1941-1945-ci illər müharibəsində iştirak edən azərbaycanlıların xatirəsi Belarusda əbədiləşdirilir

1941-1945-ci illər müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Belarusda hazırlıq tədbirləri keçirilir.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar iyunun 22-də Brest Qalası Muzey Kompleksində Belarus Prezidenti Aleksandr Lukaşenko, hökumət rəsmiləri, diplomatik korpusun rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük anım mərasiminin keçirilməsi nəzərdə tutulur. MDB-yə üzv ölkələrin səfirləri də tədbirdə iştirak edəcəklər. Eyni zamanda, Brest şəhərində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin iştirakı ilə MDB İcraiyyə Komitəsinin daimi nümayəndələrinin səyyar iclası təşkil olunub.

Bu tarix 650 min nəfəri cəbhəyə yollayan, 320 min oğul və qızını itirən Azərbaycan xalqı üçün də son dərəcə kədərli gündür. Səfirlik 2017-ci ildən etibarən yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşlərdə hər zaman Brest Qalası muzeyində azərbaycanlı qəhrəmanların adlarının əbədiləşdirilməsi üçün məsələ qaldırıb və muzeylə birlikdə araşdırmalar apararaq sözügedən qalanın müdafiəsində 90-a yaxın azərbaycanlının döyüşdüyünü müəyyən edib. Döyüşlər zamanı Brest qalasının arxivinin tamamilə məhv olması səbəbindən burada yalnız bir azərbaycanlının - Axverdiyev Xəlilin adı xatirə lövhəsində yazılıb.

İkinci Dünya müharibəsində Belarusun azad olunması uğrunda döyüşmüş azərbaycanlı qəhrəmanların xatirəsini Brest Qalası Muzeyində əbədiləşdirmək məqsədilə səfir Lətif Qəndilov parlamentin yuxarı Palatasının sədri Natalya Kaçanova ilə keçirdiyi görüşdə bu məsələni bir daha müzakirə edib. Görüşdən sonra Azərbaycan qəhrəmanları ilə bağlı bir neçə məsələ qısa zamanda həllini tapıb.

Səfirlik Brest Qalasının müdafiəsi uğrunda döyüşmüş 3 qəhrəmanımız - Daniyal Abdullayev, Nəsir İsgəndərov və Ağamirzə Nəzərov barədə son detalları araşdıraraq muzeyə təqdim edib, nəticədə Nəsir İsgəndərovun şəkli muzeyin 8-ci zalında asılması təmin edilib. Digər qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün səfirlik, cümlədən səfirliyin hərbi attaşelik aparatı tərəfindən işlər davam etdirilir.

Qeyd edək ki, Nəsir İsgəndərov 1939-cu ilin dekabr ayından 1942-ci ilin sentyabr ayınadək 445-ci korpusun artilleriya alayında “baş əsgər” rütbəsində hərbi xidmət keçmiş, 1941-ci ilin iyun ayında Brest Qalasının müdafiəsi uğrunda döyüşmüşdür. 1942-ci ilin sentyabr ayında yaralandığına görə hərbi xidmətdən tərxis olunub. “1-ci dərəcəli Vətən müharibəsi” ordeni, döş nişanı və “İgidliyə görə” medalı ilə təltif edilib.

Parlamentin yuxarı palatasının sədri Natalya Kaçanova ilə görüşdən sonra həllini tapmış digər bir məsələ Minsk şəhərində Rəfiyev və Qolubev küçələrinin kəsişməsindəki böyük bir parkın girişində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünün qoyulmasına Belarus hökuməti tərəfindən rəsmi razılığın verilməsidir. Yaxın zamanlarda bu ərazidə büstün qoyulacağına dair xatirə lövhəsinin yerləşdirilməsi planlaşdırılır. Bu abidə yalnız N.Rəfiyevə deyil, Belarusun azad olunmasında iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 14 azərbaycanlının xatirəsinə həsr olunacaq.

Emil Hüseynli

Xudaferin.eu


 

12:46