəfər bayram etsin...
 

Nisbətən daha ucuz bayram bazarlığı etmək istəyənlər yarmarkalara ümid bəsləyə bilərlər.Ancaq qiymətdə olan nisbi azalma keyfiyyətdə də özünü göstərir.Ancaq alıcılar “İndi keyfiyyət yox, qiymət düşünürük” deyib yarmarkalara üz tutacaqlar.Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində satış yarmarkaları təşkil edəcək.Yarmarkalar 16-19 mart tarixlərində fasiləsiz olaraq 4 gün müddətində keçiriləcək.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

Bakı şəhəri üzrə:

Xətai rayonu:

-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

-Keşlə bazarının ərazisi;

Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt

şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

 

Nazirlikdən verilən məlumata görə yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Nazirlik qiymətlərn yarmarkalarda bazarlara nisbətən 20-30 faiz ucuz olacağının vədini verir.Ancaq vəd özünü doğruldacaqmı?Bunu demək çətindir.İndilik ancaq onu demək olar ki, 4 nəfərlik ailənin bayram süfrəsi üçün azı 2 nəfərin minimum əmək haqqı xərclənməlidir. Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib...

Sevil Ağazadə

Cebhe.info

 

10:43