1787-1799-cu illər Fransası: “Sizlər Kral üçün deyil, başqa Ktalın əsarətinə keçməmək üçün döyüşürsünüz”

 

1787-1799-cu illərdə Fransanı böyük bir inqilab dalğası bürüdü. Inqilab 1789-cu ildə özünün ən yüksək zirvəsinə çatdı. Buna görə də çox zaman 1789-cu il inqilabı adlanır.

Fransa inqilabının səbəblərinin çoxu 18-ci əsrdə Qərbdə baş verən digər inqilablarla oxşarlıq təşkil edir. Fransa inqilabı ən çox qan tökülən və ən çox şiddətin olduğu inqilab kimi qiymətləndirilir.

Bunun əsas səbəblərdən biri Qərbin sosial strukturu idi. Feodalizm getdikcə zəifləyirdi və hətta Avropanın bəzi hissələrində yox olurdu. Manufaktura sahibləri və varlı tacirlərin sayı getdikcə artırdı. Torpaq sahibi olan kəndlilərin həyat şəraiti yaxşılaşmışdı və artıq təhsil əldə edə bilirdilər. Ona görə də feodalizmin qalıqlarından tamamilə qurtulmaq istəyirdilər. Bundan başqa həyat şəraitinin yaxşılaşması ölüm faizini aşağı salmışdı və əhali sürətlə artırdı. 1789-cu ildə Fransa Avropada 26 milyonluq ən çox əhali yaşayan ölkə idi. Əhali artımı ərzaq tələbatını artırmışdı. Brazilyada yeni qızıl mədənlərinin kəşfi 1730-cu ildən başlayaraq Avropada iqtisadi artıma təkan verdi. Lakin 1770-ci ildən bu iqtisadi durğunluq, hətta böhran vəziyyəti ilə əvəz olundu. Yerli üsyanların artmağına səbəb oldu. Və artıq sosial islahatların keçirilməsi ilə bağlı fikirlər səslənməyə başladı. Hətta krala ehtiyacın olub-olmaması müzakirə olunurdu. Sosial reformların tərəfdarları olan intellektuallar, özəliklə də Dekart, Spinoza, Lok, Mönteskyö, Volter, Russo kimi şəxsiyyətlərdən nümunə götürmüşdülər. Bu maariflənmə təhislli sinif arasında tez bir zamanda yayıldı.

Bu dövrdə Fransanın başı iki hərbi əməliyyata qarışmışdı. Ölkə borc altında idi. Fransa kralı kasıb görünməsə də, fransız xalqı kasıb idi. Amerika inqilabında Fransa Amerikanı dəstəkləmişdi və hərbi yardım etmişdi. Səbəbi isə əsas rəqibi olan İngiltərəni zəiflətmək idi. Bundan başqa 7 illik müharibə də Fransanı zəiflətmişdi. Əhali arasında aclıq hökm sürürdü. Buna görə də insanların çoxu hökumətdən narazı idilər. Bunun üzərinə kral və zadəganların zəngin həyat tərzi onların narazılığını daha da artırırdı. Krallara və din adamlarına ehtiyacın olmaması ilə bağlı fikirlər amerikan inqilabından sonra sürətlə yayılmağa başladı. Lakin Fransanı inqilaba aparan ən əsas faktor yoxsulluq və aclıq idi. Versalda ölkənin bütün sayğın və hakim çevrələri aclıq problemini həll etmək üçün bir araya gələrək iclas keçirirdilər. Iclasdakı təmsilçilər 3 qrupa bölünürdü:

1. Ruhani sinfi

2. Zadəgan sinfi

3. Və geriyə qalan hər kəslər
 

Bunlardan birinci və ikinci sinif əhalinin 0,5% və 1,5%-ni təşkil edirdi. Üçüncü qrup isə 98% təşkil edirdi. Üçüncü təbəqə əhalinin çoxunu təşkil etməsinə baxmayaraq digər iki qrupdan daha az siyasi gücə sahib idi. Bu təbəqə qalan iki sinif üçün işləyən, vergi ödəyən və hətta müharibələrdə ölən insanlardan ibarət idi. Bu səbəbdən də narazı idilər. Nüfuzun 98%-ni təşkil etmələrinə baxmayaraq ruhani və zadəganlarla eyni səs hüququna malik idilər. Bu təbəqə ayrıca toplanaraq Fransız Məclisi elan etdi. Çünki məhz özlərinin fransız xalqını təmsil etdiyini düşünürdülər. Bu görüşlər kral XVI Luisi narahat edirdi və bunu öz gücü üçün təhlükə sayırdı. Buna görə də həmin təbəqənin  adından çıxış edən təmsilçilərin görüşlərinin keçirilməsini əngəllədi və hətta görüşün keçirildiyi otağa girişi qadağan etdi. Bundan sonra onlar tennis zalında görüşməyə başladılar. Fransa üçün Ana Yasa fikrini ortaya qoydular. Artan aclıqdan narahat olan kral gücünü xalqa verirmiş kimi göstərmək üçün iclasların keçirilməyinə icazə verdi. Lakin bununla belə Parisə əsgərlər gəlməyə başlamışdı və əksəriyyəti fransız deyildi. Muzdlu əsgərlər hər hansı üsyanı yatırmaq üçün kral tərəfindən göndərilmişdi. Bu dövrdə ruhani və zadəganların bir qismi də fransız məclisini dəstəkləyirdi. Paris xalqı kralın onları susdurmaq istədiyini başa düşmüşdü və bundan narahat idilər. Silahlanmaq lazım idi. Buna görə də Bastiliya Qalasına üz tutdular. Bastiliya siyasi məhbusların saxlandığı yer idi və buradan silah əldə edə bilərdilər. Onlar yalnızca 7 məhbusu azad edə bildilər. Bastiliya canişini əvvəlcə əsgərlərin gəlməyinə icazə verdi. Sonra isə atəşkəsə nail olmağa çalışdı. Çünki qarşıdurma zamanı çox adam öldü. Bununla yanaşı  inqilabçıların əlinə keçən canişin öldürüldü. Bastiliya hadisəsi inqilab üçün önəmli sayılır və bu gün də 14 iyul Fransada “Bastiliya Günü” kimi qeyd olunur. Millət Məclisi 1789-cu ilin avqustunda “İnsan və Vətəndaş Haqları Bəyannaməsi”ni imzaladılar. Bu bəyannamə Amerika İstiqlaliyyət bəyannaməsinin əsasında hazırlanmışdı və hər şeyi 3 fəlsəfi suala görə təhlil edirdi: azadlıq, yaşam və xoşbəxlik axtarışı nədir?

XVI Luis istəksiz şəkildə də olsa Milli Məclisə qarışmayacağını bildirmişdi. 1789-cu ilin sonunda Fransa xaos içindəydi. Məclis bir neçə il içində konstitusiyalı monarxiyaya keçmək istəyirdi. Bu sırada kraliçanın taxıl saxladığı barədə xəbərlər yayıldı. Qadınlar silahlanaraq Versala yürüyüş təşkil etdilər və kralın ailəsiylə birlikdə Parisə köçməsini bir tələb kimi irəli sürdülər. Sonucda buna nail oldular. 1790-cı ilin əvəllərində kral və arvadı ev həbsinə məhkum edildi. Bu sırada Millət Məclisi Ana Yasanın hazırlanması ilə məşğul idi. Əsilzadələr ölkəni tərk edirdilər. Inqilaba qarşı çıxışlar da var idi. Amma bunlar tez bir zamanda yatırılırdı. 1791-ci ildə kral və kraliça Parisdən qaçmağa çalışsalar da, onlar ölkə sərhəddində tutuldular. Əhalinin çoxu kral və kraliçanı sevmirdi və krallığın ləğvini istəyirdi. Ən radikalları isə yakobinçilər adlanırdı. Millət Məclisinin hazırlayacağı Ana Yasanın krala güc verə biləcəyindən narahat idilər və Respublika quruluşu istəyirdilər. Yakobinçilər “krala ehtiyacımız yox” adı altında imza toplamağa başladılar. Onların bu kampaniyasına əsgər birlikləri müdaxilə etdi. Bu birliklər artıq üçüncü təbəqənin əlində idi. Əsgərlərin atəş açması nəticəsində 50 nəfər öldü. Bu hadisə tarixdə “Champ da Mars” qətliamı kimi qaldı.

1791-ci il avqustda Avstriya kralı Leopold və Prussiya kralı Fredrix Pilnitz bəyannaməsi adı altında öz mövqelərini ortaya qoydular. Bəyannamə Fransada kralın yenidən hakimiyyətə gətirilməsi ilə bağlı idi və bu addımlar fransız xalqının narahatlığına səbəb oldu.

1791-ci ildə Millət Məclisi Ana Yasa qanununu qəbul etdi. Ana Yasaya görə Fransa konstitusiyalı monarxiya ilə idarə olunmalı idi. Qanunverici səlahiyyət Millət Məclisinin əlinə keçirdi. Kralın yalnız veto qoymaq hüququ vardı. Lakin əhalinin bir qismi, yəni yakobinçilər kralın tamamilə ləğv edilməsindən və Respublika elan edilməsindən yana idi.

1792-ci ilin aprelində Avstriyaya müharibə elan olundu. Müharibə fikri kral tərəfindən də müsbət qarşılandı. Müharibədə qalib gələrsə Fransa Avstriya işğalı hesabına büdcəsini artıra bilər və iqtisadi vəziyyəti yaxşılaşa bilərdi. Inqilabçılar isə inqilabı bütün Avropaya yaymaq istəyirdilər. Yaranmış durumdan yararlanaraq Prussiya da Avstriya tərəfdən müharibəyə qoşuldu. Ilk öncə inqilabçılar da, kral da müharibə fikrini dəstəkləmişdilər. Lakin Prussiyanın müharibəyə qoşulması və kral hakimiyyətini bərpa etməklə bağlı bəyanatı inqilabçılar arasında qorxuları artırdı. Onlar kralın Prussiya ilə gizli ittifaqda olduğunu düşünürdülər.

1792-ci ildə yakobinçilər kralı və arvadını həbs etdilər. Hökumət onların əlinə keçdi və beləliklə də ölkədə Respublika dövlət quruluşunu elan etdilər. Bu dövrdə Parisdə bəzi qruplar meydana gəlmişdi. Qısa dövrdə 1400-dən çox insanın ölümünə səbəb oldular. 1793-cü ildə kral gilyotinlə edam olundu. Elə həmin il Fransa İngiltərə və Hollandiyaya müharibə elan etdi. Bəs necə olurdu ki, təkbaşına Fransa bu dövlətlər qarşısında özünü qoruya bilirdi? Bunun səbəbi hərbi səfərbərlik elan olunması idi. Bunun nəticəsi idi ki, bir neçə il içində əsgər sayı 1 milyonu keçdi və Avropanın ən böyük ordusuna sahib oldular. Digər krallar əsgərlərə döyüşmək üçün pul ödəyirdi. Fransa hökuməti isə “siz kral üçün döyüşmürsünüz, başqa kralın əsarəti altına keçməmək üçün, yəni özünüz üçün döyüşürsünüz” deyirdi. Bütün bunlara baxmayraq dəyişməyən bir şey var idi, o da əhalinin ac olması idi. Sosial vəziyyət acınacaqlı idi. 1792-ci ildə Millət Məclisi sosial təhlükəsizlik komitəsini qurdu. Bu komitə Maksimilian Ropespierin idarəsi altında idi. Ropespier inqilaba təhlükə yarada biləcək hər kəsi gilyotinə göndərirdi. Bir neçə il içində 16000 insan gilyotinlə əsaslı sübutlar olmadan edam olundu. Ümumən bu illər içində 40000 insanın öldüyü təxmin edilir.

Xalq Ropespierdən narazı idi. 1794-cü il iyulda Termidor üsyanı oldu. Üsyandan sonra inqilabçı hökumət yeni təqvim hazırladı və iyun ayına termidor adı verildi. Gündəki saatları dəyişdirdilər. Gündəlik 10 saat vardı, hər saat 100 dəqiqədən və hər dəqiqə 100 saniyədən ibarət idi. Ayda 10 günlük 3 həftə vardı. Nəhayət 1794-cu ildə Ropespier də öldürüldü. 1795-ci ilin aprelində Prussiya ilə sülh bağlandı. Avstriya və İngiltərə ilə müharibə davam edirdi. Avqust ayında yeni Ana Yasa xalq səsverməsindən keçdi və təsdiq olundu. Beləliklə də Fransada rəsmi olaraq Respublikanın elanı idi. Ingiltərə ilə hələ də problem vardı. İngiltərə Fransanın qərb torpaqlarına hücum edirdi. 1795-ci il oktyabrında kral tərəfdarları üsyan qaldırdı. Məqsədləri kralı geri gətirmək idi. Bu üsyan topçu komandan Napoleon Bonapart tərəfindən yatırıldı. Bu hadisə onun qəhrəmana çevrilməsinə və xalq arasında nüfuzunun artmasına səbəb oldu

İlahə İbrahimova
ACSİS-in əməkdaşı

 

14:14