10 minlərlə nümayişçi baş nazirin istefasını tələb etdi

10 minlərlə etirazçı Malayziyanın paytaxtı Kuala Lumpurun küçələrinə çıxaraq, böyük maliyyə skandalında adı hallanan baş nazir Nacib Razakın istefasını tələb edib. Yürüşlərə bir neçə saat qalmış müxalifət liderlərinin həbs olunmasına və polisin yolu bağlamasına baxmayaraq, aktivistlər mitinqi keçirməyə nail olub. Mitinq iştirakçıları “Demokratiyanı xilas edək” və başqa şüarlar qışqıraraq, baraban və vuvuzelaların müşayəti ilə şəhər boyu yürüş edib. Polis mitinqi qeyri-qanuni elan edib. Hökumətin mətbuat orqanlarının dediyinə görə, 7 mindən çox polis mitinqə nəzarət edib. Hazırda Peruda keçirilən Asiya-Sakit okean iqtisadi tərəfdaşlıq sammitində olan baş nazir Nacib Razak “1Malaysia Development Berhad (1MDB)” adlı Malayziya hökumət fondundan yoxa çıxan pullarla bağlı böyük maliyyə skandalına görə tənqidlərə məruz qalır.

Qeyd edək ki, Malayziyanın sürətli iqtisadi inkişafı ilə yanaşı, son illərdə rüşvətxorluq və korrupsiya halları daha da artıb. Beləliklə bir yandan əhddən artıq zənginləşən təbəqələr yaranıb və daha da yoxsul həyat tərzi keçirən əhalinin durumunun ağırlaşması ölkədə böyük narazılıqlara səbəb olub.

Xudaferin.eu

  

11:05